Məhkəmə qərarları › İş №2(001)-1930/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1930/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1930/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.149,94 manat məbləğində kredit borcunun və ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 760-SM/21 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə iddiaçıya 4.149.94 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq, o, buna məhəl qoymamış, iddiaçı qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. Tərəflər arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 760-SM/21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 42 %-lə hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verənə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Məhkəmə iclasında iştirak eədn iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, ekspert rəyinə etiraz etmir, cavabdehdən yalzın əsas borcun ödənilməsini tələb edirlər. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları müqavilədə razılaşdırılmış qiymətdən də yüksək dəyərdə hərracda satılmış və satışdan əldə edilmiş pul borcun ödənilməsinə yönəldilmişdir. Cavabdehə hərracla bağlı məlumat verilmiş, o, hərracın nəticələrini mübahisələndirməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, ekspert rəy ilə razı deyil. Onun iddiaçıya göstərilən məbləğdə borcu yoxdur. Belə ki, iddiaçı onun girov qoyduğu qızılları çox ucuz qiymətə satmış və borca yönəltmişdir. Halbuki həmin qızılların dəyəri satıldığı qiymətdən qat-qat artıq idi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 760/SM-21 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, MMC sonuncuya illik 42% hesablanmaqla 24 ay müddətinə 18.100,0 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 69815 nömrəli girov müqaviləsindən görünür ki, bu müqavilə əsasında girov qoyulan 13 adda qızıl-zinət əşyaları 10 avqust 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış 760/SM/21 nömrəli kredit müqaviləsinə əsasən MMC-nin borcalana verdiyi 18.100,00 manat məbləğində kreditin 10 avqust 2023-cü il tarixədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Müqavilənin 1.2-ci bəndinə əsasən girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 10.622,00 manat məbləğində qiymətləndirilməsi razılaşdırılmışdır; 10 avqust 2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 760/SM-21 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün 300 manat məbləğində ödəniş edilmişdir; 07 oktyabr 2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 760/SM-21 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün 4.470 manat məbləğində ödəniş edilmişdir; 14 oktyabr 2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 760/SM-21 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün 300 manat məbləğində ödəniş edilmişdir; 17 dekabr 2021-ci il tarixli mədaxil orderlərinin surətlərindən görünür ki, 760/SM-21 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcun tam ödənilməsi üçün (hərrac) 11.166 manat məbləğində ödəniş edilmişdir; “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 fevral 2022-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, cavabdehin 10 avqust 2021-ci il tarixli, 760/SM-21 saylı müqavilə üzrə 4.149,94 manat əsas borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2022-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlara əsasən Cavabdeh ilə “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 760/SM-21 saylı kredit müqaviləsi üzrə borcalanın 07 fevral 2022-ci il tarixə banka ödənilməli olan əsas borcu 4.182,25 manat, faiz borcu isə 243,96 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 08 fevral 2022-ci il tarixli saylı ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 62 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 760/SM-21 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya illik 42% hesablanmaqla 24 ay müddətinə 18.100,0 manat məbləğində kredit verilmiş, həmçinin tərəflər arasında həmin tarixdə girov müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus 13 adda qızıl-zinət əşyalarını kreditin təminatı qismində girov qoymuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuş, nəticədə borc girov predmetinə yönəldilmiş, qızıl-zinət əşyaları müqavilədə razılaşdırılmış qiymətdən yüksək qiymətə hərrac vasitəsilə satılmış və satışdan əldə edilən məbləğ borcun ödənilməsinə yönəldilsə də, borcun tam ödənilməsi mümkün olmamışdır. Hazırda iddiaçı, cavabdehdən 4.149,94 manat əsas borc tələb edir, cavabdeh isə iddianı qəbul etmir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatında isə müəyyən edilmişdir ki, cavabdehin hazırda MMC-yə əsas borcu 4.182,25 manat, faiz borcu isə 243,96 manatdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, 10 avqust 2021-ci il tarixli, 760/SM-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4.149,94 manat məbləğində əsas borc iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 50 manat məbləğində vəsait cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. 10 avqust 2021-ci il tarixli, 760/SM-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4.149,94 (dörd min bir yüz qırx doqquz manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc və 62 (altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar