Məhkəmə qərarları › İş №2(001)-194/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-194/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-194/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin müvafiq olaraq əri və atalan olmuş X5 16 oktyabr 2020-ci il tarixdə 80000 manat məbləğində borca pul vermişdir. Bununla əlaqədar onlar arasında 16 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mərhum Rövşən Səfərov borca verdiyi pulu 16 yanvar 2021 ci il tarixədək qaytarmalı idi. Lakin mərhum Rövşən Səfərov 31 oktyabr 2020ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehlərin yas evi olduqlarından bu borcun qaytarılması məsələsinə bir müddət ara vermişdir. Ancaq gördü ki, X1 həyat yoldaşları və övladları arasında mal-mülklə bağlı mübahisə və məhkəmə çəkişmələri var. İddiaçı notariat kontoruna müraciət etsə də və 9 saylı Notariat kontoru iddiaçının vəkilinə vərəsəlik işinin surətini təqdim etsə də vərəsəlik şəhadətnaməsinin mövcud mübahisələrə görə hələ verilmədiyini bildirmişdir. Ancaq mərhumun üç vərəsəsinin, yəni hazırkı iddia üzrə cavabdehlərin miras əmlakı qəbul edərək qanun üzrə vərəsələr olduqları müəyyən edilmişdir. İddiaçı tərəfındən mərhum Rövşən Səfərovun adına daşınmaz əmlakların olması: ünvan 1 və Balakən rayonu, Katex kəndində 0,12 ha torpaq sahəsi müəyyən edilmişdir. Qanunla da mirasın aktivini qəbul edən vərəsə miras qoyanın borc və öhdəliklərinə görə də qəbul olunmuş miras həddində məsuliyyət və cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlər Cavabdeh2n, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 80000 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 330 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət etmiş və göstərmişdir ki, tələb edilən borcun Cavabdeh1 və Cavabdeh3 düşən hissədə - 54000 manat hissəsində ödənilmiş, ona görə də onlar cavabdehlər sırasından çıxarılmalı və 80000 manat məbləğində borcun ödənilməyən hissəsi olan 26000 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizənin məzmununa uyğun izahat vermiş və tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 izahatında məhkəməyə bildirdi ki, iddiaçı Cavabdeh1 münasibətdə iddiasından imtina etdiyindən, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə X6 arasında bağlanmış və müqaviləyə əsasən, İddiaçı X5 80000 manat məbləğində pul borc vermiş, sonuncu isə həmin məbləği xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan (məhkəmənin sorğusuna əsasən daxil olmuş) X4 miras əmlakına dair xx.xx.2023-cü il tarixli, 2V/166 reyestr saylı vərəsəlik şəhadətnaməsi üzrə notariat işində olan sənədlərdən görünür ki: - X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir; - Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, əri X2 miras qalmış daşınar və daşınmaz əmlakları qəbul etmiş və göstərilən əmlaklara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir; - Cavabdeh3 (anası Cavabdeh1) xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, atası X2 miras qalmış daşınar və daşınmaz əmlakları qəbul etmiş və göstərilən əmlaklara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir; - X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, oğlu X2 miras qalmış əmlakların ona çatası hissəsindən Cavabdeh3 xeyrinə imtina etmişdir; - Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, atası X2 miras qalmış daşınar və daşınmaz əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir; - Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı Cavabdeh1 – ¼ pay, qızı Cavabdeh3 – 2/4 pay miras əmlakdan (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,3 kv.m. olan mənzil) irs almalıdır, miras əmlakın ¼ payı açıq saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hazırkı işin materiallarını nəzərə alaraq belə qənaətə gəlir, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 20000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, X6 xx.xx.2020-ci il tarixdə öldükdən sonra onun vərəsələri – arvadı Cavabdeh1 (özü və azyaşlı qızı Cavabdeh3 adından) və Cavabdeh2 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, mərhumun atası X9 isə ona düşən paydan Cavabdeh3 xeyrinə imtina etmişdir. Buna baxmayaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,3 kv.m. olan mənzilə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə əsasən Cavabdeh2 aid olması ehtimal edilən miras əmlakın ¼ payı açıq saxlanılmışdır. Halbuki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda aşağıdakılar qeyd olunur: “ ... Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. ... Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. ... Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunur və notariat qaydasında təsdiq edilir. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil edilir. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılır. ... Əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul edilir”. Göründüyü kimi, Cavabdeh2 tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilmiş və bundan sonra onun tərəfindən notariat ofisinə miras əmlaka dair hər hansı ərizə təqdim edilməmişdir. Belə olan halda payın formal olaraq açıq saxlanılması Cavabdeh2 qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrdən azad etmir. Belə ki, qanunvericilik öhdəliklərin yaranması üçün vərəsə tərəfindən şəhadətnamənin alınmasını deyil, mirası qəbul etməsini şərtləndirir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər sırasından çıxarıldıqlarından iddia tələbi yalnız 20000 manat hissəsində təmin edilməlidir. Belə ki, vərəsəlik işinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, borc alanın dörd vərəsəsi olmuş və vərəsələrdən biri cavabdehlər sırasından çıxarılmış digər vərəsənin xeyrinə payından imtina etmişdir. Belə olan halda Cavabdeh2 80000 manat məbləğində borcun payına mütənasib olaraq ¼ hissəsi tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 20000 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar