Məhkəmə qərarları › İş №2(001)-196/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-196/2022

07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-196/2022 07.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus ünvan 1 ünvanına vurduğu zərərin əvəzi olaraq 3.000 manat pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, cəmi 3.030 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Mehdiquluxan ev 1-də yaşayan cavabdeh X5 ilə qonşudur və evlərinin divarları bitişikdir. 2021-ci ilin yanvar ayının 5-də Cavabdeh özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mehdiquluxan ev 1-də təmir işlərinə başlamış və nəticədə onun evinin tavan hissəsi nəmlənmiş, divarda və tavanda çatlar əmələ gəlmiş, tavanda olan lepkalar yerindən qopmuş və divarda olan boya qatı soyulmuşdur. Evinə dəyən zərərlə bağlı cavabdehə məlumat vermiş və evində olan nöqsanları ona göstərmişdir. Nöqsanların aradan qaldırılması üçün usta gətirib təmir işlərinin aparılmasını cavabdehə təklif etmişdir. Nəticədə, cavabdeh nə usta gətirmişdir, nə də ki evinə vurduğu zərərin əvəzini qarşılamışdır. Nəticədə onun evinə təxminən 3.000 manat məbləğində zərər dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ünvan 1 ünvanında yerləşən ev atasından ona miras qalmışdır. O, atası rəhmətə getdikdən sonra mirası faktiki olaraq qəbul etmişdir. Ona verilmiş suala cavab olaraq isə bildirdi ki, o, ekspert rəyi ilə qismən razıdır, çünki rəydə dəymiş zərərin aradan qaldırılması üçün hesablanmış usta pulu az göstərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Tolstoy küçəsi, 2 saylı evinə təmirlə bağlı zərər vurulduğuna görə o, iddiaçı ilə danışıb məsələni aralarında həll etmək istəmiş, lakin iddiaçı ilə razılıq əldə edə bilməmişdir. O, iddiaçı tərəfindən tələb olunan məbləğdə ona ziyan vurmamışdır, bununla bağlı ekspertiza təyin edilərsə, vurulmuş zərərin məbləği düzgün müəyyən olunar. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Tolstoy küçəsi, 2 saylı evin sahibi X2r; 29 dekabr 1959-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X4, anası X1r; 03 iyun 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 may 1985-ci il tarixdə ölmüşdür; 24 may 1988-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 fevral 1988-ci il tarixdə ölmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2021-ci il tarixli, 10/5113 nömrəli rəyindən görünür ki, cavabdehin mənzilinin qapısı bağlı olduğundan mənzildə təmir işlərinin aparılb-aparılmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin, Bakı şəhəri, Binəqədi rayonu, Tolstoy küçəsi, 2 saylı mənzilə baxış keçirilən zaman mənzilin yaşayış otaqlarının (cavabdehin mənzilinə bitişik hissədə) divarlarına vurulmuş paduqaların yerindən qopması, divarların künc hissəsində çatların olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Tolstoy küçəsi, 2 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 836 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 05 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görününr ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Tolstoy küçəsi, 2 saylı ev iddiaçının atasına məxsus olmuş, atasının ölümündən sonra həmin ev vərəsə kimi iddiaçının sahibliyinə keçmişdir. Tərəflərin evləri bitişikdir və iddiaçının evinə cavabdeh tərəfindən zərər vurulmuşdur. İddiaçı evinə vurulmuş zərərin əvəzi kimi 3.000 manat tələb edir, cavabdeh isə məhkəmə iclasında zərərin vurulduğunu bildirsə də, həmin məbləğ ilə razılaşmamışdır. Ekspert rəyinə əsasən iddiaçıya məxsus evdə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 836 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçınən əmlakına maddi zərər vurulmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə verilmiş ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 836 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 8 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın 28 manatı cavabdehdən, 72 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 836 (səkkiz yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 28 (iyirmi səkkiz) manatı Cavabdeh, 72 (yetmiş iki) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar