Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1965/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X1, cavabdehin nümayəndəsi (atası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş 09 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(001)-4571/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi, 21 dekabr 2021-ci il təvəllüdlü X4 isə yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində, habelə, İlham adlı uşaq üç yaşına çatanadək cavabdehdən hər ay əlavə olaraq 500 manat alimentin, eləcə də, İlham adlı uşağın doğum xərclərinə ödədiyi 3000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 21 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 09 oktyabr 2020-ci il təvəllüdlü X6 və 21 dekabr 2021-ci il təvəllüdlü X7 adlı iki uşaqları vardır. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pisləşmiş, beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(001)-4571/2021 saylı qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan Əli adlı uşağın anasının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində, habelə, uşaq üç yaşa çatanadək əlavə olaraq 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə iclaslarının getdiyi müddətdə İddiaçı ikinci uşağa hamilə olmuş, aralarındakı nikah pozulduqdan sonra İlham adlı uşaqları doğulmuşdur. Hazırda cavabdeh həmin uşağa görə iddiaçıya aliment ödəmir. Həmçinin, 2022-ci il üzrə ölkə ərazisində uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 193 manat müəyyən edildiyindən, hər iki uşağa görə hər ay 193 manat aliment ödənilməlidir. İlham adlı uşağı dünyaya gətirərkən cavabdeh iddiaçıya heç bir maddi yardım göstərməmiş, iddiaçı 1100 manat doğum xərci çəkmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı ötən dövr ərzində, həmçinin boşanma ilə əlaqədar məhkəmə prosesləri zamanı hamilə olması barədə ona heç bir məlumat verməmiş və bu xəbəri gizli saxlamışdır. O, hazırki iddia ərizəsi ilə tanış olduqda 21 dekabr 2021-ci il təvəllüdlü uşağının olduğunu bilmişdir. Halbuki, bütün bunlar barədə məlumat almaq onun birbaşa mənəvi haqqı hesab olunur. İddiaçı onu bu haqdan məhrum etdiyi halda, aliment tələb etməyə heç bir mənəvi haqqı çatmır. Digər tərəfdən, iddiaçı İlham adlı uşaq üç yaşa çatanadək ondan hər ay əlavə olaraq 500 manat alimentin tutulmasını da tələb edir ki, bu tələb heç bir hüquqi əsasa söykənmir, ailə qanunvericiliyində belə bir məbləğdə aliment tələbi müəyyən edilməmişdir. İddianın xəstəxana xərclərinin ödənilməsinə münasibətdə isə bildirir ki, Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə onunla iddiaçı arasındakı nikah pozulmuşdur. Həmin tarixdən artıq İddiaçı onun arvadı hesab olunmur. Ona görə də, uşaq dünyaya gətirməklə bağlı ondan hər hansı pul tələb etmək hüququ yoxdur. İddia ərizəsinin məzmununda doğum xərcləri 1100 manat göstərilsə də, tələbdə 3000 manat göstərilməsinin də heç bir əsası yoxdur. Sonda Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddiaya etirazda göstərilənləri təsdiq edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(001)- 4571/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından olan 09 oktyabr 2020-ci il təvəllüdlü X6 adlı uşağın anası İddiaçı yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimetin və uşaq 3 yaşa çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 09 oktyabr 2020-ci il təvəllüdlü X6 və 21 dekabr 2021-ci il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında məhkəmə qaydasında nikah pozularkən İddiaçı ikinci uşağa hamilə olmuş, buna görə də, məhkəmə qətnaməsində yalnız birinci uşağa görə alimentin tutulması məsələsi həllini tapmış, 21 dekabr 2021-ci il tarixdə, yəni, tərəflər arasında nikah pozulduqdan sonra ikinci uşaq – X7 doğulmuşdur. Məhkəmə ilk öncə iddianın həmin uşağa görə alimentin tutulması hissəsinə münasibət bildirməyi uyğun hesab edir və qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə, həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Məhkəmə yetkinlik yaşına çatmayan İlham adlı uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, inkişafını və Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, İlham adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği hər ay 175 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 17 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı qorumaq məqsədi ilə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş 21 dekabr 2021-ci il təvəllüdlü İlham adlı uşaq 3 yaşına çatanadək cavabdehdən tutulmalı olan alimentin məbləği 100 manat müəyyən edilməlidir. Məhkəmə cavabdehin iddiaya etiraz ərizəsində göstərdiyi, 21 dekabr 2021-ci il təvəllüdlü İlham adlı uşağının doğulmasından yalnız bu iddia ərizəsini alarkən məlumatlı olması və bununla əlaqəli digər ifadələrə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində iştirak edən X8 izahatında qızının ikinci uşağa hamilə olduğunu bildirmiş, habelə, həmin iddia tələbində iddiaçı doğulacaq uşağına görə də aliment və doğum xərclərinin tutulmasını tələb etmiş, məhkəmə iddianı bu hissədə təmin etməmiş, keçirilmiş məhkəmə iclasında Cavabdeh şəxsən iştirak etmişdir. Buna görə də, məhkəmə iddiaya etirazda göstərilən, yuxarıda qeyd olunan ifadələrlə bağlı cavabdehin mövqeyinə tənqidi münasibət bəsləyərək hesab edir ki, onun bu əməli aliment öhdəliyindən boyun qaçırmaq niyyətlidir. Məhkəmə iddianın tərəflərin birgə nikahlarından olan 09 oktyabr 2020-ci il təvəllüdlü Əli adlı uşağın saxlanması üçün əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının artırılması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında 2022-ci il üzrə uşaqlar üçün nəzərdə tutulmuş minimum yaşayış həddi 193 manat müəyyən edilmiş və iddiaçı iddiasının bu hissəsini məhz yaşayış minimumu ilə əsaslandırmışdır. Məhkəmə Ailə Məcəlləsinin yuxarıda qeyd olunan 75.1-ci maddəsini xatırladaraq, qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(001)- 4571/2021 saylı qətnaməsi ilə uşağın saxlanması üçün alimentin miqdarı müəyyənləşdirilərkən tərəflərin birgə nikahlarından bir yetkinlik yaşına çatmamış uşaqları olmuş, həmin dövr üzrə yaşayış minimumum uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Hazırda isə tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları vardır, ikinci uşağın saxlanması üçün bu qətnamə ilə alimentin tutulması müəyyən edilmişdir. Həmçinin, əvvəlki qətnamənin çıxarıldığı tarixdən indiyədək cavabdehin maddi vəziyyətində müsbət mənada dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə Əli adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməməklə, iddia bu hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin doğum xərcinin tutulması hissəsini əsaslı hesab etmir. Belə ki, iddia ərizəsində doğum xərcləri üçün iddiaçının 1100 manat ödədiyi göstərilsə də, tələbdə bu məbləğ qeyri-müəyyən halda 3000 manat kimi qeyd edilmişdir. Bu ziddiyətli hal iddiaçı və ya onun nümayəndəsi tərəfindən aydınlaşdırılmamışdır. Digər tərəfdən, iddiaçı doğum üçün çəkilmiş xərclərlə bağlı bir sıra sənədlər məhkəməyə təqdim etsə də, məhkəmə qeyd edir ki, hazırki halda doğum üçün xərclərə cəlb edilməli cavabdeh gələcəkdə bu pul ondan tələb olunacaqsa, xərclərlə bağlı əvvəlcədən iddiaçı tərəfindən məlumatlandırılmalı, doğumun həyata keçiriləcəyi tibb müəssisəsi, eləcə də sonradan yaranacaq zəruri müalicə xərclərinin ödənilməsi ilə bağlı hər iki tərəfin fikri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı tərəfindən doğum xərcinin ödənilməsi ilə bağlı cavabdehə daha öncədən müraciət etməsi sübut olunmur, buna görə də, iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından olan 09 oktyabr 2020-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməməklə, iddia bu hissədə təmin edilməməli, 21 dekabr 2021-ci il təvəllüdlü İlham adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində, habelə, həmin uşaq 3 yaşa çatanadək cavabdehdən əlavə olaraq hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulmasını əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 3300 manat ( (175+100) x 12 ay) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 53 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 21 dekabr 2021-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment, habelə, uşaq 3 yaşa çatanadək əlavə olaraq hər ay 100 manat aliment tutularaq İddiaçı ödənilsin, alimentin tutulmasının əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın. İddia digər hissələrdə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1965/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1965/2022
07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver