Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-198/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehə qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehə qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı cavabdeh Egri Burhaneddinə xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən həmin dövrdə olan məzənnə dəyəri ilə 136000 manat, yəni 80000 ABŞ dolları məbləğində borc vermişdir. Müqaviləyə görə cavabdeh xx.xx.2018-ci il tarixədək borcu qaytarmalı idi. Lakin, borclu icranı gecikdirdiyinə görə Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-2896 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Egrı Burhaneddindən həmin dövrdə olan məzənnə dəyəri ilə 136000 manat (80000 ABŞ dolları) məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. X3 icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymur. Cavabdeh xx.xx.2018-ci il tarixli aidiyyəti orqanlara ünvanladığı ərizəsində müqavilədə qeyd olunan müddətdə ödəniş olmadığı halda göstərilən məbləğin 20%-ni hər ay ödəmək öhdəliyini öhdəsinə götürmüşdür. Beləliklə, cavabdehin həmin ərizəyə uyğun, xx.xx.2018-ci il tarixdən hesablanmaqla 40 ay x 1600 ABŞ dolları = 64000 ABŞ dolları borcu vardır. Digər tərəfdən əgər iddiaçı 80000 ABŞ dollarını banka illik 10% depozitə qoysaydı onun faydası xx.xx.2018-ci il tarixdən 80000 ABŞ dolları x 4=32000 ABŞ dolları təşkil edir. Ona görə də cavabdeh Egrı Burhaneddindən xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 80000 ABŞ dolları borcun, 64000 ABŞ dolları öhdəliyə görə pulun və 32000 ABŞ dolları əldən çıxmış faydanın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh notarial qaydada təsdiq edilən ərizəsi ilə təsdiq ki, 80000 ABŞ dollarını alıb, bizim ortaq işimiz olmayıb, cavabdeh özü 3 ay müddətinə borcu ödəmədiyi təqdirdə hər ay borcun 20%-ni əlavə olaraq ödəməyi öhdəsinə götümüşdür. Hər dəfə cavabdeh borcu 3 ay müddətinə ödəməyi öhdəsinə götürür, lakin öhdəliyini yerinə yetirmir. Artıq 5 il keçib. Cavabdeh ona iddianı geri götürməsini borcunu hissə-hissə ödəyəcəyini bildirir. O, cavabdehin İcra şöbəsinin depozitinə yerləşdirdiyi 5000 manatı qəbul etmişdir. Əgər o, 80000 ABŞ dollarını banka illik 10% depozitə qoysaydı onun faydası xx.xx.2018-ci il tarixdən 32000 ABŞ dolları təşkil edərdi. Fiziki şəxsin bağladığı kredit müqaviləsi üzrə fazilər müqavilədə qeyd edilmədiyindən həmin şərt müqavilədə göstərilməmişdir. O, borc verdiyi pulu da özü başqasından götürüb cavabdehə vermişdir. Ona görə də ödənilmiş 5000 manat nəzərə alınmaqla iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Egrı Burhaneddinin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında bağlanan müqavilə iş əsnasında bağlanan müqavilədir, borc alıb qaytarmaq niyyəti ilə bağlanan müqavilə deyil. Tərəflər pul qoyub, pul götürmək üçün müqavilə bağlayıblar, pul 80000 ABŞ dolları deyil, 50000 ABŞ dollarıdır. Cavabdeh borcu qaytarmağa etiraz etmir. İddiaçının 64000 ABŞ dolları tələbinin hüquqi əsası yoxdur. Bu hissədə iddia ərizəsini qəbul etmirik. Əldən çıxmış fayda ilə bağlı da sübut yoxdur. Tərəflər birgə fəaliyyət nəticəsində ziyana görə borc müqaviləsi bağlayıblar. Bu baxımdan hər hansı əldən çıxan faydadan danışıla bilməz. Biz borcdan 5000-6000 manat ödəmişik, biz qarşı tərəfə hər ay 1000-2000-5000 hətta 10000 manat ödəməyi təklif etmişik, lakin iddiaçı razılaşmayıb. Hazırda cavabdeh aylıq əmək haqqı 500 manat olmaqla işləyir, ailəsi var. İddiaçı özü qeyd edir ki, faiz məsələsini cavabdehin məsuliyyət hiss etməsi üçün yazıb. Ona görə də iddianı 80000 ABŞ dolları borc hissəsində həllini məhkəmənin səlahiyyətinə veririk. Müqavilədə borc manatla qeyd olunub. Faizlə bağlı tərəflər arasında heç bir razılaşma olmayıb. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Borc verən İddiaçı ilə borc alan Egrı Burhaneddin arasında bağlanaraq Gəncə Asan xidmət mərkəzində notaiat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, borc verən borc alana xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz borcun verildiyi günün məzənnə dəyəri ilə 136000 manat (80000 ABŞ dolları) borc pul vermişdir. Gəncə Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan, borc alan Egrı Burhaneddinin Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 80000 ABŞ dolları məbləğində pul götürdüyünü təsdiq edərək həmin məbləği 4 ay müddətində qaytarmağı və bununla bağlı hər hansı mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürməsini bildirmişdir. Egrı Burhaneddinin Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı götürdüyü 80000 ABŞ dollarını 4 ay müddətində qaytarmağı, əks halda hər ay həmin məbləğin 20% ödəməyi öhdəsinə götürmüşdür. Borc alan X2 rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdə iltizam verərək borc verən İddiaçı olan 80000 ABŞ dollar borcunu 3 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək ödəyəcəyini, borcundan nağd olaraq 1000 manat ödəniş etdiyini, 79411 ABŞ dolları qalıq borcunu 3 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixinə qədər ödəyəcəyini bildirmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Abşeron rayon 1 saylı notariat kontorunun icra sənədi tələbkar İddiaçı müraciətinə əsasən geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-864/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Egri Burhaneddinin cavabdeh İddiaçı və Gəncə Asan xidmət mərkəzinin notariat kontorunun xüsusi notariusu X1 qarşı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh X5 Asan xidmət mərkəzində notaiat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz, borcun verildiyi günün məzənnə dəyəri ilə 136000 manat olan 80000 ABŞ dolları borc pul vermiş, cavabdeh Gəncə Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan, xx.xx.2018-ci il tarixli ərizəsi ilə borcu ABŞ dolları ilə almasını təsdiq etmiş, daha sonra aldığı borcdan 5000 manat iddiaçıya qaytarmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borc müqaviləsinə əsasən 77058,8 ABŞ (80000-2941,2) dolları borcunun qalması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə qeyd edir ki, kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, borc faizsiz verildiyindən, iddiaçı faizə pul vəsaitini vermək səlahiyyətinin olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, pul vəsaitini faizə vermək fəaliyyətinin yalnız xüsusi lisenziya əsasında həyata keçirilməsi mümkün olduğundan, verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaratdığından iddiaçının cavabdehdən faiz tələbi qanunsuzdur ona görə təmin edilə bilməz. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə borc məbləğinin 10% olmaqla cəmi 32000 ABŞ dolları tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Pul vəsaiti üzərində öz seçiminə görə sərəncam verən, yəni həmin vəsaiti özünün qeyd etdiyi kimi bankın depozitinə deyil, cavabdehə borc vermək qərarını qəbul edən iddiaçı cavabdehin pul vəsaitindən fayda, gəlir əldə etməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu tələbini də əsassız hesab edib təmin etmir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə ödənilməli olan dövlət rüsumunun cavabdehə aid edilməsi qənatinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdehdən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən borca görə 77058,8 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulsun. Cavabdehdən dövlət rüsumuna görə 421 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-198/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-198/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver