Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-199/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İsrayıl qızına qarşı maddi zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair mülki işə 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İsrayıl qızından onun əmlakına vurulmuş maddi zərərin əvəzi kimi 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, habelə, bundan sonra eyni məzmunlu hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 3, mənzil 20-də yaşayır. Həmin mənzil onunla bacısı X1 1/2 hissədə mülkiyyətindədir. Cavabdeh isə onun mənzilinin yuxarı mərtəbəsində yerləşən 24 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh evi kirayə verdiyindən orada yaşayan şəxslər tərəfindən mütəmadi olaraq evinə su axıdılır. Eyni hadisə daha əvvəllər də baş vermiş, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona dəymiş zərəri ödədiyindən o, ərizəsini geri götürmüşdür. Sonradan evini yenidən əsaslı təmir etdirmiş və bir müddət evinə su axıdılmamışdır. Lakin, 2020-ci ilin əvvəllərində yenidən cavabdehin evindən onun evinə su axıdılmış, evin mətbəxi, dəhlizi, hamam-tualeti, tavanının təmiri tamamilə korlanmışdır. Evin elektrik naqilləri də zədələnmiş, hətta onun özünü bir dəfə cərəyan vurmuşdur. O, dəfələrlə cavabdehə və kirayəçilərə müraciət edərək bu qanunsuz hərəkətlərin qarşısını almalarını tələb etsə də, tələblərinə məhəl qoyulmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ekspert rəyində göstərilən məbləğlə razı deyildir, çünki, cavabdehin qanunsuz əməlləri uzun müddət mütəmadi davam etmiş, evdə rütubət, nəmişlik yaranmış, yaşayış mümkünsüz olmuşdur. Həmçinin, cavabdeh tərəfindən gələcəkdə onun evinə suyun axıdılmasının qarşısının alınması üçün də tədbirlər görülməlidir və bu, qətnamədə öz əksini tapmalıdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə yaşayış yeri üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: -106 saylı MKİS-in rəisi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İsrayıl qızı ünvan 1 saylı evin 24 saylı mənzilinin mülkiyyətçisidir. - 106 saylı MKİS-in nümayəndələri tərəfindən tərtib edilmiş 19 mart 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı 20 saylı mənzilə baxış keçirilmiş, məlum olmuşdur ki, həmin mənzilə 24-cü mənzildə yaşayan kirayəşinlər tərəfindən su axıdılır. Ev sahibinə tərəflərindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu hallar davam edir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(001)- 3936/2021 saylı qərardadına əsasən, iddiaçıya məxsus mənzilə suyun axmasının 24 saylı mənzillə səbəbli əlaqəsinin olub-olmamasının, habelə dəymiş ziyanın nədən ibarət olması və ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmişdir. Məhkəmə – tikinti texniki ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 10/5373 saylı rəyində qeyd olunmuşdur ki, 106 saylı MKİS-in rəisi A.Orucov, sahə nəzarətçisi Y.Fərzəliyev və çilingər N.Əbişov tərəfindən tərtib edilmiş 19 mart 2021-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə həmin ünvanda yerləşən 24 saylı mənzildən su axıdıldığı müəyyən olunur. ünvan 3 ünvanında yerləşən 20 saytlı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazad qiymətlərinə uyğun dəyəri təqribən 1049 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Belə ki, işin halları ilə sübut olunur ki, iddiaçıya məxsus mənzilə zərər həmin mənzilin yuxarı qonşuluğunda yerləşən, Cavabdeh İsrayıl qızına məxsus mənzildən suyun axıdılması nəticəsində vurulmuşdur. Azərnaycan Respublikasının Mülki Məcəlləsinin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. İddia tələbi ikinci hissəsində müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi kimi göstərilsə də, iddiaçının izahatından belə məlum olur ki, tələb bu hissədə cavabdeh tərəfindən gələcəkdə suyun axıdılmasının qarşısının alınmasından ibarətdir və məhkəmə hesab edir ki, cavabdehdən iddiaçıya vurulmuş zərərin əvəzi tutulmaqla cavabdehə mənzilindən suyun axıdılmasının qarşısının alınması üçün tədbirlər görülməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən maddənin tələblərinə zidd olaraq iddiaçı ona dəymiş zərərin 4000 manat olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq ekspert rəyində göstərilən məbləğə uyğun olaraq 1049 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən suyun axıdılmasının qarşısının alınmasından ötrü tədbirlərin görülməsi öhdəliyi cavabdehə təyin edilməli, qalan hissədə isə iddia rədd olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət nəfinə, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İsrayıl qızına qarşı maddi zərərin əvəzinin ödənilməsi və s. tələbi barədə iddiası qismən təmin edilsin. Maddi zərərin əvəzi qismində 1049 manat məbləğində pul vəsaiti Cavabdeh İsrayıl qızından tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus ünvan 1 saylı evin, 20 saylı mənzilinə Cavabdeh İsrayıl qızına məxsus, həmin binanın 24 saylı mənzilindən suyun axıdılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı Cavabdeh İsrayıl qızının üzərinə öhdəlik qoyulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti Cavabdeh İsrayıl qızından dövlət nəfinə tutulsun. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh İsrayıl qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-199/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-199/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver