Məhkəmə qərarları › İş №2(001)-2/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan (LPO) "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2012-ci il tarixli 1xx/xx/5288/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 682,08 manat məbləğində əsas borc, 558,54 manat məbləğində faiz borcu, 824,69 manat məbləğində dəbbə pulu üzrə borcu, ümumilikdə isə 2065,31 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)- 6693/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 682,08 manat məbləğində əsas borc, 558,54 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2065,31 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" QSC-nə ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Sonradan iş üzrə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)-6693/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(001)-2939/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)-6693/2018 saylı qiyabi qətnaməsi ləğv edilərək, mülki işin təzələnərək məhkəmə baxışı iclasında mahiyyəti üzrə məhkəmənin hazırlıq iclasında baxılması qərara alınmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 27 avqust 2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/5288/12 saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 1027 (min iyirmi yeddi) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 23 aprel 2018-ci il tarixinə banka 682,08 manat məbləğində əsas borc, 558,54 manat məbləğində faiz borcu, 824,69 manat məbləğində dəbbə pulu üzrə borcu, ümumilikdə isə 2065,31 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qiyabi qətnamə ilə iddia təmin edilmiş, cavabdeh illər sonra ərizə ilə müraciət edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh imzanın ona məxsus olmamasını bildirsə də, izahatında ziddiyatlar var. O, bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsi olmayıb həmin illərdə və Azərbaycan Respublikasının hüdudlarından kənarda idi, lakin təqdim etdikləri sənədlərdən görünür ki, 2003-cü ildə cavabdehin şəxsiyyət vəsiqəsi mövcud idi və Fin ona məxsusdur. Məhkəmə -xətşünaslıq ekspertizası təyin edilmiş və təqdim olunmuş rəydən müəyyən olunur ki, imza cavabdehə məxsus deyil. Belə olan halda, kredit məbləğinin kim tərəfindən alınması, müqavilənin kim tərəfindən imzalanması və ödənişlərin kim tərəfindən ödənilməsi məsələsini araşdırmaq məqsədi ilə hazırkı iş üzrə xüsusi qərardad çıxararaq aidiyyatı orqanlara araşdırma üçün göndərilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, kredit müqaviləsindəki adının önündə olan imzalar ona məxsus deyil. O, 1999-cu ildən Rusiya Federasiyasında yaşamış və Azərbaycan Respublikasına gəlməmişdir. Onun şəxsiyyət vəsiqəsi olmayıb, o, Sovet pasportu ilə getmişdir. Heç bir bankdan da kredit götürməmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2012-ci il tarixli, 1xx/xx/5288/12 saylı kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB tərəfindən Cavabdeh illik 25 faiz ödənilməsi şərti ilə, 18 ay müddətinə, 1027 manat məbləğində kredit verilmişdir. - Home Credit məişət texnikası mağazası ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh qiyməti 1027 manat olan, 18 ay müddətində ödəmək şərti ilə HDDV76B55 markalı notebook verilmişdir. - 26 aprel 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 1xx/xx/5288/12 saylı kredit müqaviləsi üzrə 682,08 manat məbləğində əsas borc, 558,54 manat məbləğində faiz borcu, 824,69 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2065,31 manat məbləğində borcu vardır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2024-cü il tarixli, 4/1688 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-cü vərəqəsində "xxxx" KB QSC və Cavabdeh adından olan xx.xx.2012-ci il tarixli 1xx/xx/5288/12 saylı kredit müqaviləsində “Borc alan” bölməsindəki imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - İşə əlavə edilmiş 19 noyabr 2024-cü il tarixli, 4/1688 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə: - 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2012-ci il tarixli 1xx/xx/5288/12 saylı kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə cavabdehin 682,08 manat məbləğində əsas borcu, 558,54 manat məbləğində faiz borcu, 824,69 manat məbləğində dəbbə pulu ümumilikdə isə 2065,31 manat məbləğində borcu yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.”. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Hazırkı iş üzrə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da onun iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməzsə, habelə ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olarsa, o zaman ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2012-ci il tarixli, 1xx/xx/5288/12 saylı kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmamış, yəni bu müqavilədə onun iradə ifadəsi əks olunmamışdır. Belə olan halda tərəflər arasında xx.xx.2012-ci il tarixli, 1xx/xx/5288/12 saylı kredit müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Odur ki, sözügedən müqavilə etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında xx.xx.2012-ci il tarixli, 1xx/xx/5288/12 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi müəyyən edilmədiyindən, iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Habelə, 110 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 (yüz on) manat mıəbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar