Məhkəmə qərarları › İş №2(001)-20/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-20/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-20/2022 10.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 11.879,98 ABŞ dolları, faiz borcu üzrə 730,9 ABŞ dolları, cərimə borcu üzrə 1.754,71 ABŞ dolları, cəmi 14.365,59 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 18 saylı evin 59 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 14.365,59 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 105.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 18 saylı evin 59 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 26 sentyabr 2014-cü il tarixli 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 30 sentyabr 2016-cı il tarixədək illik 19% ödəmək şərtilə 110.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 35KLİ/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 18 saylı evin 59 saylı mənzili banka ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 27 sentyabr 2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №0507985, qeydiyyat №**********). 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda bankla Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KLZ/14-1 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 18 aprel 2019-cu il tarixə 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 11.879,98 ABŞ dolları, faiz borcu üzrə 730,90 ABŞ dolları, cərimə borcu üzrə 1.754,71 ABŞ dolları, cəmi 14.365,59 ABŞ dolları borcu təşkil edir. 26 sentyabr 2014-cü il tarixli 35KLİ/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 18 saylı evin 59 saylı mənzili əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən ümumilikdə 105.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən də onunla bank arasında bağlanmış kredit müqaviləsinə əlavə Saziş imzalanmışdır. Sazişdəki və ödəniş cədvəlindəki imza ona aiddir. Bunu inkar etmir. Lakin, o, ödənişlərini vaxtı-vaxtında etmiş, götürdüyü kreditdən də daha artıq ödənişi banka ödəmişdir. Halbuki, baş vermiş devalvasiyalar işlərinə mənfi təsir etmişdir. Bütün bunlara baxmayaraq bank heç bir güzəşt etmək istəməmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Digər cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Borcverən “X3” Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsinə əsasən borcverən borcalana 60 ay müddətinə, 26 sentyabr 2019-cu il tarixinədək bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla 1.000.000 manat məbləğində kredit vermək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir; “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli, 35KL/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank sonuncuya 24 ay müddətinə, illik 19% ödəmək şərti ilə 110.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini 7 təqvim günündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq borcverən borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 360% miqdarında və kreditə hesablanmış faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan faiz məbləğinin illik 360% miqdarında cərimə tətbiq edir; “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli, 35KLZ/14-1 saylı Zaminlik Müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun 30 sentyabr 2014-cü il tarixli, 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürür. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik tam şəkildə yerinə yetirilənə qədər qüvvədədir; İpoteka saxlayan “X3” Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 35KLİ/14 saylı İpoteka müqaviləsinə əsasən, 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 105.000 manat məbləğində qiymətləndirilmişdir; Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ünvan ünvanladığı 26 sentyabr 2014-cü il tarixli ərizələrdən görünür ki, onlar Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilin “X3” Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoyulmasına razıdırlar və həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdələrinə götürürlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzili "xxxx" KB ASC qarşısında 60 (altmış) ay müddətində ipoteka ilə yüklü edilmişdir. Əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2150 nömrəli reyestr kitabının 199186 nömrəli vərəqində 27 sentyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır; “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış “30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında” 18 avqust 2017-ci il tarixli Sazişdən görünür ki, tərəflər arasında bağlanmış 30 sentyabr 2014cü il tarixli 35KL/14-1 saylı kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş müddət 30 avqust 2019-cu il tarixinədək müəyyən edilmişdir. Müştəriyə keçmiş 4 aya (aprel, may, iyun, iyul aylarına) güzəşt tətbiq olunur. Bu sazişlə kredit müqaviləsinə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının borcverənə qaytarılmasının dövriliyinin müəyyən edən yeni ödəniş cədvəli tərtib olunmuş və həmin cədvəl kredit müqaviləsinə 5 saylı əlavə hesab edilmişdir. Bu dəyişikliklər qüvvəyə mindikdən sonra borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 30 təqvim günü gecikdiyi halda borcverən faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilər. 35KL/14-1 saylı kredit müqaviləsinə 5 saylı Əlavədə məbləğ 27.400 ABŞ dolları, illik faiz dərəcəsi 16%, müddət 29 ay olaraq müəyyən edilmişdir. “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən 18 aprel 2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 30 sentyabr 2014-cü il tarixli, 35KL/14-1 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 11.879,98 ABŞ dolları, faiz borcu 730,90 ABŞ dolları, cərimə faizləri 1.754,71 ABŞ dolları, cəmi borcu 14.365,59 ABŞ dollar təşkil edir; "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 32 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilində Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. 22 aprel 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcun 05 təqvim günü müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər; “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 29 aprel 2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlandığı barədə məlumat verilmişdir; “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 06 may 2019-cu il tarixli ərizəsindən görünür ki, 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi əsasında Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini və təqdim edildiyini nəzərə alaraq ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir; 07 may 2019-cu il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bildirişin qeydiyyatı üçün xidmət haqqı olaraq 20 manat, dövlət rüsumu olaraq 10 manat, cəmi 30 manat məbləğində ödəniş edilmişdir; 08 may 2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə 10 sentyabr 2019-cu il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 115.000 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 30 sentyabr 2016-cı il tarixinə (sual üzrə tarixə) “X3” Açıq Səhmdar Cəmiyyətinə olan borcu 38.394,08 ABŞ dolları (əsas borc üzrə 38.192,51 ABŞ dolları və faiz borcu üzrə 201,57 ABŞ dolları) məbləğində müəyyən edilir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 30 sentyabr 2016-cı il tarixdən sonra 46.200,73 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 30 sentyabr 2016-cı il tarixə göstərildiyindən 46.200,73 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Qeyd edilir ki, 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 26 sentyabr 2014-cü il tarixli 35KL/14 saylı müqaviləsinə 35KL/14 nömrəli əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla sonuncunun banka olan borcu müqavilə müddətinin sonuna, yəni 30 sentyabr 2016-cı il tarixinədək əsas borc üzrə 40.276,82 ABŞ dolları, faiz borcu üzrə 212,57 ABŞ dolları, 02 sentyabr 2020-ci il tarixədək əsas borc üzrə 15.417,65 ABŞ dolları, faiz borcu üzrə 5.118,23 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, “X3” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 30 sentyabr 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 40.482,28 ABŞ dolları (əsas borc üzrə 40.269,75 ABŞ dolları və faiz borcu üzrə 212,53 ABŞ dolları) məbləğində müəyyən olunur. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı kredit müqaviləsi üzrə 30 sentyabr 2016-cı il tarixdən 30 noyabr 2020-ci il tarixədək (qərardadın verildiyi tarixədək) kredit borcu üzrə illik 5% dərəcəsi ilə İ hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: 30 noyabr 2020-ci il tarixə əsas borc üzrə 4.012,87 ABŞ dolları və faiz borcu üzrə 612,25 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021-ci il tarixli rəyindən görünür ki, “X3” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı kredit müqaviləsi üzrə sonuncunun banka 28 aprel 2017-ci il tarixə əsas borc üzrə 26.002,04 ABŞ dolları, 18 aprel 2019-cu il tarixə əsas borc üzrə 8.880,10 ABŞ dolları, faiz borcu üzrə 632,71 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə 18 aprel 2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinin bazar qiyməti 130.000 manat, likvid qiyməti isə 115.000 manat təşkil edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 8.880,10 ABŞ dolları məbləğində əsas borc və 632,71 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi əsas və faiz borcunun tutulması ilə bağlı digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1.754,71 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə azaldılaraq 800 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın, “pulun kredit alanla birlikdə zamindən (Cavabdeh2) də tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında “30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında” 18 avqust 2017-ci il tarixli Saziş bağlanarkən zamin Cavabdeh2 hər hansı bir öhdəlik götürməmiş, həmin Saziş ilə Kredit müqaviləsinə edilmiş dəyişikliyə öz razılığını bildirməmiş və bu dəyişikliklərlə bağlı onunla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, zaminin razılığı olmadan kredit müqaviləsinə dəyişiklik edildiyinə görə, zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə Zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və ya dəyişdirilmə onun məsuliyətinin artmasına və onun üçün digər əliverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İpoteka saxlayan "xxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 35KLİ/14 saylı İpoteka müqaviləsinə əsasən 26 sentyabr 2014cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehborcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin bazar dəyəri 105.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəylərindən isə görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinin hazırki şəraitdə likvid qiyməti 115.000 manadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh1 tərəfindən ipotekaya qoyulmaqla mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, Cavabdeh1 qaytar ılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin mütəxəssis rəyləri ilə müəyyən olunmuş məbləğdə, yəni 115.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan cavabdehlərin mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzili satıldıqda Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar, məcburi qaydada evdən çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş cəmi 30 manat məbləğində vəsaitin cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qadırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bununla belə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 555 manat məbləğində vəsaitin 398 manatı Cavabdeh1, 157 manatı isə “X3” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 26 sentyabr 2014-cü il tarixli, 35KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30 sentyabr 2014-cü il tarixli 35KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 8.880,10 (səkkiz min səkkiz yüz səksən dollar, on sent) ABŞ dolları məbləğində əsas borc, 632,71 (altı yüz otuz iki dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 10.312,81 (on min üç yüz on iki dollar, səksən bir sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 22 (iyirmi iki) manatı və bildirişin qeydiyyatı üçün rüsum və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 (otuz) manat məbləğində vəsait iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzilinin ilkin satış qiyməti 115.000 (bir yüz on beş min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 18 saylı evin 59 saylı mənzili satıldıqda Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 1 (bir) ay ərzində həmin evi tərk etmədikləri halda onlar, məcburi qaydada çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 555 (beş yüz əlli beş) manat məbləğində vəsaitin 398 (üç yüz doxsan səkkiz) manatı Cavabdeh1, 157 (bir yüz əlli yeddi) manatı isə “X3” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar