Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-202/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onların, eləcə də digər Cavabdeh4 nümayəndələri (vəkil) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş zərərin əvəzi kimi 20000 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında evin ümumi təmirinə (rəngsaz və alçipan işləri) görə şifahi şəkildə xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehlər iddiaçının evində ümumi rəngsaz və alçipan işləri görməli idilər. İddiaçı bu işlərin görülməsi üçün 20000 manat pulu cavabdehlərə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər tərəfindən işlər yalnız “görünüş” üçün icra edilmiş və onların hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Dəymiş zərərin cavabdehlərin hərəkətləri nəticəsində və ya materialların keyfiyyətsizliyindən yaranmasını aşkar etmək məqsədilə təmirlə bağlı 19 dekabr 2021-ci il tarixdə “Mətanət A” şirkətinin mütəxəssisləri tərəfindən evə baxış keçirilmişdir. Belə ki, baxışa qədər cavabdehlər bildirirdilər ki, divarda və tavanda çatların əmələ gəlməsi, torun divardan aralanması birbaşa materialın keyfiyyətsiz olması ilə bağlıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, təmir zamanı "xxxx" şirkətinə məxsus “Ağdağ-alçı” suvağı istifadə olunmuş, suvağda heç bir qüsur aşkar edilməmişdir. Cavabdehlər tərəfindən yuxarıda göstərilən xüsusatlar təkzib olunmuşdur. Təmir zamanı yaranan qüsurların səbəbi kimi ustalar, yəni cavabdehlər tərəfindən buraxılmış kobud texniki səhvlər, yəni divarın tozu alınmadan alçının vurulması, alçının üzərinə üzlük vurarkən yenidən tozun alınmaması və “tor”un astarın içinə işlənilməsi göstərilmişdir. Bu da, öz nüvbəsində divarda və tavanda çatların, köpüklərin əmələ gəlməsinə və bununla da maddi ziyanın yaranmasına səbəb olmuşdur. "xxxx" şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəydə göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, Yaşıl küçədə yerləşən həmin fərdi yaşayış evinin təmiri zamanı “Ağdağ Astar 30 kq.” və “Ağdağ Üzlük 30 kq.” məhsullarından istifadə edilmiş və məhsulların keyfiyyətində hər hansı problem aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, təmirdə iştirak etmiş ustalar tərəfindən divar və tavanın səthində birinci qat “Ağdağ Astar 30 kq.” məhsulundan istifadə edilmiş, quruduqdan sonra ikinci qat astar-üz qarışığı səthə vurularkən təlimata zidd olaraq xüsusi tor setkadan istifadə edilmişdir. Həmin tor setka birinci qat astarda güc tətbiq edildikdə ayrılır. Ağdağ məhsullarının tətbiqində bu cür tor setkadan istifadə olunması təlimatda nəzərdə tutulmamışdır. Göstərilən xüsusatlarla müəyyən olunur ki, təmir zamanı yaranmış qüsurlar keyfiyyətsiz materiallardan istifadə olunmasından deyil, ustaların (cavabdehlərin) səriştəsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmişdir ki, evdə təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılan təmir işləri nəticəsində əmək haqqının və materialla birlikdə dəyəri təqribən 10876 manat olduğu müəyyən edilir. Cavabdehlər tərəfindən həyata keçirilmiş təmir nəinki yararsızdır, hətta iddiaçıya böyük maddi ziyan vurmuşdur. Məhkəmədə verilən izahatlar, şahid ifadəsi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, cavabdehlər iddiaçının evində əvvəlcədən razılaşdırılmış qaydada təmir işlərini aparmış, iş bitdikdən sonra iddiaçının özü ilə təhvil-təslim etmişlər. Bundan sonra iddiaçı evə başqa ustalar dəvət etmiş, müəyyən söküntü işləri aparmış və cavabdehləri yenidən dəvət edərək, yarımçıq işləri tamamlamağı tələb etmişdir. Bu zaman cavabdehlər görməli olduqları işi tam yekunlaşdırdıqlarını, təhvil-təslim etdiklərini bildirərək, əlavə işlərin görülməsindən imtina etmişlər. İddiaçı cavabdehlərdən polisə şikayət etsə də, heç bir nəticə əldə etməmişdir. Bundan başqa, iddiaçı digər ustalara qarşı da eyni məzmunlu iddia tələbi ilə başqa məhkəməyə müraciət etmiş, iddiası təmin edilməmişdir. Əgər cavabdehlər tərəfindən görülmüş təmir işləri yarımçıq və ya keyfiyyətsiz olsaydı, iddiaçı işlərin tamamlanmasını təhvil-təslim zamanı tələb edərdi. Digər tərəfdən, iddiaçı tərəfdən məhkəməyə dəvət olunmuş şahid ifadəsində divarda, tavanda əyriliklər olduğunu bildirsə də, məhkəmə zamanı müəyyən edilmişdir ki, həmin şahidin tikinti işlərində təcrübəsi yoxdur, o sadəcə material alıb gətirmişdir. Beləliklə, cavabdehlərin iddiaçıya zərər vurması sübuta yetirilmədiyindən, iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehlər nümayəndələrinin izahatına uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, onun iddiaçı ilə iş birliyi olmuşdur. Sözügedən evin təmiri zamanı iddiaçı evdə olmayanda ustalara o nəzarət etmiş, lazımi materialları alıb-gətirmişdir. Ustalar iş bitdikdən sonra təhvil-təslimi iddiaçı ilə etmişlər. Təmir bitdikdən sonra iddiaçı ilə o, evin divarının, tavanının əyri olduğunu görmüş, iddiaçı cavabdehlərə müraciət edərək, nöqsanların aradan qaldırılmasını tələb etmişdir. Cavabdehlər aşağı otaqda yenidən bərpa işləri aparsalar da, yuxarı otaqlarda iş görməkdən imtina etmişlər. Tədqiq edilən sübutlar: - "xxxx" Şirkətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 06 aprel 2022-ci il tarixli rəydə göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, Yaşıl küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin təmiri zamanı “Ağdağ Astar 30 kq.” və “Ağdağ Üzlük 30 kq.” məhsullarından istifadə edilmiş və məhsulların keyfiyyətində hər hansı problem aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, təmirdə iştirak etmiş ustalar tərəfindən divar və tavanın səthində birinci qat “Ağdağ Astar 30 kq.” məhsulundan istifadə edilmiş, quruduqdan sonra ikinci qat astar-üz qarışığı səthə vurularkən təlimata zidd olaraq xüsusi tor setkadan istifadə edilmişdir. Həmin tor setka birinci qat astarda güc tətbiq edildikdə ayrılır. Ağdağ məhsullarının tətbiqində bu cür tor setkadan istifadə olunması təlimatda nəzərdə tutulmamışdır. - "xxxx" MMC-nin 04 may 2022-ci il tarixli rəyində göstərilmişdir ki, ... ünvanda yerləşən evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılan təmir işləri nəticəsində əmək haqqının və materialla birlikdə dəyəri təqribən 10876 manat olduğu müəyyən edilir. - Məhkəmənin 08 avqust 2022-ci il tarixli, 2(001)-4368/2022 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/509 saylı müvafiq rəyində göstərilmişdir ki, ... evdə tavanın alçipanla yığılması, şpoklovkanın çəkilməsi, birinci mərtəbədə 2.4x5.5 m. ölçüdə kərpiclə divar hörülməsi, spot yerlərinin açılması, elektrik şitlərinin və qutularının qoyulması, betopanın qoyulması (çölə), suvaq üçün mayakın qoyulması, zirzəmidə 12 m. uzunluğunda riggerlərə mayakın qoyulması və mayakın doldurulması, birinci mərtəbədə hamamın divarlarına mayakın qoyulması, birinci mərtəbələrdə pəncərələrə mərmərin qoyulması, pilləkənin altının və yanlarının alçipan ilə yığılması işləri aparılmışdır. Eyni zamanda, mansarın, birinci, ikinci, üçündü mərtəbələrdə iki hamamın, ikinci mərtəbədə mətbəxin yan fasadının və dəhlizin tavanlarının sökülüb-yığılmasını müəyyən etmək mümkün olmadı. Həmçinin, birinci və ikinci mərtəbələrdə akvariumun yığılmadığı müəyyən olunmuşdur. Tətbiq olunan evdə aparılmış təmir işlərinin sahəsi aşağıdakı kimi müəyyən olunur: - divarlarına çəkilmiş şpaklovkanın ümumi sahəsi 834 kv.metr; tavanına çəkilmiş şpalkovkanın və vurulmuş alçipanın ayrı-ayrılıqda ümumi sahəsi 524 kv.metr; birinci mərtəbədə kərpiclə hörülmüş divarın ümumi sahəsi 13,2 kv.metr; zirzəmidə riggerlərdə qoyulmuş və doldurulmuş mayakın uzunluğu 12 m.; birinci mərtəbələrdə 1,95 m. uzunluğunda 2 ədəd pəncərəyə mərmər qoyulmuş; birinci mərtəbədə hamamın divarlarına qoyulmuş mayakın sahəsi 32 kv.m.; pilləkənin yanlarının alçipan ilə yığılmasının uzunluğu 36 p/metr təşkil edir. Evdə cavabdehlər tərəfindən təmir işləri aparıldıqdan sonra ikinci, üçüncü və mansard mərtəbədə olan otaqlarda əlavə təmir işləri (şpaklovka çəkilməsi və boya ilə rənglənməsi) aparılmışdır. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində divarların künc hissələri 90 dərəcəyə və diaqonala salınmışdır. Eyni zamanda, yaşayış evinin birinci mərtəbəsində və pilləkən qəfəsi-dəhlizdə vurulmuş alçipanda əyrilik olduğu, tavana və divarlara vurulmuş şpaklovka qatının tamamlanmadığı müəyyən olunmuşdur. İkinci, üçüncü və mansard mərtəbədə otaqların divarı və tavanlarının tamamlandığı (yenidən şpaklovka çəkilərək boya ilə rənglənmişdi) üçün, cavabdehlər tərəfindən görülən təmir işlərinin hər birinin ayrılıqda real bazar dəyərini, aparılmış normativ-texniki tələblərə uyğun, keyfiyyətli şəkildə aparılıbaparılmamasını və evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılacaq təmir işləri nəticəsində əmək haqqını materialla birlikdə dəyərinin (real bazar qiymətlərinə əsasən) neçə manat təşkil etməsini müəyyən etmək mümkün olmadı. - İddiaçının nümayəndəsinin vəsatəti əsasında, evdə cavabdehlər tərəfindən görülən təmir işlərinin hər birinin ayrılıqda real bazar dəyərinin və keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılacaq təmir işləri nəticəsində əmək haqqının materialla birlikdə dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmənin 08 avqust 2023-cü il tarixli, 2(001)-202/2023 saylı qərardadına əsasən, iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 22 sentyabr 2023-cü il tarixli müvafiq rəyində göstərilmişdir ki, ...evdə görülən təmir işlərinin hər birinin ayrılıqda real bazar dəyəri 12958,26 manat təşkil edir. ...evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılacaq təmir işləri nəticəsində əmək haqqının materialla birlikdə dəyəri 11000- 12000 manat arasında təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Maddə 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 770.Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 773.Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində müxtəlif təmir işləri görmüş, lakin görülən işlərlə bağlı tərəflər arasında yazılı müqavilə və hər hansı layihə-smeta sənədləri tərtib olunmamışdır. Cavabdehlər işlərini təhvil verib getdikdən sonra iddiaçı onları yenidən çağırıb yaranmış qüsurları aradan qaldırmalarını istəmiş, cavabdehlər gördükləri işlərdə heç bir qüsur olmadığını bildirərək, iddiaçının təklifini qəbul etməkdən imtina etmişlər. İddiaçı təmir zamanı yaranmış qüsurların ustaların səriştəsizliyi və səhlənkarlığı nəticəsində baş verdiyini hesab edərək dəymiş 20000 manat məbləğində zərərin ödənilməsini tələb edir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/509 saylı müvafiq rəyində göstərilmişdir ki, “Baxış zamanı aparılmış ölçü işləri nəticəsində divarların künc hissələri 90 dərəcəyə və diaqonala salınmışdır. Eyni zamanda, yaşayış evinin birinci mərtəbəsində və pilləkən qəfəsi-dəhlizdə vurulmuş alçipanda əyrilik olduğu, tavana və divarlara vurulmuş şpaklovka qatının tamamlanmadığı müəyyən olunmuşdur. İkinci, üçüncü və mansard mərtəbədə otaqların divarı və tavanlarının tamamlandığı (yenidən şpaklovka çəkilərək boya ilə rənglənmişdi) üçün, cavabdehlər tərəfindən görülən təmir işlərinin hər birinin ayrılıqda real bazar dəyərini, aparılmış normativ-texniki tələblərə uyğun, keyfiyyətli şəkildə aparılıb-aparılmamasını və evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılacaq təmir işləri nəticəsində əmək haqqını materialla birlikdə dəyərinin (real bazar qiymətlərinə əsasən) neçə manat təşkil etməsini müəyyən etmək mümkün olmadı.”. İlk növbədə məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırkı halda sübutetmə yükü baxımından mənzilin təmirinin keyfiyyətsiz olduğu və çəkilən xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hazırki mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin məhkəmə araşdırılması ilə cavabdehlər tərəfindən mənzilin təmirinin keyfiyyətsiz aparılması və bunun nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmir. Belə ki qeyd olunan halların baş verməsi nə iş üzrə təyin edilmiş ekspert rəyi ilə nə də şahid ifadələri ilə təsdiq olunmur. Bununla yanaşı iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin möcvudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hazırkı tələb üzrə isə iddiaçının hüququnun məhz cavabdehlərin hərəkətləri nəticəsində pozulmasını təsdiqləyən faktların mövcudluğu aşkar olunmur. Beləliklə, iddiaçı cavabdehlər tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyi səbəbindən ona ziyan dəyməsini sübut etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaiti iddiaçıdan aidiyyəti üzrə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-202/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-202/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver