Məhkəmə qərarları › İş №2(001)-2024/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2024/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2024/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(001)-13432/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 136 manat sabit pul məbləğində tutulmuş alimentin artırılaraq, 246 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış nikah Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan olan xx.xx.2017-cı il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Uşağın saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutulmuşdur. O, övladı ilə cavabdehdən ayrı yaşayır. Uşaq böyüdüyündən və gündəlik tələbatları artığından artıq onun bu tələbatlarını ödəməyə çətinlik çəkir. Bu səbəb alimentin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar."Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. " və s. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia tələbinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsiə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı yaşayış minimumunun, dolayısı ilə minimumum əmək haqqının artmış olmasına istinad edərək, qətnamə ilə müəyyən edilən alimentin artırılmasını xahiş edir. Belə ki, “Yaşayış minimumu haqqında” AR qanunun 5.1-ci maddəsində qeyd edilmişdir ki, Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-3-cü bəndinə göstərilir: Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya alimentin indeksasiyasi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya alimentin indeksasiyası ilə bağlı icra icraatı qaydasında məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar