Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2064/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 1.462,03 manat, faiz borcu üzrə 3.291,71 manat olmaqla, cəmi 4.753,74 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2013cü il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilə”yə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının Qanunlarına, Beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki. kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin müqavilənin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Bankın müştərisi olan cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından (********************) suiistifadə edərək ümumilikdə 1.462,03 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Həmin vəsaitə ümumilikdə 3.291,71 manat faiz hesablanmışdır. Nəticədə cavabdeh 4.753,74 manat məbləğində əsassız olaraq varlanmışdır. Bankın “Nizami” filialı tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka əsas borc üzrə 1.462,03 manat, faiz borcu üzrə 3.291,71 manat olmaqla, cəmi 4.753,74 manat borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdeh karta nə qədər pul mədaxil edirsə, o qədər pulu məxaric edə bilər. Belə ki, müqaviləyə əsasən bank tərəfindən karta hər hansı məbləğdə əlavə pul vəsaiti yerləşdirilmir. Cavabdeh kartında olan özünə məxsus pulu məxaric edərkən həmin məlumat bankın sisteminə gec yüklənmiş, həmin pul vəsaiti kartdan çıxarılmasına baxmayaraq cavabdeh məlumatın sistemə yüklənməməsindən sui-istifadə edərək həmin məbləği təkrar çıxarmış və bununla da bankın vəsaiti hesabına xx xxxx 2015-ci il tarixdə əsassız şəkildə varlanmışdır. Həmin məbləğə faizlər bankın sistemi tərəfindən hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilənin predmeti bank tərəfindən buraxılan (istehsal edilən) Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə (Azərbaycan Respublikasının hüdudlarından kənarda) istifadə edilə bilən plastik kartlarının verilməsi və onların istifadəsi ilə bağlı Kart sahibi ilə Bank arasında yaranan mülki-hüquq münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Müqavilənin 6.1-ci bəndinə əsasən kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin Bankın müəyyən etdiyi faiz, komisyon haqlarını va digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür; “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən əsassız varlanmaya görə yaranmış borcun 3 gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışa əsasən xx xxxx 2015-ci il tarixdə Cavabdeh tərəfindən ******************** nömrəli hesabdan 1.462,03 manat məxaric edilmişdir; xx xxxxxx 2020-ci il tarixli saylı ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2013-cü il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilə bağlanmış və sonuncuya bank tərəfindən Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə (Azərbaycan Respublikasının hüdudlarından kənarda) istifadə edilə bilən plastik kart verilmişdir. Həmin karta cavabdeh tərəfindən özünə məxsus pul vəsaitləri mədaxil, eyni zamanda məxaric edilmişdir. Hazırda iddiaçı cavabdehdən banka məxsus 1.462,03 manat məbləğində vəsaiti xx xxxx 2015-ci il tarixdə istifadə etdiyini, bununla da əsassız varlandığını iddia edərək həmin məbləği və ona hesablanmış 3.291,71 manat məbləğində faizi, ümumilikdə 4.753,74 manat borc tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən özünə məxsus hesabdan 1.462,03 manat məbləğində vəsaitin məxaric edildikdən sonra, məxaric edilmiş vəsait məlumatlarının bankın sisteminə gec yüklənməsindən istifadə edərək həmin məbləğin təkrar çıxardığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının tələb etmə hüququ yuxarıda istinad edilən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddia tələbi əsaslı olsa belə təmin edilə bilməzdi. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh xx xxxx 2015-ci il tarixdə əsassız varlanmış, lakin hazırki iddia tələbi beş ildən artıq müddət keçdikdən sonra – xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia tələbinin əsassız varlanmaya görə yaranmış əsas borca 3.291,71 manat faiz borcunun hesablanması hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddia tələbi əsassız varlanmaya görə pul vəsaitinin geri qaytarılması hissəsində təmin edilmədiyindən, həmin məbləğə hər hansı faizin ödənilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2064/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2064/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver