Məhkəmə qərarları › İş №2(001)-2065/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2065/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2065/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13083,34 manat əsas borcun, 183,58 manat faiz borcu olmaqla, ümumilikdə 13266,92 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 05.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla 14450 manat məbləğində kredit verilmişdir. Cavabdeh banka ödənilməmiş 13083,34 manat əsas borc, 183,58 manat faiz borcu olmaqla, ümumilikdə 13266,92 manat borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. 18.08.2021-ci il tarixdə iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə göndərərək, Cavabdeh 11815,26 manat əsas borcun, 221,35 manat faiz borcu olmaqla, ümumilikdə 12036,61 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış BPM**********65 nömrəli, 05.07.2019-cu il tarixli müqaviləyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 60 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla 14450 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 05.08.2019-cu il tarixdən 05.07.2024-cü il tarixədək hər ay 382,90 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 24.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 13083,34 manat əsas borc, 183,58 manat faiz borcu olmaqla, ümumilikdə 13266.92 manat borcu vardır. - 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 11815,26 manat əsas borcu, 221,35 manat faiz borcu olmaqla, ümumilikdə 12036,61 manat borcu vardır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2021-ci il tarixli, 9/2609 nömrəli ekspert rəyindən görünür ki, BPM**********65 nömrəli, 05.07.2019-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh 24.12.2020-ci il tarixə əsas borcu 13106,41 manat, faiz borcu 165,42 manat təşkil edir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə əsaslı olduğundan qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 11815,26 manat əsas borc, 165,42 manat faiz borcu (ekspert rəyinə əsasən) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11815,26 manat əsas borc və 165,42 manat faiz borcu olmaqla, cəmi 11980,68 manat (on bir min doqquz yüz səksən manat altmış səkkiz qəpik) məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada olmaqla, "xxxx" ASC-dən 75 manat (yetmiş beş manat), Cavabdeh 75 manat (yetmiş beş manat) tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar