Məhkəmə qərarları › İş №2(001)-2067/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2067/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2067/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 30 iyul 2019-cu il tarixli, BAKU2-27852-1989 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada onun xeyrinə 2.092,42 manat əsas borc və 1,77 manat cari faiz borcu olmaqla, cəmi 2.094,19 manat məbləğində borcun və 44 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh1 arasında 30 iyul 2019-cu il tarixli BAKU2-27852-1989 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 2.832,92 manat məbləğində güzəştli kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 iyul 2019-cu il tarixli BAKU2-27852- 1989+BAKU2-27856 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 3 manat, növbəti 48 ay ərzində isə hər ay 60 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafıkində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 18 fevral 2022-ci il tarixi üçün Cavabdeh1 30 iyul 2019-cu il tarixli BAKU2-27852- 1989 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 2.295.87 manat əsas borcu, 10,63 manat cari faiz borcu olmaqla, cəmi 2 306.50 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlər iş məhkəmənin icraatında olan müddətdə banka müəyyən ödənişlər etmiş və buna görə də iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Buna baxmayaraq borclular ödəniş cədvəl üzrə borcu ödəməmişlər və hazırda da gecikmələri var. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, BAKU2- 27852-1989 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu Müqavilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2.832,92 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2.832,92 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən Kredit illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilir. "xxxx" MMC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli BAKU2-27852-1989+BAKU2-27856 saylı zaminlik müqaviləsindən görünür ki, zamin "xxxx" MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış BAKU2- 27852-1989 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alanla birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir və bu Müqavilə üzrə iddia müddəti kreditin müddəti bitdiyi gündən hesablanmaqla üç il təşkil edir. 06 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 "xxxx" MMC-yə 2.092,42 manat əsas, 1,77 manat faiz borcu olmaqla, cəmi 2.094,19 manat məbləğində borcu var. "xxxx" MMC-nin cavabdehlərə ünvanladığı 06 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, onlara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər. 18 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli BAKU2-27852-1989 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən kreditverən sonuncuya illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə 2.832,92 manat məbləğində güzəştli krediti verməyi, sonuncu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə uyğun kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 da zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünndən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli BAKU2-27852-1989 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.092,42 manat məbləğində əsas borc və 1,77 manat məbləğində faiz borcu olmaqla, cəmi 2.094,19 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. İddiaçı TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli BAKU2-27852-1989 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.092,42 (iki min doxsan iki manat, qırx iki qəpik) manat məbləğində əsas borc və 1,77 (bir manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.094,19 (iki min doxsan dörd manat, on doqquz qəpik) manat məbləğində borc və ödənilmilş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar