Məhkəmə qərarları › İş №2(001)-2103/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2103/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2103/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçın nümayəndəsi Nümayəndə2 Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə Binəqədi rayon Məhkəməsinin 2(001)-6210/2019 saylı qətnaməsi ilə nihahları pozulmuşdur, uşaq onun yanında qalmış və Cavabdeh hər ay 160 manat pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra 2022-ci ildə Mediasiya təşkilatına müraciəti naəticəsində ilkin mediasiya sessiyasında qarşılıqlı barışıq əsasında aliment məbləği həmin il üçün nəzərdə tutulmuş məbləğdə 193 manat olaraq müəyyən edilmişdir. Hal-hazırda 193 manat bir uşağın saxlanılması üçün kifayət etmədiyini, belə ki, uşağın saxlanması xərcləri günü-gündən çoxaldığını, uşağın saxlanması üçün daha çox məbləğə ehtiyac duyulmuşdur. Cavabdeh uşağın saxlanması üçün əlavə məbləğ tələb etdikdə etiraz etdiyini, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini artıq köməklik göstərməyəcəyini bildirmişdir. Aşağıda qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 27 iyul 2012-ci il təvəllüdlü Cavabdeh Zəhra qızının saxlanması üçün onun xeyrinə tutulmuş aliment məbləği artırılaraq 235 manat miqdarında müəyyən edilməlidir.

3. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Cənab Prezidentin fermanı ilə 2024-cü il üçün aliment 235 manatdır. Uşağ idmana və digər hazırlıqlara qoyulmuşdur. Bundan əlavə uşağ skolioz-kifoz xəstəliyindən əziyyət çəkir. Müalicələr edilir və günü 30 (otuz) manata müalicəvi masajlara aparılır. Alimentin 80%-i xərclənir. İddiaçı tərəf bildirir ki, cavabdeh deyir ki, uşağla maraqlanmırıq yaxşı qidalanmır, arıqdır. Lakin uşaq genetik olaraq valideynlərinə oxşayır və uşağın özü də zəif qidalanır. Cavabdeh ikinci dəfə ailə qurub bir övladı var, lakin o, demək deyil ki, birinci uşağa baxılmamalıdır. Artıq hər şey qalxıb, uşağın tələbatı da artıb. Ayda uşağa 600 manat ödəniş edirik. İddiaçı tərəf iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

5. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onlar uşaqla daimi maraqlanırlar və uşağın alimentdən başqa digər xərclərini də babası kimi qarşılayır. Lakin cavabdeh ikinci dəfə nikaha daxil olub və həmin nikahdan bir uşağı var. Cavabdehin əmək haqqının məbləği alimentin artırılmasına imkan vermir. Belə ki, cavabdeh cəzaçəkmə müəssisəsində işləyir və aylıq əmək haqqı 720-730 manat təşkil edir. Bundan əlavə o və arvadı pensiyaçıdırlar və bununla belə uşağa hər ay 300-400 manat vəsait xərcləyirlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6210/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh ilə X3 arasında xx.xx.2011-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat şöbəsində 422 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X4 anası X1 yanında qalması və Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qərara alınmışdır.

7. Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 05 iyul 2019-cu il tarixli, AZ-T seriyalı, 097361 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6210/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 48 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “Quliyeva” soyadı verilmişdir.

8. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilən MŞB/18/2024-00067 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini, 10 manat kargüzarlıq xərcini ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. İddiaçı ilə Cavabdeh arasında olan nikah, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6210/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikah münasibətlərindən doğulan xx.xx.2012-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat tutulması müəyyən edilmişdir.

10. Bundan sonra cavabdeh könüllü razılıq əsasında iddiaçıya 193 manat aliment ödəmişdir.

11. İddiaçı hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6210/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

12. Tələbini isə uşağın tələbatının artması və özünün təkbaşına uşağı saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

13. Cavabdeh tərəf isə iddianı qəbul etmir və etirazını ikinci dəfə nikahdan uşağının olması və əmək haqqının artırılmaya imkan verməməsi ilə əsaslandırır. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən prosessual hüquq normaları:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 112.1.6-ci maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir.

26. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

27. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

28. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bununla belə qeyd edilməlidir ki, qanunvericilik aliment miqdarını aliment ödəməli olan şəxsin qazancı ilə ölçsə də, aliment ödəməli olan və rəsmi gəlir yeri olmayan və ya az olan əmək qabiliyyətli valideyni də yaşayış minimumu həddində uşağı saxlamaq vəzifəsindən azad etməmişdir. Bu məqamda ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu alimentin müəyyən edilməsi zamanı müəyyən mənada meyar kimi qəbul edilir.

29. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2019-cu ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 235 manat məbləğində müəyyən edilməlidir.

30. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edir ki, tərəfin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan uşağının olması onu uşağı saxlamaq vəzifəsindən azad etmir.

31. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

32. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəticə:

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6210/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

34. Bundan başqa iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində cavabdehdən 30 manat məbləğdə pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6210/2019-cu il tarixli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının iddia ərizəsi verilməsi üçün ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində Cavabdeh 30(otuz) manat məbləğdə pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar