Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2104/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, “xxxx” MTK tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan Gözəlov Orxan ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2017-ci il tarixinədək etmiş və müqavilə münasibətlərinə son qoyularaq həmin ünvan xx.xx.2017-ci il tarixdə 11,30 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2018-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmiş, bu barədə 6799 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olumnuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçının tələbləri qanunsuz və əsassızdır. Belə ki, o, bir neçə ildir ki, iddiaçının göstərdiyi xidmətlərdən istifadə etmir və onun tərəfindən hər hansı qanunsuz qoşulma baş verməmişdir. Ümumiyyətlə həmin ünvanda hal-hazırda yaşamır və iddiaçının hansı əsaslarla ona qarşı hazırkı iddianı irəli sürməsi ona aydın deyil. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23/24 məhəllə, 39F saylı binadakı 2-ci blok, 60 saylı mənzilin sahibi xx.xx.2017-xx.xx.2018-ci illərdə Cavabdeh olmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2018-ci il tarixli 6799 saylı aktın surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə “Xətai r., M.Hadi 23/24 xxxx” ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman 60 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyülmüş, lakin mənzil sakini özünü təqdim etməmiş və aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı MMC ilə Gözəlov Orxan arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2017-ci il tarixədək isə son ödəməsini edərək xx.xx.2017-ci il tarixdə 11,30 manat borcla şəbəkədən ayrılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində və arayışda müqavilənin “Gözəlov Orxan”la bağlanması göstərildiyi, müqavilənin və Cavabdeh iddiaçıya maddi zərər vurmasına dair hər hansı sübutun iddia ərizəsinə əlavə edilmədiyi halda, hazırkı iddia tələbinin hansı əsaslarla Cavabdeh qarşı irəli sürüldüyü iş materiallarından anlaşılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmasını iddia etsə də və bunu sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübut etməyə çalışsa da, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2104/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2104/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver