Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2105/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:̇ İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişani ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 33 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 203,40 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx xxxxxx 2005-ci il tarixli, TR 057 saylı və xx xxxxxx 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "Ədalət-A" hüquq firması arasında xx xxx 2008-ci il, xx xxxx 2011-ci il, xx xxxxx 2014cü il, xx xxxx 2015-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 mənzil 139 ünvanında qeydiyyatdadır. 92 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx xxx 2009-cu il tarixdə həmin ünvanda yaşayan Həmid Əliyev ilə İddiaçı MMC arasında “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx xxxx 2010-cu il tarixinədək etmiş və həmin ünvan xx xxxx 2010-cu il tarixdə 8,70 manat borc ilə şəbəkədən ayrılmışdır. xx xxxx 2011-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0850 C saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0850 C saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx xxxxxx 2010-cu il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx xxxx 2011-ci il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 0995 C saylı akt tərtib edilmişdir. Habelə iddia ərizəsinə əlavə olunan Bakı şəhəri 32 saylı notaraiat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, qanunsuz qoşulma faktı baş verən zaman cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olmuş və xx xxxxxx 2014-cü il tarixdə başqa şəxsə satmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 manat, xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx xxxxxx 2010cu il tarixdən təkrar qanunsuz qoşulma barədə 0095 C saylı aktın tərtib olunduğu xx xxxx 2011-ci il tarixə qədər olan müddət 110 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 33 manat təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi səhvən ona qarşı qaldırılıb. Beləki, iddia ərizəsində qeyd olunduğu kimi və işin faktiki hallarına görə həmin qanunsuz qoşulma vaxtı sözü gedən Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 121 mənzil 65 ünvanında məhz Həmid Əliyev adlı şəxs yaşıyırdı. Bundanda başqa işin faktiki hallarından və iddia ərizəsinin məzmunundan məlum olur ki, Həmid Əliyev ilə İddiaçı MMC arasında xx xxx 2009-cu il tarixdə müvafiq müqavilə bağlanmışdır. Halbuki qeyd olunan mənzil onun mülkiyyətindədir və Həmid Əliyev adlı bir şəxsə müvafiq müqavilənin bağlanması üçün tərəfindən hər hansı bir səlahiyyət və ya tapşırıq verilməmişdir. Bununlada iddiaçı tərəfindən onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddia tələbinin absurdluğu həmçinin ondan ibarətdir ki, 33 manat vurulmuş zərərə görə dəyəri 150 manat olan hüquqi xidmətin göstərilməsi üçün ümumi olan xərcin ondan tələb edilməsi tam olaraq əsassızdır. Belə ki, qeyd olunduğu kimi 150 manat dəyəri olan hüquqi xidmət müqaviləsi qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nəzərdə tutulub. Birincisi bütün binanın yoxlanmasına görə ödənilən 150 manatın hamısı nəyə görə ondan tutulmalıdır. İkincisidə qeyd olunduğu kimi bu xidmət müqaviləsinə görə binaların yoxlanılmasına görə ödəniş nəzərdə tutulub. Yəniki bir neçə bina nəzərdə tutulub və ya bu 150 manat məbləğ (müqavilənin ümumi dəyəri) tək onun mənzilinə aid edilmədiyi üçün tam olaraq ondan tələb edilməsi əsassızdır. Belə olan halda isə iddiaçı ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış müqaviləyə görə birçox binaların yoxlanılması nəzərdə tutulubsa ümumi müqavilənin dəyəri olan 150 manatın hamısı nəyə görə ondan tələb edilməlidir. Belə çıxır ki, iddiaçı ilə “Ədalət-A” hüquq firması hər pozuntuya yol vermiş mənzildən eyni müqavilə üzrə dəfələrlə və təkrar olaraq tələblər irəli sürməklə əsassız varlanmış olurlar. Bu barədə ədalətli məhkəmə araşdırmasının keçirilməsini və aidiyyati dövlət qurumlarının cəlb edilməsini tələb edir. Həmçinin hesab edir ki, iddiaçı heçbir əsası olmadan mülkiyyətində olan mənzilə aid Həmid Əliyev (həmin dövrdə mənzildə yaşayan) adlı şəxslə qanunsuz olaraq müqavilə bağlamışdır və qeyd etdiyi kimi xx xxxxxx 2010-cu il tarixdən xx xxxx 2011-ci ilə kimi qanunsuz istifadə halı olmuşdur. İlk növbədə iddiaçıya tövsiyyəsi odur ki, işini düzgün tənzimləyib və texniki imkanlarını daha da təkmilləşdirib şəbəkəsinə qanunsuz qoşulan hər bir şəxs barədə vaxtında məlumatlı olub zəruri tədbirlərini görsün. Belə ki, əgər 3 ay ərzində kimsə qanunsuz istifadə edibsə iddiaçıda bunu bilməli olmağa borclu olduğu halda buna şərait yaratmışdır və buna görədə əsassız olaraq abunə borcunun hesablanması tam olaraq qanunsuzdur. İlk növbədə işin faktiki hallarından biridə odur ki, iddiaçı ilə Həmid Əliyev adlı şəxs arasında 2009-cu ildən müqavilə münasibətləri mövcud olub. Beləliklə də, əgər 0850 C saylı aktda da adı qeyd olunan Həmid Əliyev adlı şəxs müqavilə bağlamış olmasaydı demək ki heç sonradanda iddiaçının şəbəkəsinə qanunsuz qoşulada bilməzdi. Bu hal məhkəmə tərəfindən mütləq qaydada nəzərə alınmalıdır. İddiaçının tələbinə görə guyaki, qanunsuz qoşulma məhz onun tərəfindən edilib. Lakin buna dair heç bir sübut belə məhkəməyə təqdim etməmişdir və əksinə 0850 C saylı aktda da Həmid Əliyevin adı qeyd olunmasına baxmayaraq iddia tələbini ona qarşı yönəltmişdir. Bundan başqa iddia ərizəsi məhkəməyə verilərkən pretenziya qaydasına riayət edilməmişdir. Belə ki, pretenziya məktubunun onun tərəfindən alınmasına dair heç bir sübut təqdim edilməyib. Belə olan halda isə məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq zəruri tədbirləri görməlidir. Göstərilənlərə əsasən, ona qarşı əsassız, sübutsuz və absurd olan iddia tələbinin ona aid hissədə rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda cavabdeh məhkəməyə yazılı vəsatət göndərərək Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən onun əsl cavabdeh Həmid Əliyev ilə əvəz edilməsini xahiş etmiş, habelə həmin şəxslə iddiaçı arasında bağlanmış müqavilənin və digər sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ilk cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatətinə yazılı formada münasibət bildirərək göstərmişdir ki, o, həmin vəsatətə etiraz edir. Belə ki, iddia ərizəsində göstərildiyi kimi, xx xxx 2009-cu il tarixdə həmin ünvanda yaşayan Əliyev Həmid ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və həmin vətəndaşla münasibətlərinə xx xxxx 2010-cu il tarixdə son qoyularaq 8,7 manat borc ilə şəbəkədən ayrılmışdır. Buna görə də həmin borc müqavilə münasibətlərindən yarandığına və Əliyev Həmidə aid olduğuna görə cavabdehə qarşı iddia üzrə pul tələbinə daxil edilməmişdir. Başqa sözlə, H.Əliyev yalnız müqavilə münasibətlərindən yaranan borc öhdəliyi həcmində məsuliyyət daşıyır. Lakin İddiaçı MMC-yə məxsus kabel şəbəkəsinə qanunsuz qoşulma faktı vətəndaşla müqavilə münasibətlərinə xitam verildikdən sonra, müqavilədənkənar mülki hüquq pozuntusu (delikt) nəticəsində baş verdiyinə həmin qanunsuz qoşulma faktları ilə əlaqədar dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi üzrə Mülki Məcəllənin tələblərinə əsasən mənzilin mülkiyyətçisi kimi cavabdeh mülki-hüquqi məsuliyyət daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “K@TV1”-in əməkdaşı X5, “Ədalət-A” hüquq firmasının əməkdaşı X4 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı S.Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0850 C saylı, xx xxxx 2011-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, ev 121, mənzil 65 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakini özünü təqdim etsədə akta imza çəkməkdən imtina etdi; İddiaçı MMC “K@TV1”-in əməkdaşı X9, “Ədalət-A” hüquq firmasının əməkdaşı Behbudov Bəxtiyar Möhübbət oğlu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı S.Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0995 C saylı, xx xxxx 2011-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, ev 121, mənzil 65 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı, lakin qapının arxasında bir uşaq cavab verərək bildirdi ki, böyüklər evdə yoxdur, kabel şəbəkədən ayrıldıqdan sonra uşaq qapını açaraq bildirdi ki, “siz etdiniz KATV göstərmədi bizdə”. Aktı və bildirişi qəbul etdi; xx xxxxxx 2014-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 65 saylı mənzili Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən X1 alıcının mülkiyyətinə verilmişdir; İddiaçı MMC-nin (“K@TV1”) xx xxxx 2019-cu il tarixli arayışına əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, ev 121, mənzil 65 ünvanında yaşayan Əliyev Həmid arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx xxx 2009-cu il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx xxxx 2010-cu il tarixinədək isə son ödəməsini edib. xx xxxx 2010-cu il tarixində 8,70 manat borc ilə şəbəkədən ayrılıb; xx xxx 2009-cu il tarixli, 4139akb nömrəli “Kabel şəbəkəsinin fərdi istifadəçilərinə xidmət göstərilməsinə dair” müqavilənin surətindən görünür ki, operator abunəçi Həmid Əliyevin KATV 1 kabel şəbəkəsinə qoşulmasını təmin edir, abunəçi isə ayllıq abunə haqqını vaxtında ödəyir; 92 saylı MKİS-nin xx xxxxx 2011-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, 121 saylı evin 65 saylı mənzilində qeydiyyatdadır; xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilmişdir; Mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Həmid Əliyev arasında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 saylı evin, 65 saylı mənzilini “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, həmin mənzil üzrə xx xxxx 2010-cu il tarixində son ödəmə edilmiş və xx xxxx 2010-cu il tarixində 8,70 manat borc ilə abonent şəbəkədən ayrılmışdır. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”-in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan xx xxxx 2011-ci il tarixli və xx xxxx 2011-ci il tarixli aktlara əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Buna görə də iddiaçı vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir və həmin dövrdə qeyd olunan ünvanda Əliyev Həmid adlı şəxsin yaşadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0850 C saylı, xx xxxx 2011-ci il tarixli və 0995 C saylı, xx xxxx 2011-ci il tarixli aktlar iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş video yazıda televiziya kabelinin məhz cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus şəbəkəyə qoşulması, habelə həmin kabelin cavabdehin mənzilinə çəkilməsi aşkar deyildir. Beləliklə, iddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:̇ İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2105/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2105/2021
18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver