Məhkəmə qərarları › İş №2(001)-2105/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2105/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2105/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakına dəyən zərərin əvəzi kimi 850 manat və dövlət rüsumunun ödənilməsi üçün 30 manat, ona tətbiq edilmiş 20 manat məbləğində cərimənin cəmi 900 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixli texniki pasporta əsasən ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 16:00-da o, Bakı şəhəri, Tolstoy küçəsində avtomobilini yolun sol kənarında qəza durma işıqları yanılı vəziyyətdə saxlayarkən avtomobilində olan sərnişin Cavabdeh enməsini gözləyərkən həmin şəxs ön sağ qapını açıb düşmək istəyən zaman düzünə hərəkətdə olan Ford Ecosport markalı 77PS175 dövlət qeydiyyat nişanlı avtmobilin sol yan hissəsi qapını toxundurmuşdur. Hadisə nəticəsində onun avtomobilinə xeyli ziyan dəyib. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Eyni zamanda Hüseynov iş üzrə verilən izahatında günahkar olduğunu etiraf edir. Lakin bu günədək Hüseynov Eldar ona vurduğu zərər müqabilində bir manat da olsun ödəməmişdir. O, həmin tarixdən etibarən maşını istifadəyə yararsız vəziyyətdə olduğu üçün işsizdir. Qeyd etmək istəyir ki, “X7” tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilimin təmiri üçün 850 (səkkiz yüz əlli) manat tələb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə qəbul edilməsinə razı olduğunu bildirdi. Razılıq barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair razılıq ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ƏN-Vİİİ 677852 nömrəli etibarnamənin surətindən görünür ki, X1 “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini xx.xx.2024-cü il tarixədək İddiaçı etibar etmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP 555409 nömrəli qərardan görünür ki, İddiaçı “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati xəta (dayanma qaydalarını pozduğuna) törətmiş və sonuncu 20 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli qərardan görünür ki, “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən inzibati xəta (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaylarının pozulması) törətmiş və sonuncu 30 manat məbləğində cərimə edilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-də verdiyi izahatdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 16:00 radələrində Tolstoy küçəsində etibarnamə ilə idarə etdiyi “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sol kənarında qəza durma işıqları yanılı olduğu zaman saxlayıb avtomobilində olan sərnişin Cavabdeh enməsini gözləyərkən Cavabdeh ö sağ qapını açıb düşmək istəyən zaman düzünə hərəkətdə olan Ford eksport markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə qapını toxundurdu. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-də verdiyi izahatdan görünür ki, xx.xx.2023-cü il tarixində taksi fəaliyyəti göstərən “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola düşmüşdür. Saat 16:00 radələrində Tolstoy küçəsində ön sağ qapını açıb düşmək istəyən zaman orada düzünə hərəkətdə olan Ford eksport markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili görməyərək qapını onun sol yan hissəsinə toxundurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-də verdiyi izahatdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 16:00 radələrində idarə etdiyi Ford eksport markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə L.Tolstoy küçəsi ilə hərəkət edirdi. R.Rza küçəsinin kəsişməsinə çatarkən orada yolun sol kənarında dayanmış “Opel Astra” minik markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ oturacaqda əyləşmiş sərnişin qəflətən qapını açaraq onun avtomobilinin sol yan hissəsinə dəydi. Hadisə zamanı xəsarət alan olmamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktlardan görünür ki, İddiaçı və X4 avtomobil idarə edərkən ayıq olmuşlar. X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 850 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1107.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə məsuliyyətdən azad edilmir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə L.Tolstoy küçəsində dayanmış, avtomobildə olan sərnişin avtomobildən düşərkən avtomobilin qapısını X2 idarə etdiyi avtomobilə toxundurmuşdur. Nəticədə avtomobillərə zərər dəymişdir. Hazırda iddiaçı öz avtomobilinə dəymiş 850 manat məbləğində zərərin və ona tətbiq edilmiş 20 manat məbləğində cərimənin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub hesab edir ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, avtomobilə dəymiş 850 manat məbləğində zərər və tətbiq edilmiş cəriməyə görə 20 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh avtomobilə dəymiş maddi zərərə görə 850 (səkkiz yüz əlli) manat, tətbiq edilmiş cəriməyə görə 20 (iyirmi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar