Məhkəmə qərarları › İş №2(001)-2107/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2107/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2107/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 13 yanvar 2013-cü il təvəllüdlü X4 və yetkinlik yaşına çatmayan 26 iyul 2018-ci il təvəllüdlü Məmmədli Nilay Ceyhun qızının yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2348/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh birgə nikahdan doğulan 13 yanvar 2013-cü il təvəllüdlü X2 və 26 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 iyun 2021-ci il tarixindən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda azyaşlıların 9 və 4 yaşları var. Uşaqlardan biri orta məktəbdə, digəri baxçada təhsil alır. Ona görə də, məsrəfləri yetəri qədər artmışdır. Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə tutulan aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Bu baxımdan uşaqların təlim və tərbiyəsi ilə yanaşı onların maddi tələbatlarını ödəmək ona çətindir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq o izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, birgə nikahlarında olan uşaqlar onun yanında saxlanılaraq uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin onun xeyrinə ödənilməsi müəyyən edilmişdir. Uşaqların xərcləri artdığından, həmçinin minimum aliment məbləği artırıldığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 2 aydır ki alimenti hər uşağa görə aylıq 200 manat, cəmi 400 manat olmaqla ödəyir. O, faktiki olaraq iddianı qəbul edir, lakin məhkəmə və hüquq mühafizə orqanlarından çəkindiyi üçün məhkəmədə iştirak edəcəyini ehtimal etmir. Cavabdehin rəsmi iş yeri olmasa da tikinti sahəsində işləyir və yüksək gəlir əldə edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2021-ci il tarixində verilən AZ-İ seriyalı, 387532 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.08.2021-ci il tarixində 428 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir.

7. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən AZ-İİİ seriyalı, 024759 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 13 yanvar 2013-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

8. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən AZ-İV seriyalı, 184222 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 26 iyul 2018-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2021-cı il tarixli, 2(001)- 2348/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xdmət” Mərkəzinin qeydiyyat şöbəsində 15 may 2018-ci il tarixdə bağlanmış, 1248 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları- 13.01.2013-cü il təvəllüdlü X4 və 26.07.2018-ci il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması, 13.01.2013-cü il təvəllüdlü X2 və 26.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01.06.2021-ci il tarixindən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. “X6” ASC tərəfindən verilən İddiaçı adına olan hesabdan çıxarış məlumatlarından görünür ki, sonuncunun hesabına 11.02.2022-ci il tarixində 200 manat, 28.02.2022-ci il tarixində 200 manat, 09.03.2022-ci il tarixində 200 manat, 19.03.2022-ci il tarixində 200 manat ödəniş edilmişdi. Sonuncu dəfə isə 02.04.2022-ci il tarixində 200 manat məbləğində ödəniş edilmişdir. Yəni 2022-ci ilin fevral və mart aylarında İddiaçı adına olan hesaba 400 manat məbləğində pul göndərilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.08.2021-ci il tarixində 428 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(001)- 2348/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 13.01.2013-cü il təvəllüdlü X4 və 26.07.2018-ci il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması, 13.01.2013-cü il təvəllüdlü X2 və 26.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01.06.2021-ci il tarixindən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(001)-2348/2021 saylı qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə ölkə ərazisində yaşayış minimumunun artması və cavabdehin tələb edilən həddə aliment ödəmək iqtidarında olması ilə əsaslandırır. Bunu isə cavabdehin 2022-ci ilin fevral və mart aylarında 400 manat aliment ödənişi etməsi ilə əlaqələndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

1. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

3. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

4. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

5. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

6. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;

7. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

8. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

9. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

11. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

12. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

13. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

14. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

15. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

18. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı 2021-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, cavabdehin könüllü olaraq aliment məbləğini artırmaqla onun həmin məbləğdə aliment ödəməyə imkanının olmasını(2022-ci ilin fevral ayında 400 manat, mart ayında 400 manat məbləğində aliment ödənişlərini) nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün üçün 193 manat məbləğində müəyyən edilməlidir.

19. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

20. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsindən alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulmasını xahiş etsə də, nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Tətbiq edilən prosessual normalar:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

27. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

28. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(001)-2348/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 13 yanvar 2013-cü il təvəllüdlü X2 və 26 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(001)- 2348/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 13 yanvar 2013-cü il təvəllüdlü X2 və 26 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar