Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2109/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı 27.06.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə və 69479 manat borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı 27.06.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə və 69479 manat borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 18 saylı notariat kontorunda kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 72000 manat faizsiz borc kredit verməyi, cavabdeh isə borcunu 27.06.2033-cü il tarixədək hər ay 400 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri 18.06.2019-cu il tarixinədək həyata keçirmiş, 2019-cu ildə isə yalnız 1 dəfə 14.06.2019-cu il tarixdə 505 manat ödəniş etmişdir. Bundan sonra cavabdeh heç bir ödəniş etməmiş, iddiaçı dəfələrlə tələb və xəbərdarlıq etsə də, öhdəliyi icra etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 07.08.2018-ci il tarixdə 400 manat, 30.08.2018-ci il tarixdə 404 manat, 09.10.2018-ci il tarixdə 404 manat, 06.12.2018ci il tarixdə 808 manat, 14.06.2019-cu il tarixdə 505 manat olmaqla cəmi 2521 manat ödəniş etmişdir. 11.12.2020-ci il tarixdə iddiaçı cavabdehin ünvanına tələblə bağlı pretenziya məktubu göndərsə də, cavabdeh həmin ünvanda yaşamadığından məktub ona çatmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı müqavilənin ləğv edilməsi qərarına gəlmişdir. Ona görə də İddiaçı ilə Cavabdeh1 ilə arasında bağlanmış 27.06.2018-ci il tarixli 3M-270 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin ləğv edilməsinə və cavabdehin ödəmədiyi 69479 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ehtiyatsızlıqdan baş verən cinayət əməli nəticəsində məhkum olunmuş və vurulmuş ziyanla bağlı zərərçəkənin hüquqi varisi olan iddiaçı ilə 27.06.2018-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq olunan kredit müqaviləsi bağlamışdır. Həmin vaxt ziyanın məbləği 72000 manat müəyyən edilmiş və o, bu məbləği 27.06.2033-cü il tarixədək hər ay 400 manat olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə iddia ərizəsində qeyd olunan məbləği ödədikdən sonra səhhətində olan problemə görə ödənişləri həyata keçirə bilməmişdir. Hal-hazırda o, özünə məxsus torpaq sahəsini satıb iddiaçıya ödəməli olduğu vəsaiti verəcəkdir. Cavabdeh Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq olunmuş 27.06.2018-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, borc verən borc alana 27.06.2033-cü il tarixədək hər ay 400 manat qaytarmaq şərti ilə faizsiz 72000 manat kredit vermişdir. Kredit müqaviləsinin 10-cu bəndindən müəyyən olunur ki, bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Kapital Bank ASC-nin 08.10.2020-ci il tarixli ödəniş kartından çıxarışından müəyyən olunur ki, İddiaçı kart hesabına 07.08.2018-ci il tarixdə 400 manat, 30.08.2018-ci il tarixdə 404 manat, 09.10.2018-ci il tarixdə 404 manat, 06.12.2018-ci il tarixdə 808 manat, 14.06.2019-cu il tarixdə 505 manat ödəniş edilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş Kapital Bank ASC-nin 07.08.2018-ci il tarixli TT**********495400 nömrəli qəbzindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı kart hesabına 400 manat ödəniş etmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş Kapital Bank ASC-nin 30.08.2018-ci il tarixli TT**********413413404 nömrəli qəbzindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı kart hesabına 404 manat ödəniş etmişdir. Kapital Bank ASC-nin 05.12.2018-ci il tarixli 01 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, X1 MMC İddiaçı kart hesabına 808 manat ödəniş etmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş Kapital Bank ASC-nin 14.06.2019-cu il tarixli TT**********791505 nömrəli qəbzindən müəyyən olunur ki, G.R.Məmmədova İddiaçı kart hesabına 505 manat ödəniş etmişdir. Borc verən İddiaçı vəkili Vəkil borclu Cavabdeh1 ünvanladığı 11.12.2020-ci il tarixli pretenziyadan müəyyən olunur ki, borcluya kredit müqaviləsi üzrə ödənilməmiş məbləğin 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 27.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya 69479 manat borcunun qalması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə, Cavabdeh1 69479 manat borcun tutulmasına dair tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 27.06.2018-ci il tarixli müqaviləyə əsasən 69479 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 69509 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2109/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2109/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver