Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2114/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı “X1” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5116,18 manat əsas, 14,35 manat faiz borcu olmaqla, cəmi 5130,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 71,31 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 5676,99 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17 fevral 2022, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 5116,18 AZN əsas, 14,35 AZN faiz borcu olmaqla, cəmi 5130,53 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir ve kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, borcu olduğunu qəbul edir. Lakin borcu birdəfəlik ödəmək imkanı yoxdur. Borcunun əmək haqqından tutulmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. «X1» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №2219rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" ASC borcalana 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 5676,99 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Aylıq ödəniş məbləği 121 manat olmaqla ilkin ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olaraq müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə güzəşt müddəti müəyyən edilmiş və aylıq ödəniş 4,73 manat olmuşdur.
6. «X1» ASC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2395nkFİL8/15 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 110,72 Abş dolları məbləğində faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur.
7. «X1» ASC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4810nkFİL8/14 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 manat məbləğində faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur.
8. «X1» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2219rstBank/19 saylı kredit müqaviləsinə dyişikliklər edilməsi haqqında xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, müqavilənin müddəti, bitmə tarixi dəyişilməz olaraq qalmaqla, bu sazişin imzalandığı tarixə qalıq əsas borc məbləği üzrə güzəşt müddəti 2 saylı Əlavə ilə hesablanması nəzərdə tutulmuşdur.
9. xx.xx.2019-cu il tarixli, №2219rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə 2 saylı Əlavədən görünür ki, Cavabdeh 42 ay müddətinə, illik 1 % dərəcəsi ilə, aylıq ödəniş 121 manat olmaqla 5191,6 manat məbləğində kredit verilmişdir.
10. “X1” ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 3 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
11. “X1” ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 5116,18 AZN əsas, 14,35 AZN faiz borcu olmaqla, cəmi 5130,53 AZN borcu vardır.
12. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 71,31 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. «X1» ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, №2219rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmışdır."xxxx" ASC borcalana 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 5676,99 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
14. Daha sonra tərəflər arasında imzalanan xx.xx.2019-cu il tarixli 2219rstBank/19 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2021-ci il tarixli Saziş cavabdeh verilən kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği 5191,6 manat müəyyən edilmişdir.
15. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etməmiş, nəticədə bank cavabdehin maliyyə arayışında göstərilən məbləğdə- 5130,53 manat məbləğində borcunun yarandığını iddia edir və həmin borc məbləğinin cavabdehdən tələb edir.
16. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
25. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
27. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Belə ki, cavabdehin özü də məhkəmə iclasında borcunun olduğunu bildirmiş və borc məbləğini mübahisələndirməmişdir. Cavabdehin izahatında bildirdiyi hallar isə iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas olmamaqla məhkəmə qərarlarının icrası qaydasında həll edilməli olan məsələdir. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
32. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 sentyabr 2019-cu il tarixli, 2219rstBANK/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5116,18 (beş min yüz on altı manat, on səkkiz qəpik) manat, faiz borcuna görə 14,35 (on dörd manat, otuz beş qəpik) manat olmaqla, ümumilikdə 5130,53 (beş min yüz otuz manat, əlli üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 71,31 (yetmiş bir manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 06 sentyabr 2019-cu il tarixli 2219rstBANK/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5116,18 (beş min yüz on altı manat, on səkkiz qəpik) manat, faiz borcuna görə 14,35 (on dörd manat, otuz beş qəpik) manat olmaqla, ümumilikdə 5130,53 (beş min yüz otuz manat, əlli üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 71,31 (yetmiş bir manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev