Məhkəmə qərarları › İş №2(001)-2120/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2120/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2120/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2007-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-dan satın aldığı Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 3007ci məhəllə bina 44 C, B girişi XV mərtəbədə yerləşən 4 otaqlı mənzilin kəsir verilmiş 13,29 kv.m sahəsinin hər kvadratına görə 1500 manat olmaqla, cəmi 19 935 (on doqquz min doqquz yüz otuz beş) manat (13.29 kv.m x 1500 AZN = 19 935 manat) pulun Cavabdeh MTK-dan alınaraq ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 12 yanvar 2007-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-dan sahəsi 55,56 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, bina 44 C, B girişi XV mərtəbə 1 otaqlı 120 saylı mənzili 16.112 ABŞ dollarına satın almışdır. Eyni tarixli digər maliyyə arayışına əsasən Cavabdeh MTK-dan sahəsi 93,23 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, bina 44 C, B girişi XV mərtəbə 2 otaqlı 119 saylı mənzili 27.036 ABŞ dollarına satın almışdır. Maliyyə arayışlarına əsasən Cavabdeh MTK iddiaçıya sahəsi 55,56 kv.m və 93,23 kv.m olan mənzilləri verməli olsa da, faktiki olaraq daha az sahəsi olan mənzillər vermişdir. Cavabdeh MTK-nın təsisçiləri və direktoru iddiaçının etibarından sui-istifadə edərək, həmçinin onu aldadaraq ona 119 və 120 saylı mənzilləri maliyyə arayışlarında nəzərdə tutulandan 13,29 kv.m. az sahə verməklə maddi zərərə düşməyi ilə nəticələnən qanunsuz hərəkətlər etmişlər. Yaranmış problemin aradan qaldırılması tələbi ilə Cavabdeh MTK-nın təsisçisi X5, şirkətin digər təsisçiləri, MTK-nin vəzifəli şəxsləri X12, X4 və X2 iddiaçı tərəfindən məlumat verilsə də, adı çəkilən şəxslər ona vurduqları zərərin əvəzinin ödənilməsini təmin etməmişlər. Cavabdeh MTK-nın rəhbərliyinin qanusuz hərəkətləri barədə prokurorluq orqanlarına müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək, tərəflər arasında yaranmış münasibətlərin mülki münasibətlər olduğundan bu barədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı tələbi onunla təmsil etdiyi MTK arasında 2004-cü ildə bağlanmış müqavilələrə əsaslanır. Ona görə də iddaçı iddia müddətini ötürmüşdür və bu əsasla iddia rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 27 iyul 2004-ci il tarixdə “kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə inşa etdiyi binadakı 88,72 kv.m-dən ibarət 119 saylı mənzili və 52,88 kv.m-dən ibarət 120 saylı mənzili payçıya təhvil verməyi, payçı (iddiaçı) isə həmin əmlakı qəbul etməyi və mənzillərin əvvəlcədən müəyyənləşdirilmiş haqqını – 41100 ABŞ dolları məbləğində pulu vaxtında ödəməyi öhdəsinə götürmüş, müqavilənin 4-cü bəndində payçının (iddiaçının) müqavilənin bağlanmasından 5 gün ərzində mənzilin ümumi dəyərinin 30% məbləğindən az olmayaraq ilk haqqı ödəməli olması, qalan hissəsini isə aybaay ödəyəcəyi nəzərdə tutulmuşdur. Cavabdeh MTK-nın 12.01.2007-ci il tarixli maliyyə arayışlarına görə, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən kooperativ yaşayış binasının B giriş, XV mərtəbəsində, ümumi sahəsi 93,23 kv.m. olan 2 otaqlı, 119 saylı mənzilin dəyəri olan 27036 ABŞ dolları, o cümlədən həmin binanın eyni giriş və mərtəbəsində, ümumi sahəsi 55,56 kv.m olan 1 otaqlı, 120 saylı mənzilin dəyəri olan 16112 ABŞ dolları tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Əlavə kvadrat fərqi ödənilmişdir. Mülki işin materiallarından görünür ki, digər vətəndaşlarla İddiaçı “...Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən onların satın aldıqları mənzillərə çıxarış alınması üçün lazımi sənədlərin verilməsi üçün qanunsuz olaraq əlavə haqq tələb olunması, eyni zamanda müqavilədə göstəriləndən daha kiçik sahəli mənzilin verilməsi” barədə ərizəsi Nəsimi rayon prokurorluğunda araşdırılmış, nəticə etibarı ilə mübahisənin mülki xarakterli olduğu müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ərizəçilərə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli 10/1189 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, bina 44 C, B girişi, 15-ci mərtəbədə yerləşən, 119 və 120 saylı mənzillərin konstruksiyalarında İddiaçı tərəfindən dəyişiklik edilmişdir. Belə ki, mənzillər arasındakı arakəsmə divarı sökülərək faktiki olaraq bir mənzil şəklində birləşdirilmişdir. ...Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, bina 44 C, B girişi, 15-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilin ümumi sahəsi 135,5 kv.metr müəyyən edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdeh MTK-nın onlar arasında bağlanmış müqavilədə göstəriləndən daha kiçik sahəli mənzilləri ona verdiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, cavabdeh MTK-nın nümayəndəsi isə, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına istinadən iddiaya etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduqları iddia edilən mənzillərə dair müqavilə 27 iyul 2004-ci il tarixdə bağlanmış, 12.01.2007-ci il tarixdə isə cavabdeh MTK tərəfindən iddiaçının mənzillərin dəyərini tam ödəməsi barədə maliyyə arayışları verilmişdir. Eyni zamanda mənzillər iddiaçıya təhvil verilmiş və onun tərəfindən mənzillərdə təmir işləri aparılmışdır. İşin qeyd edilən halı tərəflərin (nümayəndələrinin) izahatları ilə yanaşı, iş üzrə əldə edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bununla belə iddiaçı həmin tarixlərdən sonra cavabdehə qarşı mənzillərin sahələrinin əskik olduğuna dair (başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair) hər hansı tələb irəli sürməmiş, yalnız 26.01.2021-ci il tarixdə (müqavilənin bağlanmasından 16 il 6 ay, maliyyə arayışlarının verilməsindən təxminən 13 il 6 ay sonra) hazırkı iddia tələbi ilə çıxış etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Bu mənada məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tətqiqatının dəyəri olan 50 manat isə iddiaçıdan tutularaq X3 (Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İddiaçı 50 manat tutularaq X3 (Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar