Məhkəmə qərarları › İş №2(001)-2124/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2124/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2124/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X2 D9 max üçün 711,10 manat ödənilməmiş hissə, 213,33 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Kombi Hoffman 24KW üçün 551,10 manat ödənilməmiş hissə və 165,33 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Bahar-Qonaq-Masa, Yeni-stul-Carmen moon 45 (Ceviz ayaq) 6 ədəd üçün 526,8 manat ödənilməmiş hissə və 158,04 manat cərimə olmaqla, cəmi 2325,70 manat borcun və 43,26 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, X2 D9 max, Hoffman Kombi 24KW və Bahar-Qonaq-Masa, Yeni-stul-Carmen moon 45 (Ceviz ayaq) 6 ədəd almış, nəticədə 2325,70 manat borc yaranmışdır. Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1083,88 manat olan X2 D9 max üçün ilkin ödəniş 121 manat olmaqla, 24 ay müddətinə, hər ay 40,12 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 manat olan Hoffman Kombi 24KW üçün ilkin 195 manat, 12 ay müddətinə, hər ay 58,75 manat ödəmək şərti ilə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1240,18 manat olan Bahar-Qonaq-Masa, Yeni-stul-Carmen moon 45 (Ceviz ayaq) 6 ədəd üçün ilkin ödəniş 160 manat olmaqla, 18 ay müddətinə, hər ay 60,01 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X2 D9 max üçün ümumilikdə 924,43 manat olmaqla, ondan 711,10 manat ödənilməmiş hissə, 213,33 manat cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Hoffman Kombi 24KW üçün ümumilikdə 716,43 manat olmaqla, ondan 551,10 manat ödənilməmiş hissə, 165,33 manat cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Bahar- Qonaq-Masa, Yeni-stul-Carmen moon 45 (Ceviz ayaq) 6 ədəd üçün ümumilikdə 684,84 manat olmaqla, ondan 526,8 manat ödənilməmiş hissə, 158,04 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1435,06 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 08921383 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 160 manat olmaqla, 18 ay müddətinə, hər ay 60,01 manat ödəmək şərti ilə, dəyəri 1240,18 manat olan «Bahar-Qonaq-Masa, Yeni-stul-Carmen moon 45 (Ceviz ayaq) 6 ədəd» mebel satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən «Bahar- Qonaq-Masa, Yeni-stul-Carmen moon 45 (Ceviz ayaq) 6 ədəd» mebel Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 03123469 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin 121 manat olmaqla, 24 ay müddətinə, hər ay 40,12 manat ödəmək şərti ilə, dəyəri 1083,88 manat olan X2 D9 max satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X2 D9 max Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 09482590 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin 195 manat, 12 ay müddətinə, hər ay 58,75 manat ödəmək şərti ilə, dəyəri 900 manat olan Hoffman Kombi 24KW satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən «Hoffman 24KW» markalı Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 526,8 manat ödənilməmiş hissə və 158,04 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 711,10 manat əsas borc və 213,33 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 551,10 manat əsas borc və 165,33 manat cərimə borcu olmaqla, cəmi 2325,70 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 526,8 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 711,10 manat əsas borc və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 551,10 manat əsas borc alınaraq, İddiaçınə verilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənsübsüz surtədə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyən edilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla belə qənaətə gəlirəm ki, alqı-satqı müqavilələrinndən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 526,8 manat əsas borca görə hesablanmış 158,04 manat cərimə məbləği azaldılaraq 53 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 711,10 manat əsas borca görə hesablanmış 213,33 manat cərimə məbləği azaldılaraq 71 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 551,10 manat əsas borca görə hesablanmış 165,33 manat cərimə məbləği azaldılaraq 55 manat müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hesab edirəm ki, iddia qismən təmin edildiyindən ödənilmiş 43,26 manat dövlət rüsumunun 39,68 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 526,8 (beş yüz iyirmi altı manat 80 qəpik) manat məbləğində əsas borc, 53 (əlli üç) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 711,10 (yeddi yüz on bir manat 10 qəpik) manat məbləğində əsas borc, 71 (yetmiş bir) manat məbləğində cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 551,10 (beş yüz əlli bir manat 10 qəpik) manat məbləğində əsas borc, 55 (əlli beş) manat məbləğində cərimə borcu və 39,68 (otuz doqquz manat 68 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2007,68 (iki min yeddi manat, 68 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar