Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2128/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia ərizəsini dəqiqləşdirərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********42535 olan Samsung Galaxy S23 markalı telefon üçün 1968.84 manat ödənilməmiş hissə, 590.65 manat dəbbə; İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 1906.8 manat ödənilməmiş hissə, 572.04 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung üçün 1282.6 manat ödənilməmiş hissə, 384.78 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Vinil şəffaf, Vinil mat, İmei kodu **********98192 olan Oppo A38 markalı telefon üçün 48.82 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Paris-Jurnal masa üçün 186.6 manat ödənilməmiş hissə, 55.98 manat dəbbə pulu, ümumilikdə 7020.71 manat borc, 93.21 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrinə əsasən, İmei kodu **********42535 olan Samsung Galaxy S23 markalı telefon, Soyuducu Samsung, Paltaryuyan Samsung, Vinil şəffaf, Vinil mat, İmei kodu **********98192 olan Oppo A38 markalı telefon, Paris-Jurnal masa almış və nəticədə 7020.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1968.84 manat (18 ay x 109.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********42535 olan Samsung Galaxy S23 markalı telefon üçün ümumilikdə, 2583.09 manat olmaqla ondan, 1968.84 manat ödənilməmiş hissə, 590.65 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2080.80 manat (24 ay x 86.70 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Samsung üçün ümumilikdə, 2478.84 manat olmaqla ondan, 1906.8 manat ödənilməmiş hissə, 572.04 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1399.20 manat (24 ay x 58.30 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung üçün ümumilikdə, 1667.38 manat olmaqla ondan, 1282.60 manat ödənilməmiş hissə, 384.378 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410.04 manat (18 ay x 22.78 + 0 manat ilkin ödəniş) olan Vinil şəffaf, Vinil mat, İmei kodu **********98192 Oppo A38 markalı telefon üçün ümumilikdə, 348.14 manat olmaqla ondan, 267.80 manat ödənilməmiş hissə, 80.34 manat dəbbə, xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 210.06 manat (18 ay x 11.67 + 0 manat ilkin ödəniş) olan Paris-Jurnal Masa üçün ümumilikdə, 242.57 manat olmaqla ondan, 186.60 manat ödənilməmiş hissə, 55.98 manat dəbbə borcu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 456.30 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarş tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya yönəldilə bilər. Tərəflərin izahatları və iddiaya münasibətləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia ərizəsinə göstərilən 4-cü müqavilə üzrə təxminən 20 manatdan biraz çox ödəniş edilmişdir. Ona görə də, iddia tələbinin dəqiqləşdiriməsinə dair ərizəni elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. İş üzrə çıxarılacaq məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, 90 % hallarda cavabdehlərdə olan telefonlar işlədilməsi üçün sistem üzərindən açılır.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, müqavilə üzrə ödənişi edən adına məhsul alınan şəxsdir. Hazırda öz istifadəsində olan telefon bağlı olduğundan heç bir dövlət orqanı tərəfindən onunla əlaqə saxlanıla bilməyəcək. Hətta tələbkarın özü də, onunla əlaqə saxlaya bilməyəcək. Odur ki, heç olmasa istifadəyə bağlanmış telefonunun açılmasını xahiş edir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğlər şişirdilmişdir. İlk vaxtlar hər bir məhsula görə 2 ay ödəniş etmişdir. Oppo A38 markalı telefonu isə dostuna vermişdir. Dostu Oppo A38 markalı telefona görə hər ay vaxtı vaxtında ödənişlər edir. Hazırda Oppo A38 markalı telefona görə 87 manat borc vardır, lakin iddiaçı ondan 267,80 manat tələb edir. Bundan başqa maddi imkanı olmadığı üçün ödənişləri yerinə yetirə bilməmişdir. Hazırda kirayədə qalır, uşaqları isə xəstədirlər. Borcunu hissə-hissə ödəməyə razıdır. İddiaçı MMC-yə müraciət etsə də, təklifi rədd edilmişdir. Bundan başqa iddiaçı tərəfindən Samsung Galaxy S23 markalı telefonu deaktiv edilmişdir. Telefonun açılması ilə bağlı da iddiaçıya müraciət etsə də, tam ödəniş olunduqdan sonra açacaqlarını bildirmişlər. Lakin iddiaçının bu hərəkətini qanunsuz hesab edir. Qızı əlil olduğundan dərsləri ilə evdən, həmin telefonla məşğul olur. Cərimə məbləğləri çox hesablanıb. xx.xx.2025-ci il tarixdən hazırki vaxta qədər yalnız Oppo A38 markalı telefona görə ödənişlər olub. Digər məhsullara görə ödəniş etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №11481213 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1968.84 manat olan İmei kodu **********42535 olan Samsung Galaxy S23 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 109.83 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 14 oktyabr 2024-cü il, sonuncu ödəniş tarixi 14 mart 2025-ci il müəyyən edilmişdir. Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri Müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən, cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
7. 06 iyul 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №11481213 saylı saylı müqaviləyə əsasən İmei kodu **********42535 olan Samsung Galaxy S23 markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
8. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışa görə, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********42535 olan Samsung Galaxy S23 markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat pul ödənilmişdir.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №03117316 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2080.80 manat olan Soyuducu Samsung Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 86.70 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 17 iyun 2024-cü il, sonuncu ödəniş tarixi 17 may 2025-ci il müəyyən edilmişdir.
10. xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №03117316 saylı saylı müqaviləyə əsasən Soyuducu Samsung qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №10787656 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1399.20 manat olan Paltaryuyan Samsung Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 58.30 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 31 may 2024-cü il, sonuncu ödəniş tarixi 30 aprel 2025-ci il müəyyən edilmişdir.
12. 22 aprel 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №10787656 saylı saylı müqaviləyə əsasən Paltaryuyan Samsung-u qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2024-cü il tarixli, №10817655 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 410.04 manat olan Vinil şəffaf, Vinil mat, İmei kodu **********98192 Oppo A38 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 22.75 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 10 aprel 2024-cü il, sonuncu ödəniş tarixi 10 sentyabr 2025-ci il müəyyən edilmişdir.
14. 10 mart 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №10817655 saylı saylı müqaviləyə əsasən Vinil şəffaf, Vinil mat, İmei kodu **********98192 Oppo A38 markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 may 2024-cü il tarixli, №13906743 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 210.06 manat olan Paris-Jurnal Masa Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 11.67 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 17 iyun 2024-cü il, sonuncu ödəniş tarixi 17 noyabr 2025-ci il müəyyən edilmişdir.
16. 09 may 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №13906743 saylı saylı müqaviləyə əsasən Paris-Jurnal Masanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
17. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;
18. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 93.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06 iyul 2024-cü il tarixli, №11481213 saylı, 03 may 2024-cü il tarixli, №03117316 saylı, 22 aprel 2024-cü il tarixli, №10787656 saylı, 10 mart 2024-cü il tarixli, №10817655 saylı, 09 may 2024-cü il tarixli, №13906743 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, "xxxx" MMC müqavilələr üzrə əşyaları cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş, hər bir müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.
20. Hazırda iddiaçı müqavilələr üzrə yaranmış cəmi 7020.71 manat məbləğində borcun tutulmasını xahiş edir.
21. Cavabdeh isə müqavilələr üzrə borcunun olduğunu qəbul edir, lakin cərimə məbləğinin çox hesablandığından və telefonun deaktiv edilməsindən narazı olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
24. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
30. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
31. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
32. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
33. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.
34. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
35. Müqavilələr üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, müqavilələr üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən müqavilələr üzrə ümumilikdə hesablanmış 1603,45 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
36. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən müqavilələr üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 1) 06 iyul 2024-cü il tarixli, №11481213 saylı müqavilə üzrə 100 manat, 2) 03 may 2024-cü il tarixli, №03117316 saylı müqavilə üzrə 100 manat, 3) 22 aprel 2024-cü il tarixli, №10787656 saylı müqavilə üzrə 70 manat, 4) 09 may 2024-cü il tarixli, №13906743 saylı müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
44. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
45. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 06 iyul 2024-cü il tarixli, №11481213 saylı müqavilə üzrə əsas borca görə 1968,84 manat, cərimə borcuna görə 100 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat; 03 may 2024-cü il tarixli, №03117316 saylı müqavilə üzrə əsas borca görə 1906,8 manat, cərimə borcuna görə 100 manat; 22 aprel 2024-cü il tarixli, №10787656 saylı müqavilə üzrə əsas borca görə 1282,6 manat, cərimə borcuna görə 70 manat; 10 mart 2024-cü il tarixli, №10817655 saylı müqavilə üzrə əsas borca görə 48.82 manat; 09 may 2024-cü il tarixli, №13906743 saylı müqavilə üzrə əsas borca görə 186.6 manat, cərimə borcuna görə 10 manat olmaqla, ümumilikdə 5697.26 manat məbləğində pul vəsaiti və 65 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
46. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 06 iyul 2024-cü il tarixli, №11481213 saylı müqavilə üzrə əsas borca görə 1968,84 manat, cərimə borcuna görə 100 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat; 03 may 2024-cü il tarixli, №03117316 saylı müqavilə üzrə əsas borca görə 1906,8 manat, cərimə borcuna görə 100 manat; 22 aprel 2024-cü il tarixli, №10787656 saylı müqavilə üzrə əsas borca görə 1282,6 manat, cərimə borcuna görə 70 manat; 10 mart 2024-cü il tarixli, №10817655 saylı müqavilə üzrə əsas borca görə 48.82 manat; 09 may 2024-cü il tarixli, №13906743 saylı müqavilə üzrə əsas borca görə 186.6 manat, cərimə borcuna görə 10 manat olmaqla, ümumilikdə 5697.26 (beş min altı yüz doxsan yeddi manat, iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti və 65 (altmış beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev