Məhkəmə qərarları › İş №2(001)-216/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-216/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-216/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzili xx xxxxx 2007-ci il tarixli AN seryalı ******* saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx xxx 2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışla ünvan 1 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilin üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı mülkiyyətində olan sözügedən mənzili kirayə vermək qərarına gəldiyindən 2015-ci ildə Cavabdeh1 ilə aralarında razılığa gələrək ünvan 1 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzili Cavabdeh1 və ailə üzvlərinə kirayə verimişdir. Lakin cavabdehin maddi vəziyyətində olan problemlərlə bağlı cavabdehləri mənzildən çıxarmaq istəsə də, Maral Alıyevə onu başa düşməyini bildirərək 3-4 aylıq müddət istədi. Bir neçə dəfə bu minivalla müddət alaraq artıq 4 ilə yaxındır ki, evdən çıxmır. İddiaçı mülkiyyətində olan mənzilə oğlunu köçürmək istəsə də, cavabdehlərin evindən çıxmaması səbəbindən bunu reallaşdıra bilməmiş və öz mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Buna baxmayaraq bu gün də cavabdeh mənzildən çıxmaqdan imtina edir. İddiaçı dəfələrlə ondan mülkiyyətində olan mənzildən çıxmasını tələb etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək qanunsuz olaraq mənzildən çıxmaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxmaqdan imtina edir və bununla da iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzildən çıxarılmalıdırlar. Bundan başqa cavabdehin qanunsuz olaraq iddiaçının mənzilindən çıxmaması səbəbindən iddiaçı 10000 manat məbləğində maddi zərərə məruz qalmışdır ki, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, cavabdehlərin iddiaçının mənzilindən çıxmaması səbəbindən oğlu kirayədə qalır və bu da iddiaçının maddi zərər almağına, eləcə də bütün bu qanunsuz hərəkətlərin nəticəsində psixi sarsıntı və əsəb keçirməyinə səbəb olmuşdur. Bu uzun sürən ağır psixi sarsıntı və iztirablardan dolayı aldığı mənəvi zərəri iddiaçı 5000 manat kimi qiymətləndirir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzi kimi 10000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, cəmi 15000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin həcmini artırmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilindən çıxarılmasını, vurulmuş maddi zərərin əvəzi kimi 12400 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, cəmi 17400 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və ailə üzvləri təqribən beş ildir ki, sözügedən mübahisəli mənzildə yaşamış, yaşadığı ilk günlərdə evin vəziyyəti bərbad gündə idi. Həmin evdə o vəziyyətdə yaşamaqları mümkün olmadığından, evin döşəməsini və divarlarını dəfələrlə təmir etdirmişdir. 2017-ci ildə qızı Cavabdeh3 evin hamamında dəm qazından zəhərləndiyindən məcburiyyət qarşısında qalıb hamamı təmir elətdirmişdir. Evin hamamının təmir elətdirməklə yanaşı ora bir necə yeni hamam üçün avadanlıq da almışdır. Bundan əlavə onun şəhid ailələri üçün nəzərdə tutulan kartı da iddiaçıdadır. Hər ay ona təyin olunan müavinətin bir qismini - təqribən 200 manatını aylıq kirayə haqqına çıxır. Kirayə haqqı bir yana, həmin evin təmiri üçün ümumilikdə 6000 manatdan çox xərci çıxmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə məhkəməyə bildirmişdir ki, o, ekspert rəyi ilə razı deyil. Belə ki, Cavabdeh1 təmir etdiyi iddia edilən evə baxış keçirilərkən o da həmin mənzildə olmuş və mənzildə hər hansı təmir işlərinin aparılmasından söhbət gedə bilməz. Mənzilin balkon və sanitar qovşağına plastik qapı qoyulmuş, lakin həmin qapıların cavabdehlər tərəfindən qoyulmasına dair ilk iddia üzrə cavabdehlər tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İlk iddia üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilk iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68 də istifadədə olan 0,14957 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada yerləşən 2 otaqlı 142 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz". İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. İlk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehlərin ona məxsus mənzildən çıxarılması ilə bərabər, cavabdehlərdən ona vurulmuş 12400 manat maddi ziyan və 5000 manat vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzil İddiaçı mülkiyyətindədir və qeyri-rəsmi olaraq 2015-ci ildən Cavabdeh1 və onun ailə üzvlərinə kirayə verilmiş, iddiaçı cavabdehlərin mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə 5 il sonra - xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Yəni, göründüyü kimi, Cavabdeh1 və onun ailə üzvləri İddiaçı məxsus mənzildə yaşamaqla hər hansı qanunazidd hərəkət etməmiş, tərəflər arasında qarşılıqlı razılaşma mövcud olmuş və bunu hər iki tərəf qəbul edir. Belə olan halda ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsi iş materialları ilə təsdiq olunmur. İlk iddia ərizəsinin maddi ziyanla bağlı tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamış, maddi ziyanın çəkilməsini və çəkilmiş maddi ziyanın məbləğini təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia ərizəsinin dəlillərinin araşdırılması məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1511/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: ünvan 3 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzildə son beş il ərzində hər hansı təmir işləri aparılmışdırmı? Qeyd olunan mənzildə hər hansı təmir işləri aparılmışdırsa həmin təmir işləri nədən ibarət olmuşdur? Təmir işləri aparılmışdırsa görülmüş təmir işlərinin (ustaların əmək haqqı və materialların qiyməti göstərilməklə) manatla nə qədər təşkil edir? İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 10/886 saylı ekspert rəyindən görünür ki, ekspert təmir işlərinin manatla nə qədər təşkil etməsini rəydə qeyd etsə də, təmirin son beş il ərzində aparılıb-aparılmamasına heç bir münasibət bildirməmişdir. Halbuki, hazırkı mülki iş çərçivəsində qeyd olunan sualın cavabı qarşılıqlı iddia tələbinin təməlini təşkil edir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə nümayiş etdirdiyi video yazıdan görünür ki (həmin video yazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1511/2020 saylı qərardadı ekspert tərəfindən icra olunarkən mübahisəli mənzildə çəkilmişdir), qeyd olunan mənzildə yaxın keçmişdə hər hansı təmir işlərinin aparılması şübhə doğurur, yalnız mənzilə plastik qapıların nisbətən təzəlikcə qoyulması aydın seçilir və məhkəmədə plastik qapıların qoyulmasına xərclərin Cavabdeh1 tərəfindən çəkilməsinə daxili inam yaranır. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.2-ci maddəsinə əsasən, ... kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 1090.1-ci maddəsinə müvafiq olaraq, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilindən çıxarılmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 440 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 2 otaqlı 142 saylı mənzilindən çıxarılsın. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. 440 (dörd yüz qırx) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İlk iddia üzrə iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar