Məhkəmə qərarları › İş №2(001)-216/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-216/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-216/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X3, Cavabdeh Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 19.248,54 ABŞ dolları əsas, 27.192,89 ABŞ dolları faiz və 277.01 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 46718.44 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları, əmlakın boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC (Yelo Bank) arasında bağlanmış 20 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 26%-lə 36 ay müddətinə 20.500 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq isə öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzili həmin tarixdə sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin cavabdehlər müqavilə müddəalarını pozaraq öhdəliklərini icra etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Məcidov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllə, ev 6, 207 saylı mənzilin likvid (ilkin satış) qiymətinin ipoteka müqaviləsində qeyd edilən 55.000 manat məbləğində müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul etdiyini, hazırda maddi vəziyyətlərinin yaxşı olmadığından ödəniş edə bilmədiklərini, lakin borclarını ödəyəcəklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli 15-Z1G1-2-0-221-15 nömrəli kredit müqaviləsinə, sonrakı ipoteka müqaviləsinə və ödəniş cədvəlinə əsasən, Cavabdeh1 36 ay müddətinə illik 26% olmaqla, 20500 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli 15-Z1G1-2-0-221-15 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmaqla, kreditin təminatı olan daşınmaz əmlak 55.000 manat məbləğində qiymətləndirilmiş, Cavabdeh1 götürdüyü krediti xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 825.96 ABŞ dolları məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli 15-Z1G1-2-0-221-15 nömrəli zaminlik müqaviləsinə və xx.xx.2015-ci il tarixli 15-Z1G1-2-0-221-15 saylı zaminlik müqaviləsinə əlavəyə əsasən, Cavabdeh1 borcunun təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. - xx.xx.2015-ci il tarixli 15-Z1G1-2-0-221-15 nömrəli sonrakı ipoteka müqaviləsinə əlavəyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh1 mövcud borcu 72 ay müddətinə illik 26% olmaqla, 19.752,77 ABŞ dolları məbləğində müəyyən edilmiş, Cavabdeh1 götürdüyü krediti xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 544,27 ABŞ dolları məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllə, ev 6, mənzil 207 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən "xxxx" İKB-nin 5 saylı filialında (Yelo Bank ASC) bankın xeyrinə xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə ipoteka ilə yüklü edilmiş, daha sonra yüklülüyün müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8527 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 15-Z1G1-2-0-221-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə və “Əlavə Saziş”də qeyd olunan şərtləri nəzərə alınmaqla, 19.666,51 ABŞ dolları əsas, 27.229,34 ABŞ dolları faiz borcu təşkil edir. -"xxxx" MMC tərəfindən verilmiş QXM 398/M saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n, keçid 1410, 3215-ci məhəllə, ev 6, 207 saylı mənzilin bazar dəyəri 50.000 manat, ilkin satış (likvid) dəyəri 40.000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 470.1, 472.2, 739-cu maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi nəzərə alınmaqla 19.248,54 ABŞ dolları məbləğində əsas borc, 27.192,89 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə qeyd edir ki, digər Cavabdeh2 (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 iddiaçı-kreditor qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Həmçinin Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər razılığa gəldiklərindən(məhkəmə iclasında), ipoteka predmetinin ilkin satış qiyməti 55 000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). - 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. - 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda həmin qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. - 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə münasibətdə hesab edir ki, bu tələb hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı məsələdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Məhkəmə həmçinin cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair münasibətdə hesab edir ki, iddiaçı mənzilin faktiki mülkiyyətçisi olmadığından, bu hüquq yalnız faktiki mülkiyyətçisinə məxsus olduğundan, iddiaçı Bank cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair iddiada haqqlı deyil, bu səbəbdən həmin hissədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 277.01 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsinin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – borc alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə həmçinin iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində araşdıraraq hesab edir ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC (Yelo Bank) arasında bağlanmış 20 aprel 2015ci il tarixli kredit müqaviləsinin müddəti bitdiyindən məhkəmə həmin hissəyə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 19.248,54 ABŞ dolları əsas, 27.192,89 ABŞ dolları faiz və 277,01 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 46.718,44 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin ilkin satış qiyməti 55.000 manat müəyyən edilməli və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməli, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 19.248,54 ABŞ dolları əsas, 27.192,89 ABŞ dolları faiz və 277,01 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 46.718,44 (qırx altı min yeddi yüz on səkkiz dollar qırx dörd sent) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 55.000 (əlli beş min) manat müəyyən edilsin və əldə edilmiş pul vəsaiti hesabına borc İddiaçı ASC-yə ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n, keçid 1410, 3215-ci məhəllədə yerləşən 30.7 kv.m ümumi, 30.7 kv.m yaşayış sahədən ibarət 6 nömrəli evin 207 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar