Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2166/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X7 Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə və Cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı müqavilənin ləğv edilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı kompüter üçün, 666 manat ödənilməmiş hissə, 66 manat cərimə pulu borcu, ümumilikdə 732 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 762 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı kompüter almış və nəticədə 732 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 666 manat(6 ay x 111 manat + 0 manat ilkin ödəniş) olanHP kompüter üçün ümumilikdə, 732 manat olmaqla ondan 666 manat ödənilməmiş hissə, 199 manat (1.11 manat x 180 gün) cərimə hesablanmış, lakin müştəriyə güzəşt olunaraq 66 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2018-ci il tarixində HP 15rb005ur E2/4GB/500GB/UMA/15.6/Free markalı kompüteri kredit yolu ilə almış, lakin ödənişlərini ödəyə bilmədiyi üçün kompüteri komplekti ilə, yəni kompüteri energiya yığan cihaz - adaptor ilə bir yerdə hamısını “xxxxxxxxxxx” MMC-nin Yasamal rayonu, Şıxəli Qurbanov 19 küçəsində Nizami metrosunun yanında yerləşən “Servis Link”ə geri təhvil vermişdir. Servisdə ondan kompüteri adaptoru ilə bir yerdə operator Aytac Eyvazlı təhvil almışdır. Operator ona talon vermişdir ki, qəbul etsin, lakin malların hamısını operator təhvil alanda ona akt yazıb verməmiş, o da buna etiraz edərək aktın yazılıb ona verilməməsinə etirazını bildirdi. 1 saatdan çox gözlədikdən sonra operator ona müxtəlif bəhanələr gətirərək bildirdi ki, o, burada heç kəsdir, sadəcə olaraq operatordur, məhsulu qəbul edir, təhvil alıb, talon verir, lakin akt yaza bilmir. O, “xxxxxxxxxxx” MMC-nin qaynar xəttinə *6060 saylı nömrəyə zəng edərək öz etirazını bildirmiş və nəyə görə özbaşnalıq etdiklərini, ona akt yazılıb verilməli olduğunu bildirdi. “xxxxxxxxxxx” MMC-nin əməkdaşları ona dedilər ki, onlar heç kəsə akt yazıb vermirlər o, da etiraz edərək düzgün etmədiklərini, qanunsuz iş gördüklərini, “xxxxxxxxxxx” MMC-dən kompüteri alanda ona 2018-ci ildə müqavilə sənədi verilməmiş, o kompüteri və adaptoru “Servis Link”ə təhvil vermiş, lakin “Servis Link” ona akt yazıb verməmiş, o, dəfələrlə müqaviləni və aktı tələb etmiş, heç bir nəticəsi olmamışdır. “xxxxxxxxxxx” MMC-nin *6060 saylı qaynar xətti ona müqavilənin onlarda qaldığını, heç kəsə müqavilə vermədiklərini, nə də “Servis Link” heç kəsə akt yazmadığını ancaq talon verdiklərini bildirdi. O, axırda bezərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X2 Dövlət Xidmətinə “xxxxxxxxxxx” MMC-nin özbaşnalığından icraçı Səbuhi İsayevə şikayət edərək, “xxxxxxxxxxx” MMC ona nə müqavilə nə də akt yazıb vermədiyini bildirdi. X2 Dövlət Xidmətinin icraçısı Səbuhi İsayev “xxxxxxxxxxx” MMC-yə dəfələrlə zəng vurub əlaqə saxlasa da, icraçı Səbuhi İsayevi yalandan aldadaraq, məsələni bir dəfəlik həll edəcəklərini, Cavabdeh kompüterlə bağlı ödəniş edə bilmədiyi üçün kompüterin “Servis Link”ə qaytarıldığını, kompüter söhbətini bir dəfəlik bağlayacaqlarını, onun əlill olduğuna görə əmək qabiliyyəti yoxdur, buna görə güzəşt olunacağını bildirdilər. Lakin “xxxxxxxxxxx” MMC həm onu, həm də dövlət işçisi Səbuhi İsayevi aldatmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X2 Dövlət Xidmətinin icraçısı Səbuhi İsayev “xxxxxxxxxxx” MMC ilə bağlı şikayətlərin çox olduğunu, heç bir qanuna hörmət etmədiklərini ona bildirdi. “xxxxxxxxxxx” MMC-də “Servis Link” kompüteri texniki baxışdan keçirərək, ideal vəziyyətdə təzə kompüter olduğunu, servisdə operator isə ona verilən talonda yazıb ki, güya kompüterin korpusunda və ekranında cızıqlar, ləkələr touchpada rənggetmə kimi ləkə var. “xxxxxxxxxxx” MMC “Servis Link” müxtəlif bəhanələr gətirərək ondan 300 manat məbləğində pul istədilər, kompüter ideal vəziyyətdədir, kompüterə heç nə olmayıb, kompüteri məhkəməyə gətirsinlər bağaq görək harasında cızıq var. “Servis Link” pul almaq üçün işıq olan prajektöru işıq lapası ilə işığı kompüterin üstünə vurub, yoxlayıb sonra alır, müştəri isə kompüteri mağazadan alanda işıq üstünə vurub, yoxlayıb almır, heç bir müştəri lampa ilə gedib mağazadan kompüter almır. Bu düzgün deyil, o kompüteri işlətməmişdir, 2018-ci ildə kompüterlə bağlı ödəniş edə bilmədiyi üçün “Servis Link” kompüteri ondan almışdır. Onların özləridə talonda yazaraq bildirmişdir ki, Cavabdeh tərəfindən 2018-ci ildə alınmış kompüter müştəri ödəniş edə bilmədiyi üçün cihazı geri qaytarır, kompüter və komplektiki cihaz adaptor ideal vəziyyətdə olub, texniki baxışdan keçirilib, ideal vəziyyətdədir, yaxşı işləyir, təzədi. “Link Servis” 300 manatı ondan əsassız yerə istəyirdi ki, kompüteri onun adından çıxarsınlar. “xxxxxxxxxxx” MMC-nin hüquqşunası Namiq adlı hüquqşünas ona məhkəmə yolu ilə hədə qorxu gələrək, ona məhkəməyə getsələr pis olacağını, ona 300 manat ver, kompüteri adından çıxaraq söhbəti baxlayaq dedi. O, 2018-ci ildə iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmək istəyib, lakin iddia ərizəsinin verilməsi üçün məhkəmə rüsum tələb etdiyindən, həmçinin müqaviləni ala bilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. O, Məhkəmə Hüquq Şurası ilə əlaqə saxlamış və ona bildirilmişdir ki, belə olan halda müqavilə ilə bağlı hakim “xxxxxxxxxxx” MMC-yə nə səbəblə müqavilə sənədinin verilməməsi ilə bağlı sorğu göndərir. O, əlavə olaraq bildirdi ki, “Servis Link” ondan 2018ci ildə kompüteri və adaptör komplektini qəbul edib təhvil aldı və talon verdi, əslində akt yazıb verməli idi. O, akt yazılmasını tələb etmiş, lakin ona akt yazılıb verilmədi, talon verildi. “xxxxxxxxxxx” MMC çox vaxtı müştərilərə müqavilə vermir ki, müştəri arasında problem yarananda müştəri “xxxxxxxxxxx” MMC-ni iddia ərizəsi ilə məhkəməyə verə bilməsin, Binəqədi Rayon Məhkəməsindən gələn sənədlərin içində müqavilə var və onuna adı ilə “xxxxxxxxxxx” MMC-nin rəhbəri Elnur Allahverdiyev özü yazıb, o, yazmayıb, heç müqavilənin üzünü görməyib, ona müqavilə verilməyib müqavilədə qələm ilə yazılıb ki, “yuxarda göstərilən bəndləri oxudum və tamamilə razıyam” sözləri onun əli ilə qələm ilə yazılan xətti deyil, “xxxxxxxxxxx” MMC-nin özü yazıb. O, 2018-ci ildə kompüteri alanda sənədlərə qol çəkmişdir, ancaq heç bir sənədə heç nə yazmamışdır. O, ikinci qrup əlilldir, əmək qabiliyyəti yoxdur, heç bir yerdən gəliri də yoxdur. Cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı müqavilənin ləğv edilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiasının əsassız olduğunu nəzərə alaraq və onunla cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx xxxx 2018-ci il tarixindən K00186491 saylı alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh onunla əsaslandırmışdır ki, o, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx xxxx 2018-ci il tarixində K00186491 saylı alqı-satqı müqaviləsi bağlamış, buna əsasən isə HB 15-rb005ur E2/4GB/500GB/UMA/15.6/Free markalı kompüter almışdır. Müqaviləyə əsasən, o satıcıya 6 ay müddətində hər ay 111 manat olmaqla, cəmi 666 manat pul ödəməli idi. Lakin, əşyanı aldığı həmin ay ödəniş qabiliyyətini itirdiyi üçün müqavilənin vaxtından öncə ləğvi barədə kompüteri aldığı mağazaya “Kontakt Home” mağazasına müraciət edərək bildirdi ki, kompüteri geri alsınlar və müqaviləyə xitam versinlər. Bu müddət ərzində onun tərəfindən kompüterə qəsdən və ya kobud ehtiyatsızlıq ucbatından heç bir zərər vurulmamışdır. Sonradan kompüteri ondan təhvil alan operator ona əmlakın geri qaytarılması barədə talon vermiş, bu zaman o aşkar edib ki, aktda onun tərəfindən qüsur yazıldığı yazılıb. O, operatora bildirib ki, axı əşya tamamilə işləkdir. Ona heç bir zərər vurulmayıb. Kompüterin öz qiyməti 666 manat ola-ola, ona nəyə görə onun yarısının qiymətini ödəməlidir. Bu zaman operator ona dedi ki, “ya 300 manatı ödəyərsən, ya da kompüterin bütün dəyərini artıqlaması ilə səndən alarıq”. Bir sözlə, kompüteri ondan aldılar və 2 ildir ki, kompüter onun sahibliyində deyildir. Onlar faktiki olaraq, cavabdehlə aralarındakı müqaviləni ləğv etmişlər. Cavabdeh isə ona qarşı məhkəmədə iddia qaldırmış və əsassız olaraq şişirdilmiş 762 manat pul vəsaitinin ödənilməsini istəmişdir. Bu məbləği ödəmək iqtidarında deyildir. Sahibliyində olmayan kompüterin əvəzi dəyərində ödənişin ödənilməsi ədalətli deyildir. Bu səbəbdən, “xxxxxxxxxxx” MMC-nin iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə onun tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oğlu iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən qaytarılan kompüter satıldıqdan sonra qalan məbləğ onun borcundan çıxıla bilər, lakin çatışmayan məbləğ yenə də onun tərəfindən ödənilməlidir. “Servis Link” onlarla müqavilə əsasında əməkdaşlıq edən servis mərkəzidir, malların “xxxxxxxxxxx” MMC-yə qaytarılması həmin servis vasitəsilə həyata keçirilir. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X6 iləCavabdeh arasında bağlanmışxx xxxx 2018-ci il tarixli, K00186491 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 666 manat olan HP 15-rb005ur E2/4GB/500GB/UMA/15.6/Free markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № K00186491 saylı müqaviləyə əsasən HP 15-rb005ur E2/4GB/500GB/UMA/15.6/Free markalı məhsul tam qüsursuz halda “xxxxxxxxxxx” MMCdən təhvil almışdır. xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu 3 gün müddətində ödəməməsi tədqirdə, barəsində məhkəmədə iddiası qaldırılacağı və müqavilənin ləğv olunması barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh HP kompüter markalı məhsul üçün əsas borcu 666 manat, cərimə borcu 66 manat olmaqla, cəmi 732 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X5 732 manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Servis Link” tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, 130030 saylı talondan görünür ki, müştəri ödəniş edə bilmir və cihazı geri qaytarır. Şərh bölməsində isə korpusda və ekranda cızıqlar, ekranda ləkələr, toucpadda rənggetmə kimi ləkə qeyd olunmuşdur. xx xxx 2020-ci il tarixli “Aparılan işlər barədə akt”ın surətindən görünür ki, Cavabdeh tərəfindən cihaz servisə ödəniş edə bilmədiyi üçün xx xxxxxx 2018-ci il tarixdə təhvil verilmiş, malda qüsur aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış bağlanmış xx xxxx 2018-ci il tarixli, K00186491 saylı müqaviləyə əsasən HP 15-rb005ur E2/4GB/500GB/UMA/15.6/Free markalı məhsul nisyə satılmış, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən hər hansı ödəniş edilmədiyinə görə ona iddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh aldığı məhsulu iddiaçının əməkdaşlıq etdiyi “Servis Link”ə qaytarmışdır. Hazırda iddiaçı müqavilə üzrə öhdəliklərinin icra edilməsini və malın dəyərinin ödənilməsini, cavabdeh isə alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarından göründüyü kimi, cavabdeh xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra alınmış mala görə iddiaçıya hər hansı ödəniş etməmiş, yəni müqavilənin icrasından birtərəfli imtina etmişdir. Yuxarıda istinad edilən həmin Məcəllənin 600.4-cü maddələrinə görə, iddiaçı alqı-satqı müqaviləsinin predmetini cavabdehdən geri qəbul etməklə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş, malın qiymətləndirilməsi ilə bağlı hər hansı hərəkətləri həyata keçirilməmiş, beləliklə cavabdehin müqavilənin icrasından imtinasını qəbul etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1 və 3.2-ci bəndlərinə də əsasən, cavabdeh bu müqavilənin şərtlərini pozduğu halda, iddiaçı malın geri qaytarılmasını tələb edə bilər. İddiaçı malın dəyərini birtərəfli aktla qiymətləndirib cavabdehin borcunun bağlanmasına yönəldə bilər. Göründüyü kimi, cavabdehin müqavilənin tamamilə icrasından birtərəfli imtinasına həm Mülki Məcəllə ilə, həm də tərəflərin razılaşması ilə yol verilir. Məhkəmə gösətilənlərə əsasən hesab edir ki, belə olan halda tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, K00186491 saylı alqı-satqı müqaviləsi həmin tarixdən ləğv edilmiş və bununla da tərəflərin öhdəliklərinə xitam verilmişdir. Hazırda da həmin müqavilə üzrə iddiaçının cavabdeh tərəfindən həmin məhsulun ödənilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxxxxx” MMCnin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, K00186491 saylı alqı-satqı müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyinə görə onun özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən “xxxxxxxxxxx” X3 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.12-ci madəsinə əsasən, müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxxxxxxxxx” X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə “xxxxxxxxxxx” X1 bağlanmış xx xxxx 2018-ci il tarixli, K00186491 saylı alqı-satqı müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilsin. “xxxxxxxxxxx” X3 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2166/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2166/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver