Məhkəmə qərarları › İş №2(001)-2196/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2196/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2196/2024 22.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun avtomobilinə vurulmuş maddi zərər kimi 5.190 manat, vəkilə ödənilmiş xidmət haqqı kimi 321 manat, ümumilikdə 5511 manat və dövlət rüsumunun əvəzi kimi 76 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus **-HL-*** dövlət nömrə nişanlı “Kia Ceed” markalı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixində (saat 10:10 radələri) etibarnaməyə əsasən X3 20 Yanvar dairəsində avtomobili idarə edərkən **-GY-*** dövlət nömrə nişanlı “Toyota Prius (Hibrid) markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən onun avtomobilinə müxtəlif yerlərdən xəsarət yetirilmişdir. Həmin etibarnamə qüvvədə olduğundan avtomobili X1 istifadəsinə vermişdir. Cavabdeh1 mülkiyyətində olan digər Cavabdeh2 etibarnamə ilə idarə etdiyi **-GY-*** dövlət nömrə nişanlı “Toyota Prius (Hibrid) markalı avtomobili ilə 20 Yanvar dairəsində gözləmə nişanına məhəl qoymadan yolnəqliyyat hadisəsi törətmiş və nəticədə etibarlının idarə etdiyi ona məxsus avtomobili yararsız hala salmaqla onun mülkiyyətində olan əmlakına xəsarət yetirmişdir. Hadisə nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir, demək olar ki, avtomobili məhv olmuşdur. Avtomobilin 1 ədəd sağ fara - 350 manat, 1 ədəd su vuran baçok motoru-90 manat, 1 ədəd su radiatoru baçoku-100 manat, 1 ədəd kondisioner radiatoru-220 manat, 1 ədəd pər-200 manat, 1 ədəd kondisioner daççik-50 manat, 1 ədəd airbag daççik-120 manat, 1 ədəd sensor daççik-50 manat, 1 ədəd ön bufer- 350 manat, 1 ədəd qabaq ekranın plasması-120 manat, 1 ədəd vetravik-150 manat, 1 ədəd akkumluyator-150 manat, 1 ədəd ekran-350 manat, 1ədəd şiviller-170 manat, 1 ədəd ekran zamoku-50 manat, 1 ədəd mator poduşkası-80 manat, 2 ədəd kapot petləsi-80 manat, 1 ədəd traves-350 manat, 1 ədəd qabaq bufer -300 manat, 1 ədəd su radiatoru-200 manat, 1 ədəd abirsovka-120 manat dəyişdirilməlidir. Əlavə olaraq avtomobildə dəmirçi işləri-500 manat, rəngsaz işləri- 600 manat, armaturçu işləri-150 manat, çilingər işləri-150 manat, razval işləri-20 manat, balans işləri-20 manat, elektrik işləri-100 manat görülməsi tələb olunur. Bütün bunlar “Vel Servis” nümayəndələri tərəfindən onun mülkiyyətində olan “Kia Ceed” markalı, dövlət qeydiyyat nişanlı **-HL-*** nömrəli avtomobilə dəymiş ziyan Qüsur Aktında qeyd olunub və qiymətləndirilib. Qeyd etdiyi ehtiyat hissələrinin alınması üçün 3650(üç min altı yüz əlli manat), təmir-bərpa xidməti ilə bağlı işə isə 1540 manat (bir min beş yüz qırx manat) tələb olunur. Beləliklə avtomobilinə ümumilikdə 5190 (beş min yüz doxsan) manat zərər vurulmuşdur. Cavabdehin təqsiri üzündən ona məxsus daşınar əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri(hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq edən DYP-in arayışı, inzibati protokolu və qərarı ilə təsdiq olunur. Cavabdeh1 mülkiyyətində olan digər Cavabdeh2 etibarnamə ilə idarə etdiyi **-GY-*** dövlət nömrə nişanlı “X6” markalı avtomobilin qüvvədə olan icbari sığorta müqaviləsi mövcud deyil. Ona görə də onun iddia tələbi birbaşa avtomobilin mülkiyyətçisi Cavabdeh1 və həmin avtomobili etibarnamə ilə idarə edən şəxs Cavabdeh2 qarşı yönəlməlidir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində olan inzibati işə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə təqsiri təsdiq olunmuşdur. Odur ki, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törənməsində Cavabdeh2 təqsirli olduğu sübuta yetirildiyindən, o, həmin hadisə nəticəsində ona vurulmuş maddi ziyana görə mülki hüquq pozuntusu törətmiş olmaqla, mülki-hüquq məsuliyyəti daşıyır. Cavabdeh ona bu günə kimi maddi zərərin əvəzi kimi heç bir vəsait ödəməmişdir. Cavabdehin günahı və səhlənkarlığı ucbatından baş verən hadisə nəticəsində avtomobilinə dəyən maddi ziyan 5190 manat, vəkilə ödənmiş xidmət haqqı 321 manat olmaqla, ümumilikdə 5511 manat və dövlət rüsumu kimi isə 76 manatdır. Dəfələrlə maşına dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdehlər hər dəfə bir bəhanə gətirərək ona dəymiş ziyanı ödəməkdən yayınmışlar. Hadisəni törətməkdə təqsirli olmasına baxmayaraq, cavabdehlər ona vurulmuş ziyandan bu günə kimi heç bir məbləğ ödəməmişlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək, ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün Xidmət müqaviləsi bağlamışlar və bu xidmətə görə 321 manat ödəniş etməli olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, yol nəqliyyat hadisəsinin baş verdiyini, qarşı tərəfə ziyan dəydiyini bildirdi və ekspert rəyində göstərilən həddə iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi izahatında bildirmişdir ki, həqiqətən də hadisə baş vermiş və iddiaçının avtomobilinə zərər dəymişdir. Avtomobilin sahibi Cavabdeh1 olsa da, avtomobil digər cavabdeh olan Ramilin sahibliyində olmuş və hadisə baş verən zaman avtomobilin icbari sığortası olmamışdır. O, Cavabdeh1 aid hissədə iddianı qəbul etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi ərizənin məzmununda izahat verərək, iddianın qismən təmin edilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Toyoto Prius (Hıbrıd)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh2 etibar etmişdir. xx.xx.2023-cü il tarixli elektron etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Kia Ceed” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi, ipoteka qoymağı, qeydiyyata salmağı-çıxarmağı, ərizə verməyi, bağışlamağı, sərəncam verməyi və digər hərəkətləri etməyi X2 etibar etmişdir. BA311731 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyoto Prius (Hıbrıd)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1dur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) 80 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs X4 (VÖEN **********) tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, **-HL-*** dövlət nömrə nişanlı “Kia Ceed” markalı nəqliyyat vasitəsinə dəymiş zərər aşağıdakı kimi qiymətləndirilir: 1 ədəd sağ fara - 350 manat, 1 ədəd su vuran baçok motoru-90 manat, 1 ədəd su radiatoru baçoku-100 manat, 1 ədəd kondisioner radiatoru- 220 manat, 1 ədəd pər-200 manat, 1 ədəd kondisioner daççik-50 manat, 1 ədəd airbag daççik-120 manat, 1 ədəd sensor daççik-50 manat, 1 ədəd ön bufer- 350 manat, 1 ədəd qabaq ekranın plasması-120 manat, 1 ədəd vetravik-150 manat, 1 ədəd akkumluyator-150 manat, 1 ədəd ekran-350 manat, 1ədəd şiviller-170 manat, 1 ədəd ekran zamoku-50 manat, 1 ədəd mator poduşkası-80 manat, 2 ədəd kapot petləsi-80 manat, 1 ədəd traves- 350 manat, 1 ədəd qabaq bufer -300 manat, 1 ədəd su radiatoru-200 manat, 1 ədəd abirsovka-120 manat. Əlavə olaraq avtomobildə dəmirçi işləri-500 manat, rəngsaz işləri- 600 manat, armaturçu işləri-150 manat, çilingər işləri-150 manat, razval işləri-20 manat, balans işləri-20 manat, elektrik işləri-100 manat. Ümumi məbləğ 5.190 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3072-8/1187 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X4 (VÖEN **********) tərəfindən tərtib edilmiş qüsur aktında 2007-ci il buraxılışlı, **-HL-*** dövlət nömrə nişanlı “Kia Ceed” markalı nəqliyyat vasitəsinin zədələndiyi və təmir-bərpa xərcinin 5070 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı onu bütün dövlət, özəl müəssisələrdə təmsil etməyi, vəkillərlə bütün müqavilələri imzalamağı, adından ödəniş etməyi və sair hərəkətləri X2 etibar etmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X3 tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosuna 321 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, hazırki mübahisə üzrə iddiaçıya Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən hüquqi yardım göstərilir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 76 manat məbləğində dövlət rüsumunu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 təqsirli, hüquqazidd əməli nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert rəyinə əsasən 5070 manat məbləğində müəyyən edilmişdir. Həmçinin o da müəyyən edildi ki, avtomobil Cavabdeh1 məxsus olsa da, avtomobilə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 olmuş və avtomobil tərəflərindən icbari qaydada sığortalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 53.1-cü maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Məhkəmə avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirənin Cavabdeh2 və məhz həmin cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş ekspert rəyi ilə müəyyən edilmiş 5070 manat məbləğində zərər yalnız Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin 321 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 150 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı cavabehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, hazırki mülki iş üzrə 150 manat xidmət haqqının tutulması məhkəmə tərəfindən ağlabatan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 74 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 1 manatı iddiaçıdan, 49 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərə görə 5070 (beş min yetmiş) manat, 150 (bir yüz əlli) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 74 (yetmiş dörd) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 1 (bir) manatı İddiaçı, 49 (qırx doqquz) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar