Məhkəmə qərarları › İş №2(001)-2208/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2208/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2208/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan 26 oktyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 110 manat sabit pul məbləğində tutulmuş alimentin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 26 oktyabr 2013-cü il tarixdə X8 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsində 14 iyun 2016-cı il tarixində 2(001)-6329/2016 nömrəli qətnamə ilə nikahları pozulmuş, 26 oktyabr 2013-cü il təvəllüdlü X8 onun yanında saxlanılmış və onun üçün 110 manat sabit pul məbləğində aliment tutulmuşdur. Halhazırda aliment məbləğinin artırılması onu yenidən məhkəməyə müraciət etməyə vadar etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq o izahatında bildirmişdir ki, cavabdeh birgə nikahlarından doğulan uşağın saxlanılması üçün ayda 50- 100 manat aliment ödəyir. Aliment ödənişindən başqa uşağın heç bir xərci ilə maraqlanmır. Onun müəyyən qədər aliment borcu da yaranmışdır. Cavabdeh özü masaj salonu və kafe işlədir. Onun yüksək gəliri vardır. Özü isə ikinci dəfə nikaha daxil olmuşdur. Hazırda ödənilən 110 manat aliment uşağın aylıq ehtiyaclarının ödənilməsinə kifayət etmir. Atası uşaqla axırıncı dəfə bayramdan sonra görüşüb. Özü uşaqla birlikdə Mingəçevirdə yaşayır. Uşağı atası ilə görüşsün deyə, onu Bakı şəhərinə gətirir. Qeyd edilənlərə əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artırıldığını nəzərə alaraq, aylıq 193 manat məbləğində aliment tutulmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İsmayıllı rayon qeydiyyat şöbəsi tərəfindən 09 mart 2017-ci il tarixində verilən AZ-İİİ seriyalı, 923024 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26.10.2013-cü il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli, 2(001)- 6329/2016 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında 04.11.2011-ci il tarixində İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Mican kəndi üzrə nümayəndəliyində bağlanan nikahın pozulması, 26.10.2013-cü il təvəllüdlü X6 anası X2 yanında saxlanılması və 26.10.2013-cü il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat məbləğində alimentin tutularaq, X3 ödənilməsi və alimentin tutulmasının əvvəlinin 27.04.2016-cı il tarixindən hesablanması qət edilmişdir.

8. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 02 mart 2017-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ seriyalı, 019580 saylı şəhadətnamədən görünür ki, X1 adı, soyadı və atasının adı “Alməmmədli Səlti”dən, “İddiaçı”ə dəyişdirilmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 02 mart 2017-ci il tarixində 31№ ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli, 2(001)-6329/2016 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 26.10.2013-cü il təvəllüdlü X6 anasının yanında qalması və onun saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra 2017-ci ildə iddiaçı adını və soyadını “Alməmmədli Səlti”dən, “İddiaçı”ə dəyişdirmişdir. Hazırda iddiaçı 14.06.2016-cı il tarixli, 2(001)-6329/2016 saylı qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.

11. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

12. Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

14. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

15. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;

16. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

17. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

21. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

26. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

27. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı 2016-cı ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 193 manat məbləğində müəyyən edilməlidir.

28. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

29. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

36. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

37. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6329/2016 saylı 14.06.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 26.10.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı (Ədilova Səlti) Məhyəddin qızına verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

39. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6329/2016 saylı 14.06.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 26.10.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı (Ədilova Səlti) Məhyəddin qızına verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar