Məhkəmə qərarları › İş №2(001)-2217/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2217/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2217/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ounla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3124/2020 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 170 manat alimentin tutulması qət edilmişdir. İddiaçı hesab edir ki, yetkinlik yaşına çatmayanların saxlanması üçün 2023-cü il üçün yaşayış minimumu artırıldığından övladının saxlanması üçün təyin olunan alimentin miqdarı da artırılmalıdır. Ona görə də, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün təyin olunan alimentin miqdarını artıraraq hər ay 220 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncama əasən yaşayış minimumu artdığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2022-ci ildə alimentin məbləği artılaraq 193 manat müəyyən edilmiş, cavabdeh tərəfindən bu məbləğ hər ay vaxtında ödənilir. Onun cavabdehin qazancı və digər gəlirləri haqqında məlumatı yoxdur. Hesab edir ki, yetkinlik yaşına çatmayanların saxlanması üçün yaşayış minimumu artdığından təyin olunan alimentin miqdarı da artırılmalıdır. Cavabdehin əmək haqqı 470 manat deyil, əmək haqlarında artım olmuş, cavabdeh əlavələr də alır. Onun iş yoldaşının oğlu da mühafizədə işləyir, 500 manat aylıq əmək haqqı alır və cavabdehin əmək haqqı ondan çoxdur. Ona görə də, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün təyin olunan alimentin miqdarını artıraraq hər ay 220 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, bir övladının saxlanması üçün 2020-ci ildən alimenti vaxtlı-vaxtında ödəyir. İkinci dəfə nikaha daxil olmuş, həmin nikahdan övladı yoxdur. Aliment təyin edildikdən sonra əmək haqqında artım yoxdur. Aylıq əmək haqqı 470 manat təşkil edir. Alimenti ödədikdən sonra ona 277 manat qalır. Polis əməkdaşıdır və əlavə qazancı, gəliri yoxdur. Alimentin miqdarının artırılması ona yeni ailə xərclərini qarşılamasında çətinlik yaradacaqdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 285901 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2987 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3793/2022 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3124/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Elektron sistem üzrə gəlir məlumatları çıxarışından müəyyən olunur ki, Cavabdeh Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işləməklə aylıq əmək haqqı 350 manat təşkil edir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanların saxlanmaları üçün təyin olunan alimentin artırlmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas yaşayış minimumu həddinin artması deyil, aliment ödəyən şəxsin, yəni cavabdehin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə araşdırması zamanı tədiqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının himayəsində yaşayan uşağın saxlanması üçün bir neçə ay əvvəl, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3793/2022 saylı qətnaməsi ilə artırılaraq hər ay 193 manat müəyyən edilmiş, alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət edən iddiaçı cavabdehin maddi vəziyyətinin artması ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməməklə iddia tələbində istinad edilən halı sübuta yetirə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına, yaxşılaşmasına dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar