Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2236/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və yaratdığı nəticələrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və yaratdığı nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 15.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun yaratdığı nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və tələbi onunla əsaslandırmışlar ki, iddiaçılar bizneslə məşğul olmuş, 2018-ci ildə bizneslə əlaqədar pul lazım olduğu üçün ailəvi dostları X2 müraciət edərək, ondan pul verməsini xahiş etmişlər. O, əlində pul olmadığını, lakin həyat yoldaşı Quliyeva Nərgiz Sətdar qızının adına olan mənzili onlara verə biləcəyini, həmin mənzili girov qoyaraq onlara lazım olan pulu götürə biləcəklərini bildirmişdir. Bu məqsədlə Elman adlı şəxs girov ev əvəzinə pul verən şəxsi tapmış və onlar Cavabdeh3 ilə görüşmüşlər. Bir müddət sonra Cavabdeh3 və iddiaçılar Cavabdeh1 ilə görüşmüş, sonuncuya mənzili göstərmiş və o, onlara 160.000 ABŞ dolları məbləğində pul verəcəyini, 6 aydan sonra iddiaçılar həmin 160.000 ABŞ dolları pulu və 30.000 ABŞ dolları faiz məbləğini qaytaracaqları barədə razılığa gəlmişlər. Cavabdeh1 onlara pulu verəcəyini, lakin evi onun və ya onun dediyi adamın adına rəsmiləşdiriləcəyini bildirmişdir. Tərəflər razılaşdıqdan sonra Nərgiz Quliyevanın adından Bakı şəhəri, Nərimanov raonu, C.Hacıbəyli küçəsi, ev 99, M 16, 1 saylı mənzilin 6 (altı) ay müddətinə girov qoyulması, satılması barədə Cavabdeh3 adına etibarnamə göndərilmişdir. Həmin etibarnaməyə əsasında Cavabdeh3 mənzili Cavabdeh2 satmışdır. İddiaçılar aldıqları pulu öz işləri üçün sərf etmiş, lakin razılaşdırılmış 6 (altı) ay müddətində pulu qaytara bilməmişlər. 2019-cu ilin oktyabr ayında aldıqları pulu düzəltdikdən sonra Cavabdeh1lə görüşmüş, ondan pulu alıb mənzili qaytarmasını xahiş etmişlər. Lakin o, 6 (altı) ay ərzində pulu qaytarmadıqları üçün mənzili qaytarmayacağını bildirmişdir. Beləliklə onlara aydın olmuşdur ki, Cavabdeh1 məqsədi mənzili ələ keçirmək olmuşdur. Belə ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında mənzilə dair 03.11.2018-ci il tarixdə, Cavabdeh2 ilə Cavabdeh1 arasında isə 15.11.2018-ci ildə alqı-satqı müqaviləsi bağlanmış və artıq 16.11.2018-ci il tarixdə ona mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Nərgiz Quliyevanın iradəsinə zidd olaraq və onun etibarından sui-istifadə etməklə, mənzil başqa şəxsin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin 26.04.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 tələbin rədd edilməsini xahiş etdi. İddiaçılar və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AN-İ ******* nömrəli 15.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov raonu, C.Hacıbəyli küçəsi, ev 99, M 16, 1 saylı mənzil Cavabdeh2 tərəfindən Cavabdeh1 323.000 manata satılmışdır. - AN-İ ******* nömrəli 03.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov raonu, C.Hacıbəyli küçəsi, ev 99, M 16, 1 saylı mənzil Quliyeva Nərgiz Sətdar qızı (əvəzinə Cavabdeh3) tərəfindən Cavabdeh2 160.000 manata satılmışdır. - 78 АБ ******* nömrəli 28.10.2018-ci il tarixli etibarnaməyə əsasən, (Rusiya Federasiyası) Bakı şəhəri, Nərimanov raonu, C.Hacıbəyli küçəsi, ev 99, M 16, 1 saylı mənzilə dair 6 (altı) ay müddətinə Quliyeva Nərgiz Sətdar qızı tərəfindən Cavabdeh3 etibarnamə verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4979/2020 saylı, 12.10.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli qətnaməsi ilə Quliyeva Nərgiz Sətdar qızının Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” tələbinin rədd edilməsi, müstəqil tələb irəli sürən şəxs Cavabdeh1 Cavabdeh2 qarşı “mənzilin onun faktiki sahibliyinə verilməsinin Cavabdeh2 həvalə edilməsi, mənzildən sərbəst istifadə və sahiblik hüququna hər hansı formada maneəçilik və müdaxilə edilməsinin qadağan olunması” tələbinə dair iddiasının təmin edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.03.2020-ci il tarixli 2(103)-3149/2020 nömrəli qətnaməsi ilə Quliyeva Nərgiz Sətdar qızının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4435/2019 saylı iş üzrə 01.08.2019-cu il tarixli qətnaməsi Quliyeva Nərgiz Sətdar qızına münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4979/2020 saylı, 12.10.2020-ci il tarixli qərarına əsasən Quliyeva Nərgiz Sətdar qızının kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3013/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 Cavabdeh1, üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə ilkin və Cavabdeh1 Subay oğlunun Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. İş materiallarını araşdıraraq, məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir: subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdlər; forması qüsurlu olan əqdlər; məzmunu qüsurlu olan əqdlər. Beləliklə, iddiaçılar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər: müqavilə uydurma əqdir, yəni müqavilə görünüş məqsədilə bağlanmışdır. Mülki Məcəllənin 340.1ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqavilələri forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilələr əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilələrin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu, müqavilələrin ləğv edilməsinin şərtləri və qaydası isə həmin Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının və müqavilələrin ləğv edilməsinin müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hazırki mübahisəni araşdırmaqla, belə qənaətə gəlir ki, iddiaçıların əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadıqlarından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyillər. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçılar alqı-satqı müqaviləsindən onlara dəyən zərərin nədən ibarət olmasını, onların hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçıların daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Nərgiz Quliyeva bilavasitə öz iradəsi əsasında mənzilinə dair Cavabdeh3 bütün səlahiyyətləri ehtiva edən etibarnamə vermiş, həmin etibarnamə əsasında mənzil satılarkən Nərgiz Quliyevanın həyat yoldaşının razılığı alınmış, beləliklə də müvafiq əqdə dair hüquqi proseslər barəsində onların hər ikisinin iradə ifadələri (iradə azadlığı) olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, əgər Nərgiz Quliyevanın həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, o, bununla bağlı həyat yoldaşına etibarnamə verə və iradəsini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdi. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, Cavabdeh3 iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Digər tərəfdən, mənzil sonradan Cavabdeh1 satılmış, müvafiq müqaviləni bağlayarkən o, Faiq və Cavabdeh2lərin Nərgiz Quliyevanın etibarından sui-istifadə etmiş olmaları ehtimalından xəbərsiz olmuşdur. Başqa sözlə Cavabdeh1 vicdanlı alıcı olmaqla onun mənzil üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmənin qənaətinə görə, hətta Cavabdeh2 adına aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Aii Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi Rizvan Əiiyevin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısına 15 noyabr 2018-ci il tarixdə bağlanmış əqddə lazımi subyektlər-satıcı Cavabdeh2 və alıcı Cavabdeh1 iştirak etmiş, alqı-satqıya dair tərəflərin həqiqi iradəsi mövcud olmuş, alqı-satqı Mülki Məcəllənin tələblərinə uyğun olaraq forma baxımdan qaydaya riayət olunmuş və bununla da alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni bağlanmışdır. Odur ki, iddiaçıların iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2236/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2236/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver