Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2242/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 2556/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2556/2018 saylı qiyabi qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş, qətnamənin surəti ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və xx.xx.2024-cü il tarixdə onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2556/2018 saylı qiyabi qətnaməsinin ləğvi barədə ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2242/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2556/2018 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 2016-cı il tarixli Daxili lizinq müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, "Saipa Pickup minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 24 aylıq müddətdə hər ay sabit məbləğ olmaqla 370,79 manat, ümumilikdə isə 8898,77 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 8898,77 manatın 7500 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan "Saipa Pickup minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 avqust 2017-ci il tarixdə Bakı şəhərində yerləşən lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. Lizinq alan Cavabdeh 11 oktyabr 2016-cı il tarixli "Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 avqust 2017-ci il tarixə 2024,38 manat asas, 915,60 manat mükafat və həmin günə hesablanmış 579,32 manat dəbbə pulu, cəmi 3519,30 manat borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 23 yanvar 2017-ci il tarixdə 1560 manat məbləğində olmuşdur. Borcun ödənilməsinə dair iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş və iddia tam həcmdə təmin olunmuşdur. Cavabdeh avtomobili 10 ay idarə edib və yalnız 3 ayın ödənişini edib. İddiaçının avtomobili cavabdehə vermək kimi öhdəliyi yoxdur. İddiaçı müqaviləyə uyğun istifadə olunan müddətdə yaranan borcu tələb edirik, ümumi lizinq məbləğini tələb etmir ki, cavabdeh də iddiaçıdan avtomobili tələb etsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, avtomobili lizinqə götürmüş, 3000-4000 manat arası məbləği ilkin ödəniş olaraq ödəmişdir. Dəqiq məbləği tam olaraq xatırlamır. 1560 manatı da sonradan ödəmişdir. İlkin ödəniş etmədən heç kim heç kimə lizinqə maşın vermir. Ona avtomobili təhvil versələr, o da borclu olduğu məbləği ödəyər. İlkin ödəniş etməsinə dair hər hansı sübutu yoxdur. Ödənişi edəndə ona sənəd verilmiş, lakin uzun müddət keçdiyinə görə həmin sənədin harada olmasını bilmir. Dəyəri 7500 manat olan avtomobilin 3000 manat hissəsini ilkin ödəniş olaraq ödənildiyi təqdirdə 7500 manata dair niyə öhdəlik götürdüyünü və ödəniş cədvəlinin niyə 7500 manata dair tərtib edilməsini bilmir. Müqaviləni imzalayarkən oxumamış, şərtləri ilə tanış deyil. Avtomobili nə qədər müddət idarə etdiyini bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, AL-1075 saylı Daxili lizinq müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Saipa Pickup minik markalı, 90PF339 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 24 ay müddətinə müvəqqəti istifadəsinə verilmiş, lizinq müqaviləsinin ümumi məbləği 7500 manat təşkil etmişdir. İş materiallarında olan 1075 saylı Lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, məbləğ 7500 manat, illik faiz dərəcəsi 17%, müddət 24 ay, aylıq annuitet isə 370,79 manat təşkil etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən cəmi 1 dəfə xx.xx.2017-ci il tarixdə 1560 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü tarixli, 018 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2016-cı il tarixli, AL-1075 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borcu 2024,38 manat, mükafat borcu 915,60 manat, cərimə borcu 579,32 manat, cəmi borcu 3519,30 manat təşkil edir. Tərəflər arasında bağlanmış Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq, lizinq ödənişlərinə lizinq obyektinin dəyəri, lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər daxildir. Müqavilənin 13.9-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3% hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 16.7-ci bəndinə görə, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə müvafiq olaraq, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki Məcəllənin 748-7.11-ci maddəsinə görə, lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə iddia tələbinin 579,32 manat məbləğində cərimənin ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 57,02 manat cərimə tutulmalıdır. Məhkəmə müqavilənin müddətinin bitməsindən dörd ildən artıq müddət keçməsini nəzərə alaraq, iddia ərizəsinin tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi hissəsinə zərurət aradan qalxdığına görə münasibət bildirmir. Məhkəmə cavabdehin arqumentlərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəflər arasında müqavilə bağlanarkən 3 ya 4 min manat məbləğində pul ödəməsini qeyd etsə də, bunu sübut edə biləcək hər hansı sənədi məhkəməyə təqdim etməmiş, eyni zamanda ilkin ödəniş olaraq 7500 manatın yarısına yaxın məbləğ ödənildiyi təqdirdə, ödəniş cədvəlinin niyə məhz 7500 manata münasibətdə tərtib edilməsini əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 2024,38 manat əsas borc, 915,60 manat mükafat borcu və 57,02 manat cərimə borcu olmaqla, cəmi 2997 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2024,38 manat əsas borc, 915,60 manat mükafat borcu və 57,02 manat cərimə borcu olmaqla, cəmi 2997 (iki min doqquz yüz doxsan yeddi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2242/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2242/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver