Məhkəmə qərarları › İş №2(027)-347/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-347/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-347/2022 28.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mnəhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022.43 manat əsas borc və ödənilmiş 126.07 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru İsmayılov R.A. ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220127 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 avqust 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür. İddiaçı MMC servis mərkəzinin əməkdaşı DYPİ-nin cərimə meydançasında avtomobilə baxış keçirmiş və avtomobilin tam yararsız vəziyyətdə olması ilə bağlı qüsur aktı tərtib olunmuşdur. “Daxili lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 08 avqust 2020-ci il tarixə 12705.61 manat əsas, 299.58 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 17.24 manat dəbbə pulu, ümumilikdə 13022.43 manat məbləğində borcu yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsindən sonra 05 noyabr 2021-ci il tarixdə 1000 manat məbləğində ödəniş etmişdir. Bununlada avtomobilin məhv olduğu tarixə cavabdehin 12022.43 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən İddiaçı MMC ilə bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022.43 manat əsas borc və ödənilmiş 126.07 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, avtomobili Bakıda iş görmək üçün alıb və ilkin 3800 manat pul ödəyib, lakin sonradan pandemiya ilə əlaqədar karantin rejimi vaxtında o iş dalınca Bakıya gedib-gələ bilməyib və aylıq ödənişləri ödəyə bilməyib. MMC-yə etibarnamə haqqında müraciət etsə də, ona etibarnamə verilməyib. Sonradan yol-nəqliyyat hadisəsi baş verib və hadisə nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşüb. Bu barədə Söğorta şirkətinə müraciət edib,lakin etibarnamə olmadığına görə sığorta şirkəti tərəfindən ödəməli olduğu sığorta məbləğin ona ödənilməyib. Buna görə də yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın sığorta hissəsinin ödənilməsini tələb edir. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq” müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, müqaviləyə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220127 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3% hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Həmin müqavilənin 15.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə 15 təqvim günündən artıq müddətə3 dəfədən artıq ğdənişi gecikdirdikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. İş materiallarında olah 25.02.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 25.02.2020-ci il tarixdə lizing obyekti satıcı tərəfindən alıcı və lizing alan Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, MAS-2200 saylı “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18 421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18 421 manatın 13 300 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan 29.09.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə borcun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220127 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, “Daxili lizinq” müqaviləsinin ayrılmaz Lizinq ödəniş cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18 421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 avqust 2020-ci il tarixə 12705.61 manat əsas, 299.58 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 17.24 manat dəbbə pulu, ümumilikdə 13022.43 manat məbləğində borcu yaranmışdır.Cavabdeh borcundan 05.11.2021-ci il tarixdə 1000 manat ödəniş etmiş və onun İddiaçı MMC-nə 12022.43 manat məbləğində borcu qalmışdır.Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı MMC tərəfindən 126.07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi tərəflər arasında lizinq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməli, Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022.43 manat əsas borcun və ödənilmiş 126.07 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 126.07 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022(on iki min iyirmi iki) manat 43 qəpik məbləğində əsas borc və dövlət rüsumu üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat 07 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar