Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2252/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaq hal-hazırda dörd yaşındadır və onun xərcləri günü-gündən artır. İddiaçının aylıq gəliri uşağın saxlanılmasına kifayət etmir və o, uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. 28.03.2022-ci il tarixdə cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etiraz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin əmək haqqı dəyişməz olaraq qalır, onun başqa yerdən gəliri yoxdur, ayda cəmi 100 manat məvacibindən başqa heç bir gəlir mənbəyi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdeh notariat ofisində işləyir, notariusun sağ əlidir, bir neçə maşını və evi var. Əlavə gəlirinin olmaması da açıq aşkar yalandır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27.09.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasındakı nikah pozulmuş, uşaq anasının yanında saxlanılmış və Cavabdeh 27.09.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə etirazın dəlillərini iddia tələbinin rədd edilməsi üçün əsas hesab etmir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(001)- 1209/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh 27.09.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 27.09.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2252/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2252/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver