Məhkəmə qərarları › İş №2(001)-2254/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2254/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2254/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 5398,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Tərtib edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********80006 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 5398,57 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 5398,57 manat borcu bu günə qədər ödəməyərək ASC-yə zərər vurmuşdur. ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 12 noyabr 2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elektrik enerjisinə görə hesablaşmalar 0,07 manat tarif üzrə aparılır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişindən görünür ki, Cavabdeh qızının (abonent kodu **********800006) ASC-yə 5398,57 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 may 2021-ci il tarixli, 01-329/21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 2012-ci ilə qədər 2685,61 manat, 2012-ci ilə 1518,16 manat, 2013-cü ilə 61,12 manat, 2014-cü ilə 166,82 manat, 2015-ci ilə 497,16 manat, 2016-cı ilə 423,62 manat, 2017-ci ilə 0, 2018-ci ilə 0 manat, 2019-cu ilə 0, 2020ci ilə 379,72 manat, 2021-ci ilə 0 manat borcu vardır. Cəmi isə 2712,96 manat qalıq borcu vardır. Abunə kodu **********80006 olan abunə haqqında sənəddən görünür ki, ünvan 1 ünvanına elektrik enerjisindən sərfiyyata görə 07.07.2005-ci il tarixində və 11 may 2012ci il tarixində sayğac dəyişdirilməklə 5398,57 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinə əsasən iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia edir ki, cavabdehin ünvan 2 ünvanına istifadə etdiyi enerji sərfiyyatına görə iddiaçıya 2012-ci ilə qədər 2685,61 manat, 2012-ci ilə 1518,16 manat, 2013-cü ilə 61,12 manat, 2014-cü ilə 166,82 manat, 2015-ci ilə 497,16 manat, 2016-cı ilə 423,62 manat, 2017-ci ilə 0, 2018-ci ilə 0 manat, 2019-cu ilə 0, 2020-ci ilə 379,72 manat, 2021-ci ilə 0 manat olmaqla hazırda 5398,57 manat borcu yaranmışdır. Hazırda isə iddiaçı yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qərarın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; Məhkəmə tələb olunan borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı faktiki olaraq cavabdehdən 2005-ci il tarixindən 2021-ci ilin may ayının 27-nə kimi hesablanmış borc məbləğini tələb edir. İddiaçı iddia ərizəsi ilə 01.02.2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, borc məbləği 5 il, yəni 01 fevral 2016-cı il tarixdən 01 fevral 2021-ci il tarixədək olan dövr üçün tələb edilə bilər. Həmçinin iddiaçı isə cavabdehdən həm elektrik enerjisindən istifadəyə görə borclu olduğu pulu, həmdə barəsində tərtib olunmuş aktlara görə 330,86 manat cərimə borcu tələb edir. Odur ki, tələb olunan borc məbləği iki hissədən ibarətdir. Birincisi elektrik enerjisindən istifadəyə görə yaranmış borc, ikincisi istifadə qaydalarının pozulması ilə əlaqədar cərimə borcu. O da qeyd edilməlidir ki, iddiaçı təqdim etdiyi hesabdan çıxarış məlumatlarında aktlara əsasən borc məbləği göstərilsə də, cərimə borcunun yaranmasına səbəb olan hər hansı yazılı sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə sorğusuna cavab olaraq isə həmin sənədlərin təqdim edilməsinin mümkünsüzlüyü bildirilmişdir. Bu səbəbdən tələb olunan borc məbləğinin müəyyən edilməsinə dair hüquqi dəyərləndirmə, onsuz da 2016-cı ilin 1 fevralınadək yaranan borc məbləğinə tələb hüququ itirildiyindən həmin tarixdən etibarən iddia verilən tarixə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yaranmış borcun məbləğini iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış və maliyyə arayışını nəzərə alaraq müəyyən etmişdir. Belə ki, abonentin saldosundan görünür ki, istehlakçının elektrik enerjisindən istifadəsinə görə 12 fevral 2016-cı il tarixindən- 09 dekabr 2016-cı il tarixinə 390,44 manat, 2017-ci il , 2018-ci il və 2019-cu il üçün 0 manat, 2020-ci ilə 48,86 manat, 06.02.2021-ci il tarixinə isə 0 borcu vardır. Bundan başqa cavabdehə bağlanmış aktlar üçün ümumilikdə 330.86 manat borc məbləği hesablanmışdır. Göründüyü kimi cavabdehin 12.02.2016-01.02.2021-ci illər üçün sayğac göstəricilərinə əsasən 439,3 manat dəyərində elektrik enerjisindən istifadə etmişdir. Bundan başqa 2020-ci il üçün 330.86 manat məbləğində cərimə edilmişdir. Yəni nəticə etibarı ilə, cavabdehin yuxarıda qeyd olunan müddət ərzində elektrik enerjisindən istifadəyə görə 439.3 manat və bağlanmış aktlara əsasən 330.86 manat borcu yaranmışdır. Məhkəmə sayğac göstəricisinə əsasən elektrik sərfiyyatına görə tələb olunan borc məbləğinin tutulmasını əsaslı hesab etsə də, bağlanmış aktlara əsasən cərimə borcunun tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehdən qeyri-müəyyən vaxtda, qeyri-müəyyən şəraitdə və hansı əsasla tərtib edilməsi müəyyən edilməyən aktlara əsasən cərimə borcunun tutulmasını tələb edir. Lakin məhkəmə hesab edir ki, cərimə borcu ilə bağlı sübutetmə vasitəsi müvafiq AKT-lardır, hazırki mübahisədə isə iddiaçı bununla bağlı sübut təqdim edə bilmir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12.02.2016-01.02.2021-ci il dövr üçün elektrik enerjisindən istifadəyə görə 439,3 manat məbləğində yaranmış borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. 12.02.2016-01.02.2021-ci il dövr üçün elektrik enerjisindən istifadəyə görə 439,3 manat məbləğində yaranmış borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar