Məhkəmə qərarları › İş №2(001)-2257/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2257/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2257/2022 27.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə (MMC) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına vurulmuş zərərin əvəzi kimi 1080 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 26 noyabr 2021-ci il tarixdə, saat 17:20 radələrində özünə məxsus “Opel” markalı, **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Balaxanı yolunda işıqforun hərəkətə icazə verən yaşıl işığı yanan zaman hərəkətə başlamış, qəfil onun sol tərəfindənn işıqforun hərəkəti qadağan edən qırmızı işığına məhəl qoymayaraq Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin qabaq-sol tərəfindən toqquşmuşdur. Hadisə tprədilən vaxt cavabdehin icrabi sığorta müqaviləsi mövcud olmamışdır. Cavabdeh1 inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Həmçinin, avtoservis tərəfindən verilmiş qüsur aktına əsasən, onun avtomobilinin bərpasına 1080 manat pul tələb olunduğu göstərilmişdir. Buna görə də o, həm Cavabdeh1, həm də idarə etdiyi avtomobilin mülkiyyətçisi kimi Cavabdeh2 MMC-ni cavabdeh qismində cəlb etməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil daxili lizinq müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin avtomobillə üçüncü şəxslərə vurulmuş zərərə görə mülkiyyətçi məsuliyyət daşımır. Sonda E.T.Nəcəfli məhkəmədən göstərilənləri nəzərə alıb iddianın MMC-yə münasibətdə rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1n məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş poçt vasitəsi ilə, habelə mobil telefonuna sms vasitəsi ilə göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 10 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” və həmin tarixli, TP4756892 nömrəli “inzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh1 26 noyabr 2021-ci il tarixdə, saat 17:20-də idarə etdiyi “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş, barəsində 60 manat inzibati cərimə təyin edilmişdir. - “Şahin-95” firması tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “Opel Vectra” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi miqdarı 1080 manat təşkil edir. - AD seriyalı, 886448 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. - 28 oktyabr 2020-ci il tarixli, MAS-2965 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh1 dəyəri 16700 manat təşkil edən “Khazar SD” minik markalı, qara rəngli avtomobili 3400 manat ilkin ödəniş etməklə lizinq yolu ilə Cavabdeh2 MMC-dən əldə etmiş, avtomobili idarə etmək üçün MMC tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 MMC tərəfindən avtomobili idarə etmək üçün verilmiş etibarnamə əsasında MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili qüvvədə olan mülki məsuliyyətin icbari sığorta müqaviləsi olmadan idarə edib İddiaçı məxsus “Opel Vectra” minik markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, buna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində iddiaçıya 1080 manat maddi zərər vurulmuşdur. Bununla da, iddiaçının cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 1080 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zərərin əvəzi qismində 1080 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar