Məhkəmə qərarları › İş №2(001)-2261/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2261/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2261/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə bildirdi ki, iki yaşayış yeri var: həm Cəbrayıl rayonunda, həm də ki, Bakı şəhərinin Binəqədi rayonunda yaşayır. Əsas iş yeri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşir, orda xəstəxanada işləyir. Cavabdeh Bakı şəhərinin Suraxanı rayonunda qeydiyyatda olduğuna görə, işin aidiyyəti üzrə baxılması üçün həmin rayonun məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. İddiaçı mülki işin aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə göndərilməsinə dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əsas iş yeri “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” X1 və belə olan halda onun faktiki yaşayış yerinin Bakı şəhərinin Binəqədi rayonuna aid olması şübhə doğurur; Cavabdeh isə Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə yuxarı qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 35.1, 44.2.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar