Məhkəmə qərarları › İş №2(001)-2262/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2262/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2262/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən overdraft nəticəsində yaranmış 15213,36 ABŞ dolları əsas, 1646,38 ABŞ dolları faiz borcu, 2370,78 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19230,52 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında 11.09.2017-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 14E**********07 saylı bağlanmış müqaviləyə əsasən cavabdehə “X4 Cart Debit” növlü kart hesabı açılmış və 14.09.2017-ci il tarixdə həmin kart cavabdehə təhvil verilmişdir. 2020-ci ilin avqust ayında həmin kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 15213.36 ABŞ dolları təşkil edir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün overdraft nəticəsində yaranmış borcun məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Hüseynova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ilə İddiaçı QSC arasında 11.09.2017-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 14E**********07 saylı bağlanmış müqaviləyə əsasən cavabdehə “X4 Cart Debit” növlü kart hesabı açılmış və 14.09.2017-ci il tarixdə həmin kart cavabdehə təhvil verilmişdir. - 19.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 15213,36 ABŞ dolları əsas, 1646,38 ABŞ dolları faiz borcu, 2370,78 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19230,52 ABŞ dolları borcu qalmışdır. - xəbərdarlıq məktubundan görünür ki, 16.12.2020-ci il tarixdə Cavabdeh rəsmi məktub göndərilərək, overdraft nəticəsində yaranmış borcunu 3 gün müddətində ödənilməsi bildirilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli, 9/2607 nömrəli ekspert rəyindən görünür ki, 11.09.2017-ci il tarixli 14E**********07 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 17.01.2021-ci il tarixə Cavabdeh İddiaçı QSC-yə olan borcu 16764,20 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 15213,36 ABŞ dolları əsas, 1550,84 ABŞ dolları faiz borcu təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə həmçinin iddianın faizin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi ekspert rəyinə əsasən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2370,78 ABŞ dolları məbləğində deyil, 300 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 15213,36 ABŞ dolları məbləğində əsas borc, 1550,84 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15213,36 ABŞ dolları məbləğində əsas borc, 1550,84 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 17064,2 ABŞ dolları (on yeddi min altmış dörd dollar iyirmi sent) məbləğində pul vəsaiti (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar