Məhkəmə qərarları › İş №2(001)-2272/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2272/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2272/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Unibank KB ASC-nin Cavabdeh kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Unibank KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X2 istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərti ilə 300 manat məbləğində kredit ayrılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artıraraq 600 manat etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən vəfat etmiş X1 vərəsəsi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Ona görə də xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 512,76 manat, faiz borcuna görə 0,19 manat olmaqla cəmi 512,95 manat borcun və dövlət rüsumuna görə 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən Unibank KB ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 8106sSTB2/18 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank müştəriyə 84 ay müddətinə, illik 30% ödəmək şərti ilə 300 manat məbləğində ilkin kredit limiti ayrmış, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli AZ-İİ 214954 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixdə mərhumun əmlakına dair vərəsəlik işinin açılması üçün Bakı şəhəri 26 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və vərəsəlik işi açılaraq Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Unibank KB ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 xx.xx.2018-ci il tarixli 8106sSTB2/18 saylı kredit müqaviləsi üzrə əsas borca görə 512,76 manat, faiz borcuna görə 0,19 manat olmaqla cəmi 512,95 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum borcalan X1 xx.xx.2018-ci il tarixli 8106sSTB2/18 saylı kredit müqaviləsi üzrə əsas borca görə 512,76 manat, faiz borcuna görə 0,19 manat olmaqla cəmi 512,95 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, cavabdeh borcalanın vərəsəsi olaraq mirası qəbul etdiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 8106sSTB2/18 saylı kredit müqaviləsi üzrə əsas borca görə 512,76 manat, faiz borcuna görə 0,19 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 542,95 manat Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar