Məhkəmə qərarları › İş №2(001)-2275/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2275/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2275/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan tərəflərin xx.xx.2022-ci il tarixdə bir uşaqları - X2 doğulmuşdur. İddiaçı cavabdeh ailəsini qoyub getdiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)- 16628/2016 saylı qətnaməsi ilə X2 üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilib. Daha sonra cavabdeh nikahın pozulması tələbi ilə baölı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və uşağın ananın himayəsində saxlanılması qət edilmişdir. İddiaçı 2018-ci il tarixində alimentin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3056/2018 saylı, 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişərək Cavabdeh hər ay üçün 154 manat sabit pul məbləğində aliment tutulması qət edilib. Son olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-4729/2020, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişərək Cavabdeh hər ay üçün 170 manat sabit pul məbləğində aliment tutulması qət edilib. Ancaq 2024-cü il üçün yaşayış minimumu bir uşaq üçün 235 manat müəyyən edildiyi üçün iddiaçı alimentin artırılması üçün cavabdehə təklif göndərmiş, ancaq xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyası zamanı cavabdeh alimentin artırılmasına razı olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq, iddiaçı bildirmişdir ki, bir neçə ay aliment ödənmirdi, keçən ay cavabdeh 140 manat ödədi. Uşaq 2 hazırlığa və üzgüçülüyə gedir, xərcləri çoxalıb. İddiaçı özü hal-hazırda işləmir, ailəsi ilə yaşayır bütün ehtiyaclarını atası ödəyir. Cavabdeh atalıq vəzifələrini yerinə yetirmir, bu günə qədər uşağa nə maddi, nə mənəvi dəstək göstərməyib. Cavabdeh hal-hazırda işsizdirsə necə ailəsini dolandırır, ikinci ailəsindən uşağı da var. Cavabdeh üçün 35 manat çox böyük məbləğ deyil. Mediasiya prosesləri zamanı cavabdeh bildirmişdi ki, Rusiyaya gedəcək, pul ödəməyəcək. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, halhazırda heç bir yerdə işləmir, işlədiyi vaxt alimenti ödəyirdi. Heç bir borcu yoxdur. Keçən ay 200 manat anasının pensiyasından ödədi. Uşaq əlavə hazırlığa, üzgüçülüyə getməsə də olar. Ana uşağa qayğıdan danışsa da, uşağı atıb 6 ay müddətinə Moskvada qaldı, iddiaçının istəyi tək pulun artırılmasıdır. Onun ikinci ailəsindən 4 yaşlı uşağı var, ona heç bu qədər pul xərcləmir. Alimentin maksimum 200 manatadək artırılmasına razılaşa bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4729/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3056/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmış, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 oqlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin sas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsinin “alimentin 16 yanvar 2024-cü il tarixdən tutulması” hissəsini əsaslı hesab etmir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “ … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə cavabdehin işləməməsinə və ikinci nikahdan uşağının olmasına dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci nikahdan uşağının olması birinci nikahdan uşağını saxlamaq vəzifəsindən azad etmir. Həmçinin valideynin işləməməsi valideynləri öz uşağını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4729/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin “hər ay … əlavə (zəruri) xərclərin ödənilməsi üçün 300 manat sabit pul məbləği”nə dair hissəsini əsaslı hesab etmir. Belə ki, hal-hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində sadalanan əsasların mövcud olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4729/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar