Məhkəmə qərarları › İş №2(001)-2278/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2278/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2278/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı “borc” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 5578,71 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanaraq, ona məxsus yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik sayğacı quraşdırılmışdır. Abonent kodu **********90000 olan X6 elektrik enerjisinden istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 5578,71 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi lie bağİı cavabdehə müraciət oİunmuş, lakin o, müxtəlif bəhanələrə istifade etdiyi elekrik enerjisinin haqqi oian 5578,71 manat borcu bu günə qeder ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən borcun könüllü olaraq ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 5791,59 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 12.11.2020-ci il tarixli, 141464 nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə abunəçi X7 arasında ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə abonent kodu **********90000 olan nömrəli elektrik sayğacı quraşdırılmışdır. - maliyyə arayışından görünür ki, X4 istifadə etdiyi elektrik enerjisinə görə 2016, 2017, 2018, 2019, 2020, 2021-ci il üçün qalıq borcu 3908,67 manat təşkil edir. - 11.08.2021-ci il tarixli, 9/5082 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanı üzrə abunəçi X4 abonentin saldosu cədvəli məlumatlarına əsasən 5578,71 manat məbləğində borc qalığı müəyyən edilir. - 21.09.2021-ci il tarixli, 01-453/21 saylı maliyyə arayışından görünür ki, X4 elektrik enerjisindən istifadə etməsi nəticəsində 2016-cı ilə qədər 1882,92 manat borcu, 2016-2021-ci il tarixlərə isə 3908,67 manat borcu yaranmışdır. - abonentin hərəkət cədvəlinə əsasən müəyyən edilir ki, X4 2017-ci ilə olan 3029.89 manat borcundan ödəniş etməmiş (2021-ci ildə cəmi 30 manat ödəniş edilmiş) və 2021-ci ilə olan borcu artaraq 5791,59 manat olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən, məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq, hesablama yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin müqavilənin 4-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kvts aktiv elektrik enerjisi 0.07 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə, bu, nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən elektrik enerjisindən cavabdeh fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq sayğacın göstəricisinə əsasən hesablanmış elektrik enerjisinin dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə əsasında elektrik enerjisindən fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq sayğacın göstəricisinə əsasən hesablanmış elektrik enerjisinin dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin Məhkəmə qeyd edir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 02.02.2021-ci il tarixdən beş il əvvələ olan (02.02.2016-ci ildən əvvəlki borc) borcun tələbi barədə hüququnu itirmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallanda olan Maliyyə arayışından məlum olur ki, cavabdehin elektrik enerjisinin istifadəsi nəticəsində 2016-cı il tarixə qədər 1882,92 manat, 2016-cı ildən sonra isə 3908,67 manat borcu yaranmışdır. Beləliklə, MM-nin 551-ci maddənin tələbləri nəzərə alınmaqla cavabdehdən yalnız 2016-cı il tarixdən sonra yaranan borc, yəni 3908,67 manat tutulmalıdır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, elektrik enerjisinin istifadə nəticəsində yaranmış 3908,67 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçı "xxxx" ASC-dən, 50 manatı isə cavabdeh X3 alınıb Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 3908,67 (üç min doqquz yüz səkkiz manat altmış yeddi qəpik) manat borc alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçı "xxxx" ASC-dən, 50 manatı isə cavabdeh X3 alınıb Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar