Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2290/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış xx.xx.2017ci il təvəllüdlü İshaq Toğrul oğlunun doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində ata qrafasında X4, milliyyətinin azərbaycanlı, ana qrafasında X6, milliyyətinin azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, himayəsində olan İshaq Toğrul oğlunun doğum haqında şəhadətnaməsi yoxdur. Bakı şəhəri Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli sərəncamına əsasən yetkinlik yaşına çatmayan nəvəsi İshaq Toğrul oğlu onun qəyyumluğuna verilmişdir. O, İraq Respublikasında doğulmuşdur və ona Azərbaycan Respublikasının İraqdakı səfirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasına geri qayıtma şəhadətnamə” Rayon İcra hakimiyyətinə təqdim edilmişdir. Qeyd olunan uşağa Azərbaycan Respublikasında doğum faktı müəyyən edilməmiş və ona doğum haqqında şəhadətnamə alınmamışdır. İndi həmin nəvəsinə baxmaq və tərbiyə etmək vəzifəsini öz üzərinə götürsə də, onun sənədinin olmaması səbəbindən bunu edə bilmir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, bildirmişdir ki, X6 onun qızıdır. Hazırda İraqdadır. Birinci əri ölmüş, ikincisinin isə taleyi məlum deyildir. Qızı 2014-cü ildə İraqa getmişdir. 2017-ci ildə İshaq dünyaya gəlmişdir. Toğrul da İraq ordusunda olmuşdur. Telefonla dəfələrlə danışmış və videogörüntü ilə onları görmüşdür. Sonda ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə məktubla müraciət edərək iddiaya etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-532/15 saylı məktuba əsasən qanunvericiliklə müəyyən edilmiş sənədlər təqdim edilmədiyindən doğum faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Quba şəhərində doğulmuşdur; - AZE seriyalı, 06617940 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1992-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuşdur; - AZE seriyalı, 05463565 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur; - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 275 saylı, xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, ünvan 2 ünvanda yaşayan Ərizəçi yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü İshaq Toğrul oğlunun üzərində qəyyum təyin edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü İshaq Toğrul oğlu (Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasına geri qayıtma şəhadətnamə”) hal-hazırda hər iki valideyn himayəsindən məhrum olduğu üçün Bakı şəhərində müvafiq dövlət müəssisəsində yaşayır, onun üzərində qəyyum təyin edilməsinə zərurət yaranmışdır. Həmçinin Ərizəçi uşağın maddi tələbatlarını ödəmək iqtidarındadır və praktiki olaraq sağlamdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İsmayıl Toğrul oğlunun xx.xx.2016-ci ildə İraq Respublikasında doğulması faktı, atasının xx.xx.1992-ci il təvəllüdlü X4, atasının milliyyətinin “azərbaycanlı”, anasının xx.xx.1990-cı təvəllüdlü X7, anasının milliyyətinin “azərbaycanlı” olması müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, həmin iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, Zemfiranın qızını onun oğlu İraqda almışdır. Burada münasibətləri olmamışdır. X1 xx.xx.1992-ci il təvəllüdlüdür. Oğlu 2014-cü ildə İraq Respublikasına getmişdir. Deyəsən oğlu indi də oradadır. Ondan heç bir xəbər yoxdur. Orada olanda qızla və oğlu ilə dəfələrlə telefonla danışmışdır. İsmayıl birinci uşaqdır, onların ikinci uşağ Toğrul əsir düşəndən sonra olmuşdur. Qız hamilə olanda onunla telefonla danışmışlar. Bu yaxınlarda qız ikinci uşağın şəklini göndərmişdir. Qız bildirmişdir ki, uşaq Toğrulundur. Birinci uşaqla bağlı isə, yəni İsmayılla Toğrulun şəkilləri onlarda variydi. Toğrul bildirmişdir ki, İsmayıl onun oğludur. Uşağı ad gününün xx.xx.2016-cı il tarixdə olması barədə Fərəhnazla dəfələrlə söhbəti olmuşdur. Oğullarından xəbəri yoxdur, qız ikinci uşaqla hələ də orda olmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi həyat yoldaşıdır, X6 onun qızıdır. 3 uşağı olmuşdur. İraqın Rusafa şəhərindədir. Qızının birinci əri ölmüş, ikincisinin isə taleyi məlum deyildir. Qızı 2014-cü ildə oraya getmişdir. 2017-ci ildə İshaq dünyaya gəlmişdir. Toğrul da İraq ordusunda olmuşdur. Telefonla dəfələrlə danışmış və videogörüntü ilə onları görmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmiş işin halı ondan ibarətdir ki, ərizəçi doğum faktının müəyyən edilməsini xahiş etdiyi İshaq Toğrul oğlunun babasıdır və qəyyumu təyin edilmişdir. Uşaq valideyn himayəsindən məhrum olmuşdur. Valideynləri iddia olunan şəxslərin olduqları yer, yaşayıb-yaşamadıqları müəyyən edilmir. Məhkəmə tələblə bağlı əvvəla onu qeyd etməyi zəruri hesab edir ki, ərizəçi uşağın doğum faktının müəyyən edilməsini xahiş etsə də, faktiki olaraq həm də uşağın mənşəyinin müəyyən edilməsini xahiş edir. Belə ki, ərizəçinin tələbi doğum faktının müəyyən edilməsi olsa da, o həmçinin doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında müvafiq qeydlərin aparılmasını xahiş etmişdir. Lakin qanunvericilikdə uşağın anadan mənşəyinin, atalığın müəyyən edilməsinin, atalığın etiraf olunmasının müvafiq qaydası müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. - 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. - 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. - 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. - 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. - 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. - 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Hazırki mübahisədə uşağın anadan mənşəyinin və doğum faktının müəyyən edilməsi faktiki olaraq eyni hüquqi dəyərləndirmə tələb edir. Belə ki, uşağın doğulması və anadan mənşəyinin müəyyən edilməsi faktı ananın yaşayıb-yaşamaması, yaşayırsa hal-hazırda harda olması barədə məlumatlar olmadığına görə işin halına uyğun olaraq yalnız şahid ifadəsi ilə təsdiq oluna bilər. Odur ki, ərizəçi uşağın anası hesab olunan şəxsin atasıdır, yəni uşağın babasıdır. Məlum məsələlərlə bağlı uşağın anası hesab olunan şəxs məlum olmayan formada İraq Respublikasına keçmiş, orada uşaq dünaya gətirmiş və hal-hazırda onun aqibəti barədə məlumat yoxdur. Məhkəmə ərizəçinin ərizəsində göstərdiyi halları inandırıcı hesab edir. Bununla bərabər uşağın atası hesab olunan şəxsin anası və bacısı da bu faktı təsdiq edirlər(digər məhkəmə aktına əsasən). Belə ki, onlar mütəmadi olaraq uşaqla, onun anası ilə, atası ilə telefonla görüntülü olaraq danışmışlar və uşağın anası və atası hesab olunan şəxslər öz valideynlərinə uşağın onların olduğunu dəfələrlə bildirmişlər. Bu səbəbdən məhkəmə uşağın, yəni İshaqın xx.xx.2017-ci il tarixdə və X2 doğulması faktını şahid ifadəsi və işin hallarına əsasən təsdiq edir. Uşağın atasının müəyyən edilməsi barədə məsələyə isə məhkəmə atalığın etiraf olunması baxımından yanaşılmasını qanunauyğun hesab edir. Çünki atalığın müəyyən edilməsinə dair iddia icraatı qaydasında iddia ərizəsinin verilməsi, uşağın atası hesab olunan şəxsin məlum məsələyə görə yerinin, yaşayıb-yaşamamasının müəyyən edilməsi mümkün olmadığından faktiki olaraq nəticəsiz qalacaqdır. Belə ki, ərizəçi və uşağın atası hesab olunan şəxsin valideynləri X3 (uşağın atası iddia edilən şəxsin) hal-hazırda yaşayıb-yaşamaması barədə hər hansı məlumatlarının olmadıqlarını bildirirlər. Bununla bağlı mülki iş materialında da hər hansı sübut yoxdur. Əksinə Toğrulun əsir düşdüyünə dair şahidlər ifadə vermişlər. Lakin şahidlər ifadələrində Toğrulun dəfələrlə İshaqın onun oğlu olduğu barədə təsdiq edici hərəkətlər etdiyinin, özünü uşağı atası hesab etdiyini bildirdiyinin şahidi olmuşlar. Odur ki, məhkəmə yuxarıda qeyd edilən eyni hüquqi dəyərləndirmə əsasında hesab edir ki, uşağın atalığının tanınması faktı da şahid ifadəsi və işin halları ilə müəyyən edilməlidir. Bundan başqa Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının yuxarıda qeyd edilən sərəncamında göstərilən hallar da işin halları ilə uyğun təşkil edir. Uşağın valideynlərinin milliyyətinin azərbaycanlı olması isə mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətləri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; -307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktının; -307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların; -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; -309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; -310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi ərizəçi müəyyən edilməsi xahiş olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və onun xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Buna görə də ərizəçinin xahiş etdiyi hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İshaq Toğrul oğlunun xx.xx.2017-ci ildə İraq Respublikasına doğulması faktı müəyyən edilməli, atasının X4, milliyətinin azərbaycanlı, anasının X6, milliyətinin azərbaycanlı olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İshaq Toğrul oğlunun xx.xx.2017-ci ildə ildə İraq Respublikasında doğulması faktı müəyyən edilsin, atasının xx.xx.1992-ci il təvəllüdlü X4, atasının milliyyətinin “azərbaycanlı”, anasının xx.xx.1990-cı il təvəllüdlü X6, anasının milliyyətinin “azərbaycanlı” olması müəyyən edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2290/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2290/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver