Məhkəmə qərarları › İş №2(5-123)-77/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(5-123)-77/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(5-123)-77/2026 17.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Ləman Vidadi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1960-cı il tarixdə Göyçay rayonunun Çərəkə kəndində doğulması faktının müəyyən edilməsini, ona doğum haqqında şəhadətnamənin verilməsini, həmçinin doğum qeydində soyadının “Nuriyeva”, adının “Hicranə”, ata adının X4, ana adının X2, doğum tarixinin xx xxxx 1960-cı il və doğum yerinin Göyçay rayonunun Çərəkə kəndi kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək tələbinin əsasını belə izah etmişdir ki, o, xx xxxx 1960-cı il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur. xx.xx.1997-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Mərhum atasına məxsus torpaq sahəsinə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə notariat orqanına müraciət etmiş, lakin həmin orqan tərəfindən ondan doğum haqqında şəhadətnamə təqdim edilməsi tələb olunmuşdur. O, doğum faktının vaxtında dövlət qeydiyyatına alınmadığını və bu səbəbdən doğum haqqında şəhadətnamə əldə edə bilmədiyini göstərmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:

1. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur.

2. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, 5672 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nuriyeva Hicranə Əli qızı xx.xx.1997-ci il tarixdə X5 ilə Göyçay rayonunun Çərəkə kənd inzibati ərazi nümayəndəliyində nikaha daxil olmuşdur. Nikah bağlanandan sonar ərə Yəhyayev, arvada Yəhyayeva soyadı verilmişdir.

3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin Göyçay filialının xx.xx.2026-cı il tarixli № 3-48-DA-5f-2-05/2026 saylı arxiv arayışından müəyyən olunur ki, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Çərəkə kənd inzibati ərazi nümayəndəliyinə aid 1996–2000-ci illəri əhatə edən 10 nömrəli təsərrüfat kitabının 832-ci təsərrüfat qeydi üzrə Nuriyeva Hicranə Əli qızı (doğum tarixi: xx xxxx 1960-cı il) ailə başçısı kimi qeyd edilmişdir.

4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Çərəkə kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2026-cı il tarixli 25 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi Göyçay rayonunun Çərəkə kənd sakini olmaqla, həmin nümayəndəliyin 2026–2030-cu illəri əhatə edən 05 nömrəli ev təsərrüfatlarının uçot kitabının 92-ci səhifəsində 440 nömrəli şəxsi hesab üzrə qeyd edilmişdir. Arayışda onun 1960-cı ildən həmin ərazidə yaşadığı göstərilmişdir.

5. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon təhsil sektoru üzrə Çərəkə kənd S. Mirzəyev adına 1 nömrəli tam orta məktəbinin 28 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il təvəllüdlü olmaqla, 1968-ci ildə həmin məktəbin 1-ci sinfinə daxil olmuş və 1978-ci ildə 10-cu sinfi bitirmişdir.

6. 05.06.2008-ci il tarixli, AZ-İ № 277767 saylı ölüm haqqında nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Göyçay rayonunun Çərəkə kəndində vəfat etmişdir.

7. 14.12.2005-ci il tarixli, AZ-İ № 155593 saylı ölüm haqqında nömrəli şəhadətnamədən görünür ki, X2 xx.xx.2005-ci il tarixdə Göyçay rayonunun Çərəkə kəndində vəfat etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır

Məhkəmənin hüquqi qiymətləndirməsi:

Məhkəmə iş materiallarında olan sübutları hərtərəfli, tam və obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Hazırkı iş üzrə ərizəçi doğum faktının dövlət qeydiyyatına alınmaması səbəbindən həmin faktın məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur. Bu hal məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə təsdiq olunur. Eyni zamanda, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçi nikah bağlananadək “Nuriyeva” soyadını daşımış, nikah bağlandıqdan sonra isə “Yəhyayeva” soyadını qəbul etmişdir. Bu hal arxiv sənədlərində və digər sübutlarda onun müxtəlif soyadlarla qeyd olunmasını izah edir və şəxsiyyət eyniliyini təsdiq edir. Arxiv arayışından müəyyən olunur ki, ərizəçi 1996–2000-ci illəri əhatə edən təsərrüfat kitabında doğum tarixi xx xxxx 1960-cı il göstərilməklə ailə başçısı kimi qeyd edilmişdir. Həmin məlumatlar onun doğum tarixi barədə digər sübutlarla uyğunluq təşkil edir. Bundan əlavə, yerli icra nümayəndəliyi tərəfindən verilmiş arayışda ərizəçinin 1960-cı ildən Göyçay rayonunun Çərəkə kəndində yaşadığı göstərilmişdir ki, bu da onun həmin ərazidə doğulması faktını dolayı sübut edən mühüm haldır. Həmçinin, təhsil müəssisəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, ərizəçi 1968-ci ildə məktəbə qəbul olunmuş və 1978-ci ildə həmin məktəbi bitirmişdir. Bu fakt onun doğum tarixinin reallığını və ardıcıllığını təsdiq edən əlavə sübut kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən müəyyən olunur ki, ərizəçinin valideynləri X4 və X1 rayonunun Çərəkə kəndində yaşamış və vəfat etmişlər. Bu hal ərizəçinin göstərdiyi ailə mənsubiyyətini və doğum yerinə dair məlumatları əlavə olaraq təsdiq edir. Məhkəmə nəzərə alır ki, iş üzrə təqdim edilmiş bütün sübutlar bir-birini tamamlayır, qarşılıqlı əlaqədə olmaqla ərizəçinin göstərdiyi halları təsdiq edir və aralarında hər hansı ziddiyyət mövcud deyildir. Eyni zamanda, iş materiallarından görünür ki, ərizəçi doğum faktını təsdiq edən sənədi əldə edə bilmədiyindən notariat qaydasında hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Bu isə doğum faktının məhkəmə qaydasında müəyyən edilməsini zəruri edir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77-ci maddələrinin tələblərinə uyğun olaraq ərizəçi tərəfindən təqdim edilmiş sübutlar onun tələbinin əsaslı olduğunu kifayət qədər sübuta yetirir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin xx xxxx 1960-cı il tarixdə Göyçay rayonunun Çərəkə kəndində doğulması faktı sübuta yetirilmişdir və həmin faktın müəyyən edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə xərcləri ilə bağlı məsələni məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizəçi doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi xx xxxx 1960-cı il tarixdə Göyçay rayonunun Çərəkə kəndində doğulması faktı müəyyən edilsin. Müəyyən edilsin ki, Ərizəçi doğum haqqında qeyd məlumatlarında: soyadı – Nuriyeva, adı – Hicranə, ata adı – X4, ana adı – X2, doğum tarixi – xx xxxx 1960-cı il, doğum yeri – Göyçay rayonunun Çərəkə kəndi olmuşdur. Bu qətnamə doğum faktının dövlət qeydiyyatına alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatını həyata keçirən müvafiq orqana həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikasının “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar