Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2294/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9376/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh hər ay tutulan alimentin 120 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9376/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hazırda ən cüzi ehtiyacların ödənilməsi üçün kifayət etmir. Bu səbəbdən iddiaçı qeyd edilən qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı tək yaşayır və heç bir yerdə işləmir, yalnız hər ay yaşa görə əmək pensiyası və müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət alır. Həmçinin, bir çox xəstəlikdən əziyyət cəkir, onun müayinəsi və müalicəsi isə pul tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və iddiaya qarşı verdiyi yazılı etirazı müdafiə edərək, bildirmişdir ki, iddiaçı hər ay 300 manat məbləğində əmək pensiyası və müharibə veteranı olaraq hər ay 80 manat məbləğində müavinət alır. Onun hər ay ödədiyi 30 manat pul da nəzərə alındığı halda, iddiaçı ay ərzində 500 manata yaxın pul alır. Onun isə artıq hər hansı məbləğdə əmək haqqı yoxdur. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə ordu siralarından ehtiyyata buraxılmış və hazırda onun da iddiaçı kimi yalnız pensiya təminatı vardır. Hər hansı əlavə gəliri yoxdur. İddiaçının ondan əlavə iki uşağının olmasına baxmayaraq, aliment məbləği yalnız ondan tələb edilir. Halbuki, hər iki digər uşağının gəliri var. Həmçinin, iddiaçının mülkiyyətində mənzili var və iddiaçı hazırda həmin mənzildə yaşayır. O isə iki övladı və həyat yoldaşı ilə birlikdə hazırda kirayə əsaslarla digər şəxsə məxsus olan mənzildə yaşayır və iddiaçıdan fərqli olaraq hər ay 300 manat məbləğində kirayə haqqı ödəmək məcburiyyətindədir. Həm onun, həm arvadının səhhətində problemlər olduğu üçün mütəmadi olaraq müayinə və müalicəyə vəsait xərcləyir. Uşaqlarına müxtəlif fənnlər üzrə tədris xidmərinin göstərilməsi üçün “Yeni Şəfəq” kursu ilə aralarında bağlanmış xidmət müqaviləsinə əsasən hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat məbləğində pul ödəyir. Bundan əlavə, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablama aparılmaqla 1.500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən o, hər ay 100 manat məbləğində kredit ödəyir. Onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə xx.xx.2023-cü il tarixədək hər ay 156 manat məbləğində kredit ödəyir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və iddiaya qarşı yazılı etirazı müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, 2016-cı illə müqayisədə cavabdehin maddi vəziyyəti daha da pisləşmiş, kirayə, kredit, təhsillə bağlı xidmət müqavilələri üzrə öhdəlikləri yaranmış, habelə özünün və həyat yoldaşının səhhətində olan problemlərin aradan qaldırılması, o cümlədən müalicə ilə bağlı xərcləri artmış, təqaüdə çıxması səbəbindən hər ay aldığı əmək haqqı daha az məbləğdə pensiya məbləği ilə əvəzləşdirilmişdir. Bütün bunlar hər ay ondan tutulan aliment məbləğinin artırılmasını qeyri-mümkün edir. Əksinə azaldılmasını zəruri edir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi təmin edilsə də, iddiaçı buna şərait yratmadığından həmin qətnamənin icrası mümkün olmamışdır. Məhz bu səbəbdən cavabdeh ailəsi ilə birlikdə kirayə mənzil tutmaq məcburiyyətində qalmışdır. Başqa sözlə, iddiaçı özü də cavabdehin xərclərinin artmasına səbəb olan hərəkətlərə yol vermişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh anasıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9376/2016 saylı qətnaməsi ilə iddiaçının saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, cavabdehdən iddiaçının xeyrinə hər ya 30 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı həmin aliment məbləğinin ən cüzi ehtiyacların ödənilməsi üçün kifayət etmədiyini, bu səbəbdən bu məbləğin artırılmasını tələb etdiyini, hazırda tək yaşadığını, heç bir yerdə işləmədiyini, yalnız hər ay yaşa görə əmək pensiyası və müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət aldığını, bir çox xəstəlikdən əziyyət cəkdiyini, müayinə və müalicəsinə pul tələb edildiyini bildirir və iddianın təmin edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, 2016-cı illə müqayisədə maddi vəziyyətinin daha da pisləşdiyini, kirayə, kredit, təhsillə bağlı xidmət müqavilələri üzrə öhdəliklərinin yarandığını, habelə özünün və həyat yoldaşının səhhətində olan problemlərin aradan qaldırılması, o cümlədən müalicə ilə bağlı xərclərin artdığını, təqaüdə çıxması səbəbindən hər ay aldığı əmək haqqı daha az məbləğdə pensiya məbləği ilə əvəzləşdirildiyini, iddiaçının isə mülkiyyətində mənzilin olduğunu, kirayə haqqı ödəmədiyini, hər ay pensiya, müavinət və aliment, cəmi 500 manata yaxın pul aldığını, iddiaçının ondan başqa digər iki uşağının da olduğunu, onların gəlirinin olmasına baxmayaraq, onlardan aliment tələb edilmədiyini, bu halların mövcud olmasının hər ay ondan tutulan aliment məbləğinin artırılmasını qeyri-mümkün etdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V bəndinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar; 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur; 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir; 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin, qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ailə qanunvericiliyinin yuxarıda göstərilən müddəalarını, habelə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulan zaman cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı olmaqla müntəzəm aylıq gəlirə malik olmuş və hər ay əmək haqqı almışdır. Lakin 2020-2022-ci illər ərzində onun kirayə, kredit, təhsillə bağlı xidmət müqavilələri üzrə öhdəlikləri yaranmış, təqaüdə çıxması səbəbindən hər ay aldığı əmək haqqı daha az məbləğdə pensiya məbləği ilə əvəzləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə cavabdeh ordu sıralarından ehtiyata buraxılmış və hazırda əvvəllər aldığı əmək haqqıdan daha az məbləğdə pensiya alır. Onun bu məbləğdən başqa hər hansı başqa gəlir əldə etməsi müəyyən edilmir. Aralarında bağlanmış kredit müqavilələrinə əsasən o, hər ay xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-yə 156,93 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə 100,05 manat məbləğində ödəniş etmək öhdəliyi daşıyır. Hər bir halda onun kredit öhdəliklərinin yaranmasının əsasında maddi ehtiyac durur. X1 adlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən isə iddiaçı öz ailəsi, yəni arvadı X6, uşaqları xx.xx.2004-cü il təvəllüdlü X14 və xx.xx.2007-ci il təvəllüdlü X10 ilə birlikdə hazırda yaşadığı mənzilə görə hər ay 300 manat kirayə haqqı ödəyidir. Onun mülkiyyətində hər hansı əmlakın olduğu da müəyyən edilmir. Cavabdehin arvadı ilə “Yeni şəfəq” kursu arasında 2021-ci ilin sentyabr ayında bağlanmış müqavilələrə əsasən X8 və X7 tədris xidməti haqqı qismində hər ay müvafiq olaraq 130 manat və 160 manat məbləğində pul ödənilir. Tədris xidmətinin göstərilməsi ilə bağlı müqavilələr cavabdehin arvadı ilə bağlansa da, onun əmək münasibətlərində olmaması və bu baxımdan hər hansı gəlir əldə etməməsi səbəbindən bu məsələ ilə bağlı xərclər də cavabdeh tərəfindən (ümumi ailə büdcəsi hesabına) qarşılanır. Cavabdehin arvadının müalicəsi ilə bağlı vəsaitlər də eyni qaydada ödənilir (2018-ci ildə aparılmış rentgen müayinə zamanı cavabdehin arvadının sol bazu çiyin sümüyünün konturlarının hamar və strukturalı olduğu, onda impingement - qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən sindromun əlamətlərinin izlənildiyi qeyd edilmişdir). Digər tərəfdən 2016-cı ildə cavabdehin uşaqlarının müvafiq olaraq 12 və 9 yaşı olmuşdur. Bu baxımdan uşaqların saxlanılması (ehtiyacları və tələbatları dəyişmiş, xərcləri artmışdır) üçün hazırda çəkilən xərclər həmin vaxtla müqayisədə xeyli artmışdır. Tədrislə bağlı müqavilənin bağlanması da buna əyani sübutdur. Məhz bu halların mövcudluğu cavabdehin ən azı 2020-2022-ci illər ərzində xərclərinin artması və bu baxımdan onun maddi vəziyyətinin ağırlaşmasına doğru dəyişməsi qənaətinə gəlməyə imkan verir. İddiaçı isə həm hər ay yaşa görə əmək pensiyası, həm müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət, həm də 30 manat məbləğində aliment alır. Nəticədə iddiaçı hər ay ölkə üzrə 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumundan (210 manat) təxminən iki dəfə artıq məbləğ əldə edir. Cavabdehdən fərqli olaraq iddiaçı öz mülkiyyətində olan mənzildə yaşayır və hər ay kirayə haqqı ödəmək məcburiyyətində deyil. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh və onun ailə üzvlərinin iddiaçının mülkiyyətində olan həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdehin həmin mənzildə öz iradəsinə uyğun olaraq yaşamaması, yəni orada yaşamaqdan imtina etməsi müəyyən edilmir. Hər bir halda, cavabdeh ailəsi ilə birlikdə həmin mənzilə köçürüldüyü və orada yaşadığı təqdirdə hər ay ödəməli olduğu kirayə haqqının ödənişindən azad olur. Onların bir yerdə yaşaması nəticəsində iddiaçının da hazırda qarşılamalı olduğu bir sıra xərclərdən (məsələn, ərzaq, kommunal xərclər və sair) azad olunmasını real edir. Məhkəmə, o halı da nəzərə alır ki, iddiaçının cavabdehdən başqa daha iki uşağı var. Lakin iddiaçı onlardan hər hansı məbləğdə aliment tələb etmir və heç vaxt tələb etməmişdir. Əksinə iddiaçı onların özlərini dolandırmaq üçün vəsaitin çətinliklə əldə etdiyini bildirir. Halbuki, iddiaçının maddi yardıma ehtiyacının olduğu müəyyən edildiyi halda onlar da onun saxlanılmasında iştirak etmək vəzifəsi daşıyır. Digər tərəfdən tutulmuş alimentin 30 manat məbləğində olmasına baxmayaraq, ötən 6 il ərzində iddiaçı bu məbləğin artırılmasını tələb etməmişdir. Bu da bilavasitə onun buna ehtiyacının olmaması qənaətinə gəlməyə əsas verir. Onun bu il maddi imkanının həmin illərə münasibətdə pisləşməsi halı da müəyyən edilmir Bununla belə, 2016-cı ildə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra ötən dövr, xüsusilə də 2020- 2022-ci illər ərzində xərclər baxımından cavabdehin həm ailə, həm də maddi vəziyyəti ağırlaşmış ki, yaxşılaşmamışdır. Belə olan halda, müəyyən edilmiş aliment məbləğinin artırılması üçün hər hansı əsas yaranmış olmur. Bu səbəbdən məhkəmə iddianı əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2294/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2294/2022
29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver