Məhkəmə qərarları › İş №2(001)-2303/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2303/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2303/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(001)-1416/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş, uşağın ananın yanında qalması və 2011-ci il təvəllüdlü oğulları Ayxan Paşayevin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Halhazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə qeyd olunmuş 200 manat sabit pul məbləğində aliment uşağın tələbatını ödəmir. Bundan əlavə, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024cü il üçün hər uşaq üçün 235 manat müəyyən olunmuşdur. Uşağın bütün ehtiyaclarını tamamilə o, ödəyir. Uşağın həm tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çətindir. Buna görə də, o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tutulan 200 manat aliment məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı övladı 09 may 2011-ci il təvəllüdlü X4 onurğasında əyrilik olduğunu və ürək xəstəliyindən əziyyət çəkdiyini, həmçinin Ana dili, riyaziyyat və ingilis dili fənlərindən hazırlığa getdiyini və bununla da tələbatlarının artmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, maddi imkanın olmamasını, sürücü vəzifəsində işləməsini və aylıq vəzifə maaşının 345 manat olmasını, hazırda ödədiyi 200 manat məbləğində alimentin ödənilməsində çətinlik çəkdiyini, həmçinin yeni ailə qurmasını əsas gətirməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1416/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, X6 ilə Cavabdeh arasında 03 avqust 2010-cu il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1064 nömrə ilə qeydə alınmış nikahın pozulması, 09 may 2011-ci il təvəllüdlü X5 X1 yanında qalmasının müəyyən edilməsi, 09 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 734919 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 may 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 25 yanvar 2024-cü il tarixli, MŞB/6-00028 saylı arayışdan görünür ki, 19 yanvar 2024-cü il tarixdə, saat 16:00-da Bakı 6 saylı Mediasiya təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan xəstənin ambulator, starionar tibbi kartasından çıxarışdan görünür ki, 09 may 2011-ci il təvəllüdlü X7 2 tərəfli seqmentor pnevmaniya, xroniki tonzilit, adenoid və enterobioz diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh hazırda sürücü vəzifəsində işləyir və aylıq əmək haqqısı 345 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı hazırda "xxxx" MMC-də feldşer vəzifəsində işləyir və aylıq əmək haqqısı 545.43 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan, həmçinin tərəflərin birgə nikahlarından olan övladlarının xəstəliyi ilə əlaqədar davamlı müayinə və müalicəyə ehtiyacı olduğundan iddia tələbi təmin edilməli və Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1416/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsinə əsasən 09 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin aylıq əmək haqqısının az olması özü-özlüyündə cavabdehin bir ata kimi alimentin ödənilməsi, uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının (təhsil və əlavə xərclərinin) qarşılanmasında iştirak vəzifəsindən azad etmir və məhkəmə aliment məbləğini dəyişdirərkən (artırarkən) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1416/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin də məhz həmin dövr üçün yaşayış minimumu haqqında qanuna əsaslanmaqla qəbul edilməsini də nəzərə almışdır. Bununla yanaşı qeyd edilməlidir ki, alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1416/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsinə əsasən 09 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Məmmədova (Paşayeva) Nuriyyə Vahid qızının xeyrinə tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar