Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2313/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1567/2022 saylı, xx.xx.2022-ci İl tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği çox azdır. Uşağın qida, geyim, məktəb, təhsil və s. kimi zəruri xərcləri nəzərə alınsa, bu aşkar şəkildə görünür. Alimentin aşağı olması səbəbindən uşağın maddi tələbatlarının təmin edilməsində bir sıra çətinliklər yaranmışdır. Uşağı azyaşlı olduğu üçün iddiaçı işləyə bilmir. Məhkəmə tərəfindən aliment müəyyən olunduğu vaxtdan kifayət qədər vaxt keçir ki, bu müddətdə uşaq böyümüş, təbii ki, onun ehtiyacları da artmışdır. Bu baxımdan uşaq üçün uşaq ləvazimatları, yaxşı paltar, habelə müvafiq kalorili qidalanma lazımdır. Həmçinin uşaq xəstə olduğu üçün mütəmadi müalicə alır ki, bu da əlavə xərc tələb edir. Cavabdeh onun üzərinə qoyulmuş alimenti vaxtı-vaxtında, heç bir gecikdirmə etmədən ödəyir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh heç vaxt alimenti ödəməkdən imtina etməmiş, məhkəmə qətnaməsində qeyd edilən alimenti ödəməyə borcludur və ödəyir. Cavabdeh hal-hazırda "Çinar Trans” Məhdud Məsuliyyətli Cəmiyyətində dispeçer vəzifəsində çalışır və əmək haqqı 350 manat təşkil edir. İddiaçı xx.xx.1993-cü il təvəllüdlü X6 ilə nikaha daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin qismən təmin edilməsini, alimentin cəmi 50 manat artırılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ikinci dəfə ailə qurub və bu yaxında həmin nikahdan da uşağı olacaq. Hal-hazırda o, iki uşaq üçün cəmi 300 manat aliment ödəyir, ondan 100 manat əmək haqqından tutulur, 350 manatdan artıq ödəmək iqtidarında deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1567/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş; xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 yanvar 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də dispetçer vəzifəsində işləyir və əmək haqqı 350 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı qoruyaraq və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1567/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1567/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2313/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2313/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver