Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2313/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il, 2(001)-6495/2018 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutulan 154 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manatdan 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladları doöulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə nikah münasibətləri pozulmuşdur. Nəticədə nikahın pozulması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə xx.xx.2014-cu il tarixli nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsinə verilmiş, uşağın saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il, 2(001)-6495/2018 nömrəli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-2912/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində müəyyən olunmuş 154 manat aliment artıq uşağın aylıq yaşayış minimumunu təmin etmir. Uşağın normal, sağlam böyüməsi, tərbiyəsi ilə o, tək məşöul olur. Baxmayaraq ki, bu vəzifə bir valideyn kimi cavabdehin də üzərinə düşür. Cavabdeh uşağa könüllü olaraq başqa heç bir maddi yardım göstərmir. Bu səbəbdən, o, məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, icraatda olan mülki iş, iş materialları ilə birlikdə aidiyyəti üzrə onun qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Hazırda isə onun qeydiyyat Gəncə şəhərində olduğuna görə icraatda olan alimentin artırılması tələbinə dair mülki işin aiddiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2912/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Həmzəyeva (Hüseynova) Lalə Akif qızı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 260 saylı qeydlə qeydə alınmış nikahlarının pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X2 anası Həmzəyeva (Hüseynova) Lalə Akif qızının himayəsində saxlanılması, Cavabdeh tərəflərin birgə nikahından olan övladları xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat sabit pul şəklindı alimentin tutularaq iddiaçı Həmzəyeva (Hüseynova) Lalə Akif qızına ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6495/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2912/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətin Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin 1501 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 14-də yaşayır. AZ-İİİ seriyalı 511662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə Həmzəyeva (Hüseynova) Lalə Akif qızıdır. AZ-İ seriyalı 238010 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X5 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 174 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Hüseynova” soyadı verilmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də aparıcı mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1641,14 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6495/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək 154 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6495/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6495/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan 154 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğin 30 (otuz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2313/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2313/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver