Məhkəmə qərarları › İş №2(001)-2328/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2328/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2328/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5536/2019 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 160 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Yetkinlik yaşına çatmayanların saxlanması üçün yaşayış minimumu artdığından övladının saxlanması üçün təyin olunan alimentin miqdarı da artırılmalıdır. Ona görə də, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin olunan alimentin miqdarının artırılaraq hər ay 220 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, yaşayış minimumunun artıb 220 manat olduğunu eşitdikdən sonra o, ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, 160 manatla uşağın gündəlik və təhsil xərclərini qarşılamaqda çətinlik çəkir. Onun aylıq əmək haqqı 446 manat təşkil edir. 2019-cu ildən təyin olunan hər ay 160 manat alimentlə bağlı cavabdehin borcu yoxdur. Cavabdehin qazancı və digər gəlirləri haqqında onun məlumatı yoxdur. Övladının bütün xəstəxana və müalicə xərcləri onun üzərindədir. Ona görə də, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin olunan alimentin miqdarının artırılaraq hər ay 220 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 480 manat əmək haqqı alır, ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan üç övladı vardır. Qızı Mehri ilə ünsiyyətində heç bir problem yoxdur. Qızı ilə görüşərkən ona alimentdən əlavə köməklik edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5536/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-5498/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 160 sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Elektron sistem üzrə gəlir məlumatları çıxarışından müəyyən olunur ki, Cavabdeh İdeal Motors MMC-də avtomobillərin təmiri üzrə çilingər vəzifəsində işləməklə aylıq əmək haqqı 480 manat təşkil edir. Elektron sistem üzrə gəlir məlumatları çıxarışından müəyyən olunur ki, İddiaçı Ə.D.Məlikov adına X13 publik hüquqi şəxsində peşəkar tibb bacısı vəzifəsində işləməklə aylıq əmək haqqı 538 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ № 047303 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1058 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Dəmirova soyadı verilmişdir. Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 592048 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4506 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r. Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 592047 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4505 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r. Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 953872 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3722 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanın saxlanması üçün təyin olunan alimentin artırlmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas yaşayış minimumu həddinin artması deyil, aliment ödəyən şəxsin, yəni cavabdehin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə araşdırması zamanı tədiqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının himayəsində yaşayan uşağın saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5536/2019 saylı qətnaməsinə əsasən 160 manat aliment müəyyən edilmiş, alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət edən iddiaçı ikinci nikahından üç övladı olan cavabdehin maddi vəziyyətinin artması ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməməklə iddia tələbində istinad edilən halı sübuta yetirə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına, yaxşılaşmasına dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, himayəsində ikinci nikahından üç övladı olan cavabdehin hər ay təyin olunan ailmenti iddiaçıya vaxtlı-vaxtında ödəiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar