Məhkəmə qərarları › İş №2(001)-2333/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2333/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2333/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, X3 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə, daha sonra Azərbaycan Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixli 013-EMB-0422-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 1.830 manat əsas borc və ərizəyə görə ödənilmiş 30,4 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1.860,4 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 18 ay müddətinə 2.500 manat məbləğində kredit verilmiş və bununla bağlı tərəflər arasında xx xxxx 2020-ci il tarixli, 013- EMB-0422-20 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1 -ci bəndinə əsasən “Borcalan” tərəfindən Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxxxxxxx 2020-ci il tarixli 11357/19 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində onu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci tarixli, 013-EMB-0422-20 saylı müqavilənin 1-ci bəndinə əsasən borcverən borcalana “xxxx” MMC-nin istehsal etdiyi mebelleri almaq məqsədi ilə 18 ay müddətinə illik 0% (annuitet qaydasında) hesablanmaqla 2.500 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən alınmış yataq dəsti 010 xxxx/180571 Tifanny dəst 1 ədəd, yumşaq dəst 010 xxxx/189025 solo künc 1 ədəd borcverənin xeyrinə girov qoyulur. xx xxxx 2020-ci il tarixli, 013-EMB-0422-20 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh 18 ay müddətinə aylıq 139 manat, sonuncu ay isə 137 manat olmaqla iddiaçıya ödəniş etməlidir. X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borclu Cavabdeh ünvanlanan son xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh BOKT-a olan borcunu 5 gün ərzində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2020-ci tarixli, 013-EMB-0422-20 saylı müqaviləsi üzrə 1.830 manat əsas borcu borcu var. xx xxxxxx 2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuş, nəticədə xx xxxx 2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx xxxx 2020-ci tarixli, 013-EMB- 0422-20 saylı müqavilə üzrə 1.830 manat əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci tarixli, 013-EMB-0422-20 saylı müqavilə ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh əsas məbləğ üzrə 1.830 manat, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 manat məbləğində xidmət haqqı X3 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci tarixli, 013-EMB-0422-20 saylı müqavilə ləğv edilsin, həmin müqavilə üzrə Cavabdeh əsas məbləğ üzrə 1.830 (bir min səkkiz yüz otuz) manat, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı X3 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar