Məhkəmə qərarları › İş №2(001)-2344/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2344/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2344/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5 avqust 2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4463,74 manat, faiz borcuna görə 26,72 manat, dəbbə borcuna görə 0 manat, cəmi 4490,46 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.08.2019-cu il tarixli, SHNPU- 11841_KMP saylı kredit müqaviləsi üzrə əsas borca 4195,14 manat, faiz borcuna görə 4,8 manat olmqla, borcun cəmi məbləği 4199,94 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh1 arasında bağlanmış 5 avqust 2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 4463,74 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 5 avqust 2019cu il tarixdə İddiaçı ASC-nin Sahil filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 5 avqust 2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 5 avqust 2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 5 avqust 2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dən gec olmayaraq hər ay 76,31 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2019-cu il tarixli, SHNPU- 11841_KMP saylı kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, Bank Cavabdeh1 oğluna illik 1% olmaqla, 60 ay müddətinə, aylıq ödəniş 94,9 manat olmaqla, 4463,74 manat kredit verməyi, Cavabdeh1 oğlu isə kredit müqaviləsi üzrə verilmiş krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti ödəməyi barədə öhdəlik götürmüşdür. İlk ödəniş tarixi 05.09.2019-cu il, sonuncu ödəniş tarixi 05.08.2024-cü il olaraq müəyyən edilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh1 oğlu ilə Cavabdeh2 arasında bağlanan 05.08.2019-cu-ci il tarixli SHNPU-11841_KMP saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 oğlu ilə bank arasında bağlanmış 05.08.2019-cu il tarixli SHNPU-11841_KMP saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə qeyd edilmiş kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşıyır. İddiaçı ASC-nin 27 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun 05 avqust 2019-cu il tarixli SHNPU-11841_KMP saylı kredit müqaviləsi üzrə 26 yanvar 2021-ci il tarixə əsas borc üzrə 4463,74 manat, faiz borcu üzrə 26,72 manat, cəmi 0 manat borcu vardır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 iş günü müddətindən ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir; 12.02.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanan 05.08.2019-cu il tarixli SHNPU-11841_KMP saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 oğluna 60 ay müddətinə, illik 1% olmaqla, 4463,74 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 oğlu İddiaçı ASC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Ödəniş qrafikinə əsasən borcalan aylıq 94,9 manat, sonuncu ay isə 95,24 manat ödəniş etməyi öhdəlik götürmüşdür. Cavabdeh2 05 avqust 2019-cu il tarixli SHNPU-11841_KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün bank qarşısında zamin durmuşdur. Lakin borcalan qrafik üzrə öhdəliyini lazimi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi bankla borcalan arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında mövcud olmuş 26.11.2015 tarixli, SHNPU-1184_RES saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə 05.08.2019-cu il tarixdə yeni güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmışdır. Həmin şərtlərə görə restrukturizasiya olunmalı olan məbləğ 4463.74 manat müəyyən edilmiş, illik bir faizlə və birinci il yalnız faizlər ödənilməli olması müəyyən edilmişdir. Lakin borcalan müqavilə şərtlərini pozmuş və öhdəliyini lazimi qaydada icra etməmişdir. İddianın məhkəməyə verildiyi vaxtdan sonra borcalan tərəfindən 31 mart 2020-ci il tarixdə 177.3 və 91.3 manat ödəniş etmişdir. Bu günki günə borcalanın faktiki olaraq əsas borc üzrə 4195.14 manat, faiz borcu üzrə isə 4.8 manat borcu vardır. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 oğlunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05.08.2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 və Cavabdeh2 müştərək qaydada 4195,14 manat əsas borc, 4,8 manat faiz borcu olmaqla, ümumilikdə 4199,94 manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05.08.2019-cu il tarixli, SHNPU-11841_KMP saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4195,14 (dörd min yüz doxsan beş manat, on dörd) manat əsas borc, 4,8 (dörd manat, səksən qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4199,94 (dörd min yüz doxsan doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar