Məhkəmə qərarları › İş №2(001)-2365/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2365/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2365/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi və yalnışlığın düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 176,29 Avro məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin “əsassız varlanma”ya dair 1091.1-ci və 1092.1-ci maddələrinə istinadən belə əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 26.04.2018-ci il tarixli “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən onun adına Plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Həmin müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft – kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilmiş və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bugünədək öhdəliyi icra etməyərək müqavilənin 3.3.6-cı bəndini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 07 yanvar 2020-ci il tarixinə cavabdehin “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən yaranmış overdraft üzrə 176.29 Avro məbləğində borcu yaranmışdır. “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləsinin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri Banka ödənilməsini öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından aydın olur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“Bank”) ilə Cavabdeh (“Kart sahibi”) arasında 26 aprel 2018-ci il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilədə bank tərəfindən buraxılan (istehsal edilən) Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə (Azərbaycan Respublikasının hüdudlarından kənarda) istifadə edilə bilən plastik kartlarının Kart sahibi verilməsi nəzərdə tutulmuşdur. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 07.01.2021-ci il tarixli Əsassız varlanmanı əks etdirən Arayışına əsasən, Kart sahibi tərəfindən hüquqi əsas olmadan hesabdan çıxarılan məbləğlər: 18.03.2019-cu il tarixdə 42,68 Avro, 28.03.2019-cu il tarixdə 42,70 Avro və yenə 28.03.2019-cu il tarixdə 42,70 Avro olmaqla cəmi 128,08 Avro təşkil edir; Arayışdan həmçinin görünür ki, Bank tərəfindən həmin məbləğə ümumilikdə 48.21 Avro faiz hesablanmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia tələbinə görə, cavabdehə verilən plastik kart üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılmalı olduğu halda, cavabdeh tərəfindən texniki ploblem səbəbindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilmiş (07.01.2021-ci il tarixli Əsassız varlanmanı əks etdirən arayışa əsasən, cəmi 128,08 Avro), lakin həmin məbləğ (o cümlədən ona hesablanmış faizlər) vaxtında banka qaytarılmamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu mənada məhkəmə hesab edir ki, Bankın irəli sürdüyü iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları təşkil etməkdədir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Nəzərə almalıdır ki, 07.01.2021-ci il tarixli Əsassız varlanmanı əks etdirən Arayışı ilə cavabdeh (kart sahibi) tərəfindən hüquqi əsas olmadan hesabdan 18.03.2019-cu il tarixdə 42,68 Avro, 28.03.2019-cu il tarixdə 42,70 Avro və yenə 28.03.2019-cu il tarixdə 42,70 Avro olmaqla cəmi 128,08 Avro məbləğinin çıxarılmış olduğu müəyyən edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə iddianın həmin məbləğə münasibətdə əsaslı olduğu qənaətinə gəlir. Həmçinin, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bununla belə məhkəmə, həmin məbləğə hesablanmış 48.21 Avro faiz məbləğinin cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Digər tərəfdən yuxarıda da göstərildiyi kimi, iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları təşkil edir, əsassız varlanma çərçivəsində tutulan məbləğə faizlərin hesablanması isə qanunvericiliyin mənasına uyğun deyildir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh hüquqi əsas olmadan hesabdan çıxarmış olduğu 128,08 Avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar